Prezident İlham Əliyevin General Sərəncamları Azərbaycana nə verdi – təhlil

Prezident İlham Əliyevin General Sərəncamları Azərbaycana nə verdi – təhlil Dövlət başçısının son sərəncamlarının daha bir fəlsəfəsi də var: o, kimsəni cəzalandırmadan böyük bir siyasi tənlik həll etdi

20 iyun Azərbaycanın ictimai-siyasi və dövlət həyatında yeni dönəmin başlanğıcı sayıla bilər. Prezident İlham Əliyevin 4 generalla bağlı imzaladığı sərəncamlar təkcə güc strukturlarında rəhbər dəyişikliyi kimi anlaşılmamalıdır. Bu, ölkənin ictimai-siyasi atmosferini dəyişdi.

Ölkənin ən məlumatlı adamının növbəti gedişi

Prezident İlham Əliyev ölkəmizin və regionun ən məlumatlı şəxslərindəndir. Atdığı addımların əsas məntiqi məlumatlılıqdı. Onun ustalıqla qurduğu balanslı münasibətlər sistemi, idarəetmə aparatı və siyasəti bütün mərhələlərdə Azərbaycanı qoruyub və qorumaqdadır. Üstəlik, bu münasibətlər sistemi həm də başqalarına nisbətdə ona informasiya üstünlüyü yaradır. Qlobal və regional güclərin maraqları ilə Azərbaycanın maraqlarını uzlaşdırmaq və hər kəsi müttəfiqə çevirə bilmək! Hər il daha da təkmilləşən bu münasibətlər sistemi sayəsində Azərbaycan bölgə və dünya çapında gedən bəzi proseslərdə ciddi aktyorlardan birinə çevrilib. İlham Əliyevin inşa etdiyi bu sistem yalnız bizim ölkəni işğal edən aqressor Ermənistanı təkləmək xətti yürütmür; bu, minimal hədəfdir; məsələ Azərbaycanı daha da böyütmək, dünya standartlarına yüksəltməkdir; – müharibə və Ermənistanla münasibətlər Prezident üçün prioritetdir, lakin bunun da səbəbi yüksəlişə, inkişafa və bütövlüyə mane olan, sabitliyi təhdid edən faktorları aradan qaldırmaqdır.

Prezident İlham Əliyevin General Sərəncamları Azərbaycana nə verdi – təhlil


Prezidentin 2019-cu il başlayandan atdığı bütün addımlar, verdiyi sərəncamlar, həyata tətbiq etdiyi islahatlar məhz bu xarakterlidir. Ermənistan xaric, digər istiqamətlərdəki xarici faktorlar əlverişli hala gətirilib, balanslaşdırılıb və ölkəmizi birbaşa təhdid etmir. İndi daxili faktorları daha da uyğun hala gətirmək, ehtiyac olan sahələrdə islahatlara başlamaq, əldə olunan sabitliyin əsas aktyoruna – Azərbaycan xalqına daha yaxın olmaq, onun dövlətə, Prezidentə olan inam və etibarının əmsalını yüksəltmək prosesinə start verilib.

Hər bir iqtidarın birinci vəzifəsi özünü qorumaqdı, sonra xalqı. Qəza vəziyyəti yaşayan təyyarələrdə bir təlimat var: öncə özünün oksigen avadanlığını (maska) taxacaqsan, sonra yanında oturanın! Yanındakı övladın da olsa, qayda budur!
İlham Əliyev son 6 aydakı siyasi qərar və addımları ilə bir mesaj verir: bundan sonra da fəaliyyətində xalqa istinad edəcək, onun daxilindəki dayaqlarını daha da artırmaq üçün çalışacaq.

Prezident İlham Əliyevin General Sərəncamları Azərbaycana nə verdi – təhlil


Prezident İlham Əliyev iqtidarını və dövlətini sosiallaşdırır. Azərbaycanın neft gəlirləri sayəsində ölkəsini və xalqını dəyişdirir, insanlara daha yaxşı, daha etibarlı sosial yaşam paketləri təklif edir. Son 6 aya təsadüf edən sosial açılım, islahat və iqtisadi siyasət ölkə daxilindən ciddi təqdir və dəstək aldı. Axırıncı iki devalvasiya ilə başlayan və bu ilin yanvarına kimi davam edən sosial gərginlik tamamilə aradan qaldırılıb. İctimai-siyasi mühit sağlamlaşıb. Prezidentə və dövlətimizə qarşı xaricdən ardıcıl qara piar aparan qüvvələrin auditoriyaları və inandırıcı görünə bilən arqumentləri daralıb.

Və belə bir dövrdə Prezidentin generallarla bağlı 4 sərəncamı ortaya çıxdı. Ölkəsinin və regionun ən məlumatlı adamı bu dəfə komandasını, daha da konkretləşdirsək, güc strukturlarını yeniləmək təşəbbüsü göstərir. Bu, həmin islahatların məntiqi davamıdır – xalqın içində dayaqlarını bərkidən Prezident iqtidarını da möhkəmlədir, hüquq-mühafizə və xüsusi xidmət sektorlarını yenidən formatlayır.

Prezident İlham Əliyevin General Sərəncamları Azərbaycana nə verdi – təhlil


İlham Əliyevin 4 generalı və gerçəkliklər

Prezident Əliyevin kadr islahatlarının bir xüsusi özəlliyi var: məxfilik və gözlənilməzlik. Onun addımlarını bilmək, proqnozlaşdırmaq və həm də qarşısını almaq cəhdi göstərmək mümkünsüzdür.

Sabitlik və sədaqət simvolu olan generallar ölkədəki açılım və islahatlardan yaranan boş sahələrdə təxribat etmək istəyən qüvvələrə qarşı təlimat və mandat aldılar!
Bu dəfə də belə oldu. Müşahidələrimizə görə, cəmiyyətin, hətta hakim düşərgə üzvlərinin əksəriyyəti son təyinatlarla bağlı məlumatlı olmayıblar. İlham Əliyev qətiyyətlidir və verdiyi qərarların məsuliyyətini bölüşməyi sevmir. Bu baxımdan da Azərbaycanda maraqlı olan bir sıra böyük güclərin kadr islahatları ilə bağlı ona təsir, xahiş və təzyiqləri olmur; görünür, bu taktikanı seçməyin bir səbəbi də bu cür faktorları dövlət həyatına buraxmaq istəməməsindən qaynaqlanır.

Nəticə nədir: Prezident 4 generalla bağlı 4 sərəncamla nə qazandı?

Onun bəzi siyasi opponentləri məsələni bəsitləşdirmək istəyirlər, iddia edirlər ki, heç nə dəyişmədi, bunlar onsuz da köhnə və sadiq kadrlar idilər, yenə də iqtidarda onlardır və s. Əslində isə…

Ramil Usubov – dövlət çevrilişlərinə və erməni işğalçılarına qarşı döyüşən POLİSin simvollaşan naziri

Lakin bir sürətli baxış görün ortalığa nələri çıxardır. Ölkənin əsas siyasi idarəsi olan və Prezidentin də oturduğu 1 saylı bina Ramil Usubovun timsalında təcrübəli və cəmiyyəti bilən, sabitlik tərəfdarı olan güclü bir idarəçi qazandı. Ramil Usubov 25 ildir daxili işlər naziridir və bu müddətin də böyük hissəsi müharibə şəraitində keçib. O, sözün bütün mənalarında döyüş generalıdır: Azərbaycan polisi erməni qəsbkarlarına və dövlət çevrilişlərinə qarşı dirənişin, mübarizənin simvoludur. Ölkənin xaosda olduğu o illəri yəqin kimsə unutmayıb. Həmin illərdə Prezident Heydər Əliyev Ramil Usubovu qabağa verdi, sınadı və Azərbaycan polisi ona göstərilən etimadı doğrultdu. Polislərimiz, ümumiyyətlə, sovet dövründən (milis adlandırılanda) milli olublar, Azərbaycan uğrunda ölüb-öldürüblər. Ramil Usubov isə bu vətənpərvər başlanğıcı sistemə çevirdi, Azərbaycan polisini yenidən strukturlaşdırdı, onu daxili faktorun ən mühüm amilinə, stabilliyin simvoluna çevirdi. Onun nazir olduğu müddətdə iqtidara qarşı bütün addımları polis qarşıladı və hamısını da uddu.

Polis gücü bəzən sərt oldu; bizə də, cəmiyyətdə birilərinə də, siyasi opponentlərə də dəydi: lakin belə olmayanda da dövlət təhlükəyə girir, xaos yaranır, (Elçibəy iqtidarı nümunəsində) çökür. Hər bir iqtidarın birinci vəzifəsi özünü qorumaqdı, sonra xalqı. Qəza vəziyyəti yaşayan təyyarələrdə bir təlimat var: öncə özünün oksigen avadanlığını (maska) taxacaqsan, sonra yanında oturanın! Yanındakı övladın da olsa, qayda budur! Dövlət qəzalarının və bu qəzalarda qazavat verən polisin də öz qaydaları var…

Prezident İlham Əliyev deyir: “Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomdur. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf dayanır, sərmayə qoyuluşu dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir”.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin ən müxtəlif auditoriyalarda, bir az fərqli ifadələrlə səsləndirdiyi heç zaman dəyişməyən məntiqidir. O, haqlıdır! Hazırda dünyada baş verən fəlakətlərin, insanlıq dramlarının əsas səbəbləri sabitlik faktorunun pozulmasıdır. Prezident Əliyev ölkəsində sabitlik olsun istəyir, qan tökülməsin istəyir, insanlar ölməsin, köçlər, qaçqınlar olmasın istəyir və bunun üçün çalışır. Əsas kredolarından birinin sabitlik olduğu Prezidentin son General Sərəncamlarının fəlsəfəsi də budur! Polis naziri Ramil Usubovu siyasi vəzifəyə aparmasının anlamı da buradadır. Sabitlik və sədaqət simvolu olan generallar ölkədəki açılım və islahatlardan yaranan boş sahələrdə təxribat etmək istəyən qüvvələrə qarşı təlimat və mandat aldılar! Yuxarıda qeyd etdiyimiz YÜKSƏK MƏLUMATLILIQ məsələsinə bu nöqtədə yenidən dönək! Və xatırladaq: bu sərəncamları verən bölgə dövlətlərinin içərisində ən məlumatlı Azərbaycan Prezidentidir!

Təhlükəsizlik sistemi Əli Nağıyevin timsalında peşəkar idarəediciyə qovuşdu!

Prezidentin sərəncamlarından biri ilə ölkənin təhlükəsizlik xidməti və əks-kəşfiyyat seqmenti peşəkar rəhbərliyə qovuşdu. Bu, bəzi siyasi opponentlərin “hə, noolsun” janrında mız qoymalarından daha ciddi hadisədir. Azərbaycanın təhlükəsizlik seqmenti Eldar Mahmudovdan sonra ciddi zədələnib və Mədət Quliyevin insani obrazı ilə xeyli reanimasiya olunub. Lakin böhran tam keçməyib. Buna görə də prezident bu cür radikal qərar verdi!

Qəzetçiyik və hər kəslə anındaca təmas qurmaq imkanlarımız var. Bu yazı hazırlanarkən istefada olan iki yüksək rütbəli təhlükəsizlik zabitinin rəyini soruşduq: biri özünü general Əli Nağıyevə dost sayırdı, digəri isə ona xüsusi pozitiv münasibət bəsləmirdi. Amma hər ikisinin bir-birindən xəbərsiz verdikləri rəydə ortaq nöqtə nə oldu? “Peşəkardır, yüksək təşkilatçılıq qabiliyyəti var, güclü komanda toplaya bilir, başladığı işi sona çatdırandır…”

Əli Nağıyev MTN-də nazir müavini olduğu dövrdə təkcə Eldar Mahmudovla vuruşmayıb. O, Eldar Mahmudovun nazirlikdəki və nazirlikdən kənarda formalaşdırdığı cinayətkar şəbəkə ilə savaşıb. Ölkənin qosqoca siyasətçilərini, nazirlərini, başqa yüksək vəzifəli şəxslərini ən müxtəlif üsullarla özünə tabe etdirən, onların bəzilərini “aylıq haqq”a otuzduran, az qala hər şeyə və hər kəsə hökm etmək iddiasında olan Mahmudov bu hikkəsini Əli Nağıyevə keçirə bilmədi. Hətta 2011-ci ildə Ə.Nağıyev vəzifədən gedib, prokurorluq sisteminə təyinat aldıqdan sonra da E.Mahmudov ondan əl çəkməyib. Bu və ya digər şəkildə Ə.Nağıyevi zəiflətmək, ona mane olmaq üçün müxtəlif oyunlar qurmağa çalışıb. Fəqət bunların heç biri baş tutmayıb. Əli Nağıyev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müavin postunda oturaraq həm ona həvalə edilən vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacardı, həm də səbrlə vaxtını gözlədi. Siyasi səhv buraxmadan Prezidentin sayəsində zəfər dönüşünü reallaşdıra bildi.

Ölkənin milli təhlükəsizliyinin keşiyində dayanan zabit və şəxsi heyətə, bu adsız və iddiasız qəhrəmanlara şükranlıqlarımızı bildirməklə, həm də onları təbrik edirik.

Vilayət Eyvazov: Prezident Ramil Usubovun DİN-dəki üslubunu davam etdirmək qərarı verdi

Ramil Usubovdan sonrakı dönəmdə polis naziri ola biləcəklər arasında Vilayət Eyvazovun adı ön sırada çəkilirdi. Lakin başqaları da vardı və iddiaçıların sayı heç də 1 rəqəmi ilə ölçülə bilməz…

Vilayət Eyvazov o zaman iqtidarı əlində silah qorudu: lakin bütün əski foto və videolardan da göründüyü kimi, o silah xalqa tuşlanmadı, mərmilər havaya atıldı, lakin havayı atılmadı…

İlham Əliyev iqtidarını sevməyənlər Vilayət Eyvazovu da sevmirlər. O, Azərbaycan dövlətinin ən həssas məqamında siyasi səhnəyə çıxıb, qətiyyət və güc göstərib, mövqeyini ortaya qoyub. Vilayət Eyvazov İlham Əliyevin və indi davam edən iqtidarın uğrunda döyüşüb, meydanda geri çəkilməyib. O və onun kimilər olmasa idi, 2003-cü ildə vəziyyət tamamilə başqa cür inkişaf edərdi; biz zamanında “səngərin” o tayından da siyasi səhnəyə baxmışıq, mənzərə və kimin kim olduğunu tam bilirik! O zamankı siyasi komanda, İlham Əliyev başda olmaqla, qətiyyət və iradə göstərdi. Lakin meydandakı polis gücü də bu qətiyyəti lazım olan qədər təmsil edə bildi.

Vilayət Eyvazov o zaman iqtidarı əlində silah qorudu: lakin bütün əski foto və videolardan da göründüyü kimi, o silah xalqa tuşlanmadı, mərmilər havaya atıldı, lakin havayı atılmadı…

Bəziləri daxili işlər naziri Vilayət Eyvazovun 2003-cü ildəki o fotosunu yeri gəldi-gəlmədi, ona qarşı qara piar kimi istifadə edir. Lakin dünyanın çox üzünü görmüş, dövlət və iqtidar çevrilişlərini yaşamış bir jurnalist kimi deyə bilərik ki, əslində bu foto bir polis kimi Vilayət Eyvazov üçün vizit-kartdır.

Unutmayaq ki, zamanında Elçibəy hakimiyyəti Usubov kimi polis naziri, Eyvazov kimi polis komandanı olmadı deyə, Surət Hüseynovun başıpozuq dəstəsinə məğlub oldu.

Yeni nazir Vilayət Eyvazov məhz şəxsi və peşəkar keyfiyyətlərinə görə ölkə prezidenti İlham Əliyev tərəfindən fərq edilib, vəzifə pillələrində hər zaman qabağa çəkilib. İndi ona növbəti etimad göstərilib. Onunla bərabər, həm də əfsanəvi nazir Ramil Usubovun xəttinə. Xətt də bəllidir: Azərbaycan polisi ölkəni və dövləti nəyin bahasına olur-olsun, qoruyacaq, bu istiqamətdə güc işlətməkdən belə çəkinməyəcək. Lakin stabillik naminə, Azərbaycan naminə güc olsun, amma xaos olmasın, qarşıdurma və ölümlər, insan dramları yaşanmasın…

Bildiyimiz həm də odur ki, DİN-də hər şey yerində saymayacaq: Vilayət Eyvazov polis sistemində yüksək intellektə və reformaçı təfəkkürə malik generallardandır. Ona Azərbaycan polisini ən müasir standartlara uyğunlaşdırmaq, modernləşdirmək kimi vəzifələr tapşırılıb və əzmkarlığı və inadı cənab Eyvazova bu sahədə lazım olacaq.

Mədət Quliyev: cana yatımlı, təvazökar, islahatçı və əlçatan bir DTX rəisi

Prezidentin Mədət Quliyevlə bağlı sərəncamı da maraqla şərh olunmaqdadır. Onun DTX-dən Müdafiə Sənayesi Nazirliyinə rəhbər təyinatı neçə gündür müzakirə olunur. O, Eldar Mahmudovun cinayətkar dəstəsinin canavara, qorxunc obraza döndərdiyi MTN-i olduqca ağır miras kimi qəbul etdi, həmin obrazı insaniləşdirdi, milliləşdirdi. Dövlət Təhlükəsizliyi Xidmətinə rəis gətirilən Mədət Quliyev özünün xarakterik göstəriciləri sayəsində cəmiyyətə göstərdi ki, heç də bütün təhlükəsizlik generalları Çovdarov, Mahmudov kimi amansız olmurlar! Sadə, cana yatımlı, təvazökar, islahatçı və əlçatan bir DTX rəisi tanıdı Azərbaycan ictimaiyyəti. O, kimlərinsə evini yıxmadı, pulunu yağmalamadı, günahsız adamların başına torba keçirdib, zirzəmilərə salmadı. Mədət Quliyevin təhlükəsizlik xidmətindəki dövrü keçid dövrü sayıla bilər: O, ağır “xəstəni reanimasiyadan palataya” çıxarmağı bacardı. İndi rahatlıqla başqa, çox ağır bir sahəyə transfer oluna bilər.

Formal və real olaraq onun vəzifəsi yüksəldilib: Prezident onu rəis statusundan azad edib, nazir statusuna gətirib. Lakin getdiyi sahə də təxminən MTN kimi çətin və problemlidir.

M.Quliyev nazir təyin edildikdən 1 gün sonra “Yeni Müsavat”a eksklüziv açıqlamasında demişdi: “Biz əsgərlərik. Dövlət başçımız uğurla, qətiyyətlə, mətinliklə dövlətimizi irəli aparır və dövlətimiz inkişaf edir. Biz də dövlətimizin başçısının ətrafında daha da sıx birləşərək, Azərbaycanın daha da qüdrətlənməsi və daimi zəfərləri naminə bundan sonra da bütün qüvvəmizlə və fədakarlıqla çalışacağıq, xidmət edəcəyik”.

Bəli, onun əsgərliyi indi də müdafiə sənayesi naziri kimi davam edir.

Mərhum Yavər Camalovdan miras qalan Müdafiə Sənayesi Nazirliyi çox güman ki, Mədət Quliyevin ora gəlişindən sonra xeyli dəyişəcək. Necə ki, M.Quliyev bundan əvvəl Penitensiar Xidmətdə və DTX-də ciddi dəyişikliklər etmişdi…

****

Prezident İlham Əliyev istəyir ki…
Bu yazımızla istədik ki, Prezident İlham Əliyevin son addımlarına dair bəzi düşüncələrimizi oxucularımız və tarixlə bölüşək.

Prezidentin son sərəncamlarının daha bir fəlsəfəsi də var: o, kimsəni cəzalandırmadan böyük bir siyasi tənlik həll etdi:Prezident Administrasiyası güclü və təcrübəli bir idarəedici – Dövlət Təhlükəsizlik Şurasının katibini qazandı; DİN sistemi həm yeniləndi, həm gücləndi, həm də 25 illik xəttini qorudu; Dövlət təhlükəsizliyi sistemi çoxdan gözlədiyi peşəkar idarəedicisinə qovuşdu, həm də ədalət bərpa olundu; Müdafiə sənayemiz yorulmaz və novator nazir əldə etdi…

Azərbaycan rəhbəri ölkəsinin və xalqının ətrafda cərəyan edən xaos və qarşıdurmalardan qorunması, sərhədləri içərisində firavan, rahat yaşaması üçün bəzi addımlar atır. Yaxın Şərq ölkələrindən tutmuş, Güney Qafqaza kimi, hər yer qaynayır, çox yerlər də destabilizasiya ocağı olmaq ərəfəsindədir. Qonşu və dost Gürcüstanda baş verənlərin, Qazaxıstanda, Moldovada, Ermənistanın sərhədləri içərisində cərəyan edənlərin fonunda Azərbaycan bir sabitlik adasıdır.

Sabitlik bizim ən böyük nemətimiz və gələcəyə gedən yolumuzdur!

Azər AYXAN,
“Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini

Oxşar xəbərlər