Makron son vaqona özünü çatdırdı: Alqışlayırıq

Makron son vaqona özünü çatdırdı: Alqışlayırıq Brüssel şəhərində Şərq Tərəfdaşlığının 6-cı Zirvə Toplantısı keçirildi. Tədbirin yekununda birgə bəyannamə qəbul edildi. Bəyannamədə Azərbaycan üçün əhəmiyyət kəsb edən bir sıra məsələlər əks olundu, o cümlədən Aİ bütün tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəklədi, Azərbaycan-Aİ yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar alqışlandı, Aİ-yə qaz təchizatı mənbələri və marşrutlarının şaxələndirilməsinə verdiyi töhfə baxımından Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşdırılması alqışlandı...

Bəs biz hansı qənaətə gəldik: İlk növbədə belə bir qənaətə ki: “Qərb Azərbaycana xoxan gözü ilə baxır” tipli şişirtmələr yanlışdır. Söz ayrı, göz ayrı. Azərbaycanın yeri, çəkisi göz qabağındadır. Hətta Fransa Prezidenti Makron belə Azərbaycan-Qərb qatarının sonuncu vaqonuna qaçıb minmək şansını qaçırmaq istəmir. Alqışlayırıq!

Ötən görüşümüzdə biz onun ermənicə yazdığı statusu qınamışdıq, Makronun bu dəfə Azərbaycan dilində status paylaşmasını isə təqdir edirik. Müsyö Jordanı həmişə lağa qoymayacıyıq ki...
Burda qeyd edim ki, Nikol Paşinyan hökumət iclasında Azərbaycandan Naxçıvana Mehri üzərindən dəmir yolu çəkiləcəyini bəyan edib. Deyib ki, bu barədə razılıq onun Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə təsdiqlənib. O vurğulayıb ki, bu yol "beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qanunları əsasında fəaliyyət göstərəcək" və Ermənistan bu dəmir yolu ilə İran və Rusiyaya, Azərbaycan isə Naxçıvana çıxış əldə edəcək.

Paşinyanın razılaşmağa məcbur olduğu, Azərbaycanın Zəngəzur adlandırdığı dəhliz budur! İlham Əliyev necə demişdi?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.

Maraqlı bilirsiz nədir? İlham Əliyev bir dəfə deyir, sonra isə hər dəfə təsdiq edir və icra edir. Paşinyan isə əvvəlcə deyir, hər dəfə özünü təkzib edir və sonda İlham Əliyevin dediyini icra edir.

Beləliklə, Əliyev Brüsseldə Zəngəzur dəhlizinin gələcəyi ilə Laçın dəhlizinin aqibətini qarşılaşdırmaqla Ermənistan və Azərbaycan münasibətlərində yeni tarixi reallığı nümayiş etdirdi.

Yəni hər şey çox aydındır. Əgər Ermənistan Azərbaycandan eksteritoriallıq istəyirsə, Azərbaycan da Ermənistandan eksteritoriallıq istəyəcək. Sən Zəngəzur dəhlizində gömrük postu qoymaq istəyəcəksənsə, Azərbaycan da Laçın dəhlizində bunu edəcək! Amma başqa cür də ola bilər. Biz Laçında onsuz da gömrük postu qoya bilərik. Necə ki, Gorus-Qafan yolunda artıq bu postlar var!

Elə burdaca, mənə görə yerinə düşən, Prezidentin köməkçisi Hikmət Hacıyevin belə bir ifadəsini sitat gətirmək istəyirəm: Azərbaycan Yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışır. Sərrast deyilib! Və bunu Azərbaycan Avropa ədalətinin tez-tez səndələyən, ayağı sürüşkən qanunlarının, qaydalarınını müşayiəti ilə edir. İndi bağır basan, qucaq açan, əl uzadan Avropa məkanından ünvanımıza nə qədər ədalətsizliklər gördüyümüzü də unutmayaq. Ən uğurlu, ən qürurlu günlərimizdə məhz Avropadan, onun mütəşəkkil erməni güclərinin təzyiqi və təşviqi ilə Azərbaycana qarşı aparılan qarayaxma kompaniyalarını da unutmayaq. Bu gün qalib Azərbaycanın yaratdığı reallıqlarla barışmalı olan Qərb institutları məscidlərimizin minarələrinə donuz gözləri ilə baxırdılar. Və mən İlham Əliyevin “Qarabağ” futbol klubunun üzvlərini Brüssel səfərindən əvvəl qəbul etməsini qətiyyən təsadüf hesab etmirəm. Brüssel səfəri ərəfəsində bu sözlər deyilməliydi. Avropa ədaləti dırnaqdan çıxmalıdır!

Mirşahin

Oxşar xəbərlər