Bakıda karantində saxlanılanlar etiraz etdi — TƏBİB məsələyə aydınlıq gətirdi - VİDEO

Bakıda karantində saxlanılanlar etiraz etdi — TƏBİB məsələyə aydınlıq gətirdi - VİDEO Atletlər kəndində karantində qalan şəxslər etiraz ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntülər paylaşılıb.

Görüntülərdə karantində qalan şəxslərin etiraz olaraq, binanın pəncərələrindən su ilə dolu qabları atması əks olunub.

Onlar iddia edirlər ki, karantində müddətdən artıq saxlanılırlar.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, iddialar əsassızdır.

Açıqlamada heç kimin karantində prosedur müddətindən artıq saxlanılmadığı qeyd olunub:
“Həmin şəxslər əsassız yerə etiraz edirlər. Bilirsiniz ki, Nazirlər Kabineti yanında operativ qərargahın bu məsələ ilə bağlı qərarı var. Qərara əsasən, karantin müddəti 14-21 gün müəyyən edilib. 14 gün bitəndə onların evə buraxılacağına dair söz verilməyib.

14 gün tamam olduqda və götürülən ikinci testin də cavabı neqativ çıxdıqda sənədləşdirmə proseduru başlayır. Həmin proses yekunlaşdıqdan və təsdiq edildikdən sonra karantin zonasının koordinatoru şəxsləri aidiyyəti üzrə evə buraxır.

Sadəcə, orada saxlanılan şəxslər karantin qaydalarına sona qədər riayət etmək istəmirlər”.

Qurumdan bildirilib ki, karantin qaydaları pozulmayıb, həmin şəxslərlə söhbət aparılıb və vəziyyət onlara izah olunub.


Oxşar xəbərlər