Müstəqillik yolu qədər çətin yol yoxdur (H.Əliyev)

Müstəqillik yolu qədər çətin yol yoxdur  (H.Əliyev) Azərbaycan xalqı öz tarixinin müxtəlif dönəmlərində azadlıq amalına sadiq olduğunu nümayiş etdirmiş, öz müstəqilliyini və qürurunu müdafiə etmişdir. XIX əsrin ilk yarısında çar Rusiyasının istibdad rejimini daşımağa vadar olduğumuz dönəmdə də,ötən əsrin əvvəllərində də xalqımız bu mənfur boyunduruğu sındırmağa dəfələrlə cəhd göstərib və nəhayətdə 1918-ci ilin mayında bu ulu istəyə yetişmişdir. O zaman çoxminillik tariximizin şərəfli kökləri üzərində pərvəriş tapan Azərbaycan Xalq Cümhuriyyəti çağdaş tariximizdə silinməz izlər buraxdı,dövlətçiliyimiz bərpa olunması ilə yanaşı dövlətçilik institunun yaradılmasının bir çox mərhələləri keçildi, milli və dövlət atributları qəbul edildi, ali məclisə-ölkə parlamentinə seçkilər keçirildi, şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququ verildi,universitet açıldı və s... Bu misilsiz dəyişikliklərin memarlarından olan M.Rəsulzadənin dediyi kimi:” Heç nə olmasa da,xalqa istiqlal duyğusu dadızdırıldı”.

Əfsuslar olsun ki, bu müstəqilliyimiz o zaman uzun sürmədi, 23 aydan sonra Sovet Rusiyası tərəfindən tarixin dibsiz zülmətinə gömüldü. Əslində işğalçının özü yox, cildi dəyişmişdi. Yeni bolşevik rejimi öz fəaliyyətinin əsas məqsədlərini və niyyətitlərini xalqdan gizlətməyi ilə hamıdan fərqlənirdi. Bu rejim bütün dünyaya xalqlar dostluğunu və azad cəmiyyəti tərənnüm etdiyini söyləsə də, əslində tabeliyində saxladığı xalqlar barəsində ayrı-seçkilik siyasəti yürüdürdü. Zaman-zaman kommunist rəhbərlər erməni separatizmini qızışdırmış, Azərbaycanın daim təhdid altında saxlanmasına səy göstərmişdir.Məhz bu rejim milli sərvətlərimizi talamaqla yanaşı bizi qərbi Azərbaycandakı doğma torpaqlarımızdan didərgin saldı, 1948-53-cü illərdə və 1988-1991-ci illərdə...

Milli zülmə məruz qalmış xalqlar barəsində “parçala, hökmranlıq sür” siyasəti yürüdən sovet elitası ötən əsrin 80-ci illərinin II yarısında erməni məkrinə rəvac verdi. Azərbaycan xalqı uzun illər imperiya bunkerində hazırlanmış ssenarinin dəhşətləri ilə üzbəüz qaldı.O zaman xalq meydanlara axışaraq,öz haqqını müdafiə etməyə, zülmə və ədalətsizliyə son qoymağa yönəlik bir mübarizənin tarixini yaratmağa başladı.Dünyanın aparıcı demokratik təsisatlarının nəzəri Azərbaycana dikildi. Yüz minlərlə vətənpərvər insanın toplaşdığı Meydan hərəkatı xalqı birləşdirdi. Özü də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı altında...

Meydan hərəkatı həm də şüurlara güclü təsir etdi, milli oyanışı sürətləndirdi. Artıq imperiya qulbeçələri anladı ki, bu xalqla oyun oynamaq olmaz.

Xalqın milli azadlıq hərəkatı fonunda 1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti “Azərbaycan SSR-nin suverenliyi haqqında Konstitusiya Qanununu qəbul

etməyə vadar oldu. Bu qanuna görə respublikada qəbul edilən qanunlar ittifaq qanunlarından üstün hesab edilirdi. Bu sənəd o zaman SSRİ ərazisində demokratik hərəkatın ən böyük uğuru demək idi.

Lakin Kremlin qalın sirli divarları arxasında xalqımıza qarşı qəsdin torları toxunurdu. Bir tərəfdən erməni hökuməti dinc sakinlərimizin yaşadığı ərazilərə hücumlar təşkil edir, digər tərəfdən öz vətəndaşlarının təhlükəsizliyini təmin etməli olan dövlət orqanları xalqımızı təhlükəli oyuna sürükləyirdi. Nəticədə tariximizə yeni bir gün əlavə olundu-20 Yanvar...O zaman Ulu Öndər H.Əliyevin Azərbaycan SSR-nin Moskvadakı daimi nümayəndəliyindəki həyəcanlı çıxışı xalqın azadlıq arzusunun qarşısına sədd çəkənlərə tarixi sillə idi.

Qara Yanvar xalqa öz hüquqlarını qorumağın yeganə yolunun dövlət müstəqilliyini bərpa etməkdən keçdiyini dərk etdirdi. İmperiya zəncirindən qurtulmaq üçün mübarizə aparmaq və suveren dövlət qurmaq zəruri olmuşdu.Sovet rəhbərliyinin yarıtmaz siyasəti, Qarabağ münaqişəsində qərəzli mövqeyi, getdikcə ağırlaşan sosial durum müstəqillik ideyalarının güclənməsinə təkan verdi.

1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin xalqın tələbi ilə qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” bu yolda mühüm addım idi.

Nəhayət 1991-ci il oktyabrın 18-də yenə də xalqın təkidli tələbi əsasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Akta görə Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.Beləliklə xalqın mübarizəsi öz məntiqi nəticəsini tapdı.1 991-ci il dekabrın 29-da bütün respublika ərazisində keçirilən ümumxalq referendumu nəticəsində Azərbaycan xalqı dövlət müstəqilliyinə tərəfdar olduğunu rəsmi olaraq ifadə etdi.

Yaşasın azad Azərbaycan xalqı, var olsun müstəqilliyimiz!

Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin

tarix müəllimi Elxan İsmayılov


Oxşar xəbərlər