“Şəxsi həyatımı alt-üst etdi” – Firəngiz Mütəllimova

“Şəxsi həyatımı alt-üst etdi” – Firəngiz Mütəllimova “Anam istəmirdi ki, aktrisa olum. Atam da deyirdi ki, əvvəl Bəhər müəllimin qızı Firəngiz deyirdilər. İndi Firəngiz Mütəllimovanın atası Bəhər müəllim deyirlər. Bu, nədir? Mən şəhərə çıxa bilmirəm. Teatra gəldim ki, qalaq-qalaq məktublar var. Şan-şöhrət mənə çatmırdı”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova AzTV-də yayımlanan “Ağ və qara” layihəsində deyib:

“Bir həftənin içində həyatımda bomba partladı. Ancaq şəxsi həyatım darmadağın oldu. Bir günün şöhrəti həyatımı alt-üst etdi” deyə, o, “Səni axtarıram” tele-tamaşası haqda peşmanlığını dilə gətirib.

Sənətçi məşhurlaşandan sonra “Gülnar” obrazı ilə şəxsiyyət ikiləşməsi yaşadığını bildirib:

“Gülnar”ın həyatı ilə haradasa oxşarlığımız var. Bir oğlan hisslərini deyəndə, çaş-baş qalırdım ki, görəsən o, məni sevir, ya “Gülnar”ı? Bir həftənin içində insanlardan atom sürətilə ayrıldım. Heç nəyə inanmadım. Hətta həqiqi sevənlərə də”.



O, aparıcı-aktyor Kamran Ağabalayevin “Yenidən “Gülnar” obrazını canlandırardınız” sualına isə belə cavab verib:

“Gülnar”ın indiki halını oynaya bilərəm, amma ovaxtkı halını isə yox. İndiki ağlım olsaydı, “Gülnar”ı oynamazdım. Bilsəydim ki, başıma bunlar gələcək, əsla canlandırmazdım”.

Qeyd edək ki, sözügedən tele-tamaşa 1981-ci ildə yayımlanıb. F.Mütəllimova ekran işində mərhum Xalq artisti Yaşar Nuri ilə baş rolu canlandırıb.

Oxşar xəbərlər