“Azərsu” ASC-nin stansiyasında yanğın: əhalinin səhhətində problemlər yarandı - RƏSMİ AÇIQLAMA

“Azərsu” ASC-nin stansiyasında yanğın: əhalinin səhhətində problemlər yarandı - RƏSMİ AÇIQLAMA 31 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində “Azərsu” ASC-yə məxsus Hövsan Aerasiya Stansiyasının ərazisində yanğın baş vermiş və yanğınla əlaqədar yerində araşdırma aparılmışdır.

Bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə məlumat yayıb.

Araşdırma zamanı sözügedən ərazidə (200 kv.metr sahədə) 3500 ədədə yaxın istifadəyə yararsız olduğu bildirilən su sayğacının utilizasiya məqsədilə saxlandığı və yanğın nəticəsində onların bir hissəsinin tamamilə yanaraq məhv olduğu, digər hissəsinin isə torpağa basdırıldığı müəyyən olunmuşdur.

Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, yanğın baş verən ərazidə yaşayan əhalinin səhhətində problemlər yaranmış və bu da haqlı narazılığa səbəb olmuşdur.

Aparılan ölçmələr zamanı müəyyən olmuşdur ki, yanma prosesi zamanı ətraf mühitə 2.192 manat məbləğində ziyan dəymişdir. Faktla əlaqədar inzibati qaydada akt tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə Stansiyanın rəisi Əbil Əbilov vəzifəli şəxs qismində 3.000 manat cərimə olunmuşdur.
Digər xüsusatlarla bağlı araşdırma davam etdirilir.

Oxşar xəbərlər