Azərbaycandan qanuni yolla NƏ QƏDƏR DOLLAR ÇIXARMAQ OLAR?

Azərbaycandan qanuni yolla NƏ QƏDƏR DOLLAR ÇIXARMAQ OLAR? Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ölkədən qanunsuz olaraq 100 min ABŞ dolları çıxarmaq istəyən şəxsi aşkar ediblər.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Bakı-İstanbul aviareysi ilə gedən vətəndaşdan şübhələnərək onu yoxlayıb və baqajın içərisindəki sellofan paketlərdə olan iki ədəd şalvar, gödəkcə və üç ədəd corabın içərisində, ümumilikdə 100 000 ABŞ dolları aşkarlayıblar. İndi məsələ ilə bağlı araşdırma aparılır.

Bəs Azərbaycandan qanuni yolla nə qədən valyuta çıxarmaq olar?

Fed.az DGK-ya istinadən yazır ki, yerli və xarici vətəndaşlar və şirkətlər ölkəyə istənilən qədər xarici valyuta gətirə bilərlər.

Eyni zamanda gömrük məntəqəsində şifahi bəyan etməklə Azərbaycandan 10 min ABŞ dolları ekvivalentinədək olan valyutanı nağd şəkildə çıxara bilərlər.
Əgər şəxs ölkədən 10-50 min dollar arasında valyuta çıxarırsa, onun əvvəllər Azərbaycana nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməlidir. Bundan sonra pulu ölkədən çıxarmaq olar.

Bütün digər hallarda, yəni 50 min dollardan artıq məbləğ də daxil olmaqla – xarici valyutanın ölkədən çıxarılması yalnız müvəkkil banklar və Azərpoçt vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

Oxşar xəbərlər