İyulun 8-də Daşkəsən rayonunda Vətən müharibəsi şəhidi, əsgər Bağırov Elnur Sahib oğlunun adına inşa edilən ehsan bulağının açılışı olub. Bulaq Daşkəsən rayon İcra hakimiyyətinin dəstəyi ilə şəhidin anası Bağırova Çiçək Ələddin qızı tərəfindən tikilib.
Açılış mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, şəhid ailələri, qazilər, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə bulağa gül dəstələri düzülüb və şəhidin əziz xatirəsi ehtiramla yad edilib.
Əhəd Abıyev mərasimdə çıxış edərək deyib: “Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq tarixi zəfərə imza atdı.
Hörmətli cənab Prezidentimiz İlham Əliyev müasir və müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişaf etdirilməsi sahəsində apardığı ardıcıl və məqsədyönlü siyasəti ölkəmizin və xalqımızın bütün manelərdən uğurla keçməsini təmin etmiş, böyük inkişafa nail olmağa tam şərait yaratmışdır. Bütün bunlar Prezidentimizin düşünülmüş siyasətinin və vaxtında atdığı addımların real nəticəsidir ki, qalib ölkəyik.
Prezidentimiz cənab İlham Əliyev bütün dünyaya sübut etdi ki, dahi siyasətçi, müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin layiqli varisi onun arzuladığı Qarabağı azad etdi və vəsiyyətini həyata keçirtdi. O həm də sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Ölkəmizin ərazi bütövlüyünü bərpa edən qalib dövlət Rəhbərimiz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı.
44 günlük Vətən Müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onlardan biri də şəhid Bağırov Elnur Sahib oğludur. Allah Elnur balamızı rəhmət eləsin, əziz ruhu şad olsun!
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin müqəddəs amalı bütöv Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Hər birimizin borcudur ki, bizə qələbə sevinci yaşadan şəhidlərimizi daim qəlbimizdə yaşadaq, onların analarının, valideynlərinin qarşısında baş əyək, xidmət göstərək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Allah Prezidentimizi qorusun, Prezidentimiz xalqımızı, dövlətimizi”.
Mərasimdə nitq söyləyən şəhid ata və anaları Çiçək Bağırova, Həmidə Abbasova, İlham Cabbarov, Zeynəb Cabbarova, Aybəniz Məmmədova, Etibar Cəfərov, Gunay Məmmədova, Rövşən Zeynalov, Kifayət Haxverdiyeva, Pəri Abbasova və Vətən müharibəsi qazisi Elvin Məmmədov Elnur Bağırovun qısa, şərəfli həyat yolundan, onun Vətən müharibəsində göstərdiyi igidliklərindən söz açıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhid valideynləri çıxışlarında həmçinin şəhid anası Sevda Şıxıyevanın onlara müxtəlif vədlər verib aldatmasını, Bakı şəhərində mətbuata verdiyi açıqlamalarda Daşkəsən
rayon İcra hakimiyyətinin başçısı barəsində yalan, böhtan xarakterli, əsassız iddialar irəli sürməsini qınayıblar, Sevda Şıxıyevanın Əhəd Abıyev tərəfindən döyülməsi ilə bağlı dediklərinin yalan, şər-böhtan olmasını deyiblər. Sevda Şıxıyevanın müxtəlif vədlərlə aldatdığı şəhid valideynələri qeyd ediblər ki, Sevda Şıxıyevanı bacısı oğlu dövlət çevrilişi ilə bağlı 13 il həbs cəzası çəkmiş Məmmədov Asif Rəcəb oğlu öyrədir, ona tapşırıqlar verir, xalasının şəhid anası adından istifadə edərək Əli İnsanovun yaratdığı Haqq və Ədalət Partiyasının Daşkəsən rayonunda təşkilatlanmasına çalışır. Partiyanın nəzərdə tutulan rayon təşkilatının sədri kimi Asif Məmmədova yeni “Niva” markalı maşın da verilib ki, əvəzində rayonda sabitliyi pozmaqla qarşıdurma yaratsın. Onların rayonda çirkin niyyətləri ifşa olunduğu üçün indi də şəhid anası Sevda Şıxıyeva vasitəsilə bu kimi yollara əl atırlar.
Məlumat üçün bildiririk ki, bu barədə Sevda Şıxıyevaya və onun bacısı oğlu Asif Məmmədova artıq xəbərdarlıq edilmiş, tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına məlumat verilmişdir.
Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Bağırov Elnur Sahib oğlu 1993-cü ildə Daşkəsən şəhərində doğulub. Elnur Bağırov Vətən müharibəsi başlayan gündən Murovdağ istiqamətində gedən döyüşlərdə igidlik göstərib. O, Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Elmar Əliyev – Vüqarlı Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini