“Qalib” Ermənistan məğlub durumda - işğalçı ölkə ən kritik dönəmə girir

“Qalib” Ermənistan məğlub durumda - işğalçı ölkə ən kritik dönəmə girir Bu gün Ermənistanın yeni parlamenti ilk iclasına toplaşır. “Yeni Müsavat” xatırladır ki, 9 dekabr son parlament seçkiləri nəticəsində formalaşan növbəti qanunverici orqanda qərbyönlü, anti-Rusiya qüvvələri konstitusion çoxluq (2/3) təşkil edəcək. İnqilab lideri Nikol Paşinyan istəsə, konstitusiyanın maddələrini belə dəyişdirə bilər. Onun özünün baş nazir seçilməsi isə şübhə doğurmur.

Lakin qərbyönlülərin təzə parlamentdə konstitusion çoxluğu onlar üçün üstünlüklə yanaşı, böyük bir məsuliyyət deməkdir. Ona görə ki, inqilabın qələbəsini “maddiləşdirmək”, Paşinyanın narazı xalqa verdiyi vədləri tutmaq zamanı artıq çatıb və yenilik, dəyişiklik istəyən narazı toplum sonsuzadək gözləməyəcək. Bu vədləri reallaşdırmaq üçün isə titanik səylər, olduqca çevik daxili və xarici siyasət kursu, hətta böyük siyasi qrossmeyster bacarığı tələb olunur.

Bu gün Nikol üçün populizm dönəmi rəsmən bitir və daha qəliz və məsuliyyətli bir dönəm başlayır - hansı dönəm ki, onun və komandasının taleyini müəyyən edəcək. Bundan sonra siyasi rəqiblərə qarşı təzyiq vasitəsi kimi küçəni, kütləni köməyə çağırmaq, idarəçilikdəki fiaskoları küçə hesabına pərdələmək mümkün olmayacaq. Çünki ölkədə artıq legitim hakimiyyət və ona qarşı konkret tələblər var, parlamentdə, hökumətdə Nikol və komandasının işinə pəl vuracaq ciddi qüvvə yoxdur. Başqa sözlə, islahatları yubatmaq üçün nə siyasi, nə də hüquqi bəhanələr qalıb. Paşinyan parlamentdə ölkənin daxili və xarici siyasəti, iqtisadi inkişaf konsepsiyası ilə bağlı konkret, realist bir proqram təqdim etməli və onun həyata keçirmə mexanizmini göstərməlidir.

*****

Ən maraqlısı da budur. Nədən ki, Paşinyan proqramda təkcə ağır sosial-iqtisadi problemlərin həll yolunu yox, eyni zamanda, xarici siyasət kursunun oriyentirlərini göstərməlidir. Bu xüsusda hökumətin proqramını, Paşinyanın yeni parlamentin ilk iclasındakı proqram çıxışını şübhəsiz ki, ABŞ və Rusiya diqqətlə izləyəcək. Görəsən, Nikol “iki stulda oturmaq” siyasətini proqramda əks etdirə biləcəkmi?

Əgər Paşinyan öz sələfləri kimi, Ermənistanın Rusiyanın siyasi-hərbi orbitində qalmasına üstünlük verəcəksə, o zaman Qərbin, xüsusən də ABŞ-ın, hətta Qərbdəki varlı erməni lobbisinin maliyyə dəstəyindən əlini üzməli olacaq. Paralel surətdə daxildə öz xalqı yanında yalançı çıxacaq. Yox, “stavka” Amerikaya, Qərbə ediləcəksə, o zaman Rusiyanın sürprizlərinə hazır olmalıdır.

Görünən budur ki, Paşinyanı ağır seçim gözləyir. Təbii ki, legitim hökumət başçısı kimi, o, Qarabağ məsələsində də optimal, sülh danışıqlarını irəli apara biləcək, müharibə riskini minimuma endirəcək mövqe ortaya qoymalıdır. Əks halda, problemin həllində 20 ildə heç bir irəliləyişə nail olmayan sələflərini tənqid eləməyə üzü olmayacaq. Ən önəmlisi, Ermənistandan ağır blokada rejimi davam edəcək, ölkədən kütləvi köç səngiməyəcək, böyük xarici sərmayələr gəlməyəcək.

*****

Bəs yeni dönəmdə Paşinyanın xarici siyasətinin əsas vektoru necə olacaq - qərbyönlü, yoxsa rusiyayönlü? Politoloqların bu yöndə proqnoz və gözləntilərini təqdim edirik.

“Mən Paşinyanın qərbyönümlü olmasına inanıram. Fikrimcə, Paşinyan bu məsələdə səmimidir. Lakin iş səmimiyyətlə də həll olunmur. Siyasi fürsətlər sistemi deyilən bir anlayış var”. “Yeni Müsavat”ın məlumatına görə, bunu teleqraf.com-a açılqmasında politoloq Erkin Qədirli deyib.

Politoloq Ermənistanın Rusiyadan davam edən güclü asılılığına diqqət yönəldərək deyib: “Geopolitik duruma nəzər yetirəndə aydın olur ki, Ermənistanın sərhədlərini Rusiya qoruyur, Ermənistanda rus hərbi bazası var, iqtisadiyyatın əsas gəlir gətirən obyektləri Rusiyanın dövlət şirkətlərinin mülkiyyətindədir. Həmçinin Dağlıq Qarabağ məsələsi var. Bu da Ermənistana əlavə yükdür. Ermənistan səmimi olaraq Qərbyönümlü siyasi kurs aparmaq istəyirsə, ümumiyyətlə, ölkəsində arzuladığı inkişafı görmək istəyirsə, Azərbaycanla barışması şərtdir. Bunu onlara hamı deyir. Özlərində də başa düşəni var. Barışmaq üçün isə gərək Qarabağı Azərbaycana qaytara. Bu məsələdə isə sərbəst görünmürlər. Çünki Qarabağa faktiki olaraq, Rusiya nəzarət edir”.

Bu üzdən politoloq İrəvanın vəziyyətini çox dolaşıq sayır. “Gürcüstanla Azərbaycan Ermənistandan fərqli olaraq ərazi itiriblər, çoxsaylı qaçqınlar var, amma açıq qərbyönümlü kurs götürüblər. Çünki bizim Rusiyadan asılacağımız çox azdır, bizimki bizə dəyib artıq. Rusiya bizim də, Gürcüstanın da torpağımızı əlimizdən alıb, onlardan birbaşa, bizdən dolayı alıb. Dəqiq bilirik ki, Rusiyanın bizə münasibəti nədir. Amma Ermənistanın Rusiyadan umacağı çoxdur. Məsələn, Qarabağı alıb onu rəsmiləşdirə, tanıya bilmir, məskunlaşma edə bilmir, Rusiyaya böyük ehtiyacı var. Belədə də Qarabağı Azərbaycana qaytarmaq kimi bir sərbəstliyi də yoxdur, çox böyük riskdir. Onu edən hökuməti bir yandan xalq devirə bilər, o biri yandan Rusiya özü də deyə bilər ki, sən kimsən Qarabağı Azərbaycana verirsən, onu sənin üçün mən almışam, mən saxlayıram. Odur ki, qəribə paradoksal vəziyyətdir: Ermənistan hərbi baxımdan qalibdir, amma siyasi baxımdan uduzmuş durumdadır”, - deyə o əlavə edib.

Öz növbəsində politoloq Arzu Nağıyev düşünür ki, Nikol Paşinyanın hakimiyyəti artıq fiaskoya uğramaqdadır. “Ermənistanın hələ də siyasi, iqtisadi və hərbi doktrinası yoxdur. Bu, o deməkdir ki, Paşinyan boş yerə Qərbə böyük ümidlər bəsləyib. İkincisi, müxtəlif fraksiyalardakı biznesmenlərin indiki hakimiyyətdə təmsil olunmaması onun ən böyük səhvlərindən idi. Paşinyan nə qədər çalışsa da, ölkəsini sərt qışdan çıxara bilməyəcək. Bu yaxınlarda Moskvadan əliboş qayıdan Paşinyan Qərbdən də əlini tamamilə üzüb. Buna görə də o, çox aciz bir şəkildə erməni diasporundan olan sahibkarlara üz tutub. Əgər Paşinyan parlamentdə vəzifə bölgüsündən sonra ölkədə iqtisadi vəziyyəti ələ ala bilməsə, Ermənistanda iğtişaşlar qaçılmaz olacaq”, - deyə ekspert xəbərdarlıq edib.

Vaşinqtondakı Kornegi Fondunun Şərqi Avropa və Qafqaz regionu məsələləri üzrə böyük elmi əməkdaşı, bölgə ilə bağlı çoxsaylı təhlillərin və “Qara və Bağ” kitabının müəllifi Tomas de Vaal isə hesab edir ki, Paşinyan dövlət xadimi yox, inqilabçıdır. “Paşinyan yeni idarəetmə institutları yaratmaqda maraqlıdırmı, yoxsa sırf piara və inqilabi hərəkətlərə ehtiyacı olan ”ikinci Saakaşvilidir"? Hazırda bu suallara cavab yoxdur", - deyə o bildirib.

Ancaq onun fikrincə, seçkilərdə qələbə qazanaraq qanuni hakimiyyət əldə edən Paşinyan diqqətini əvvəlki kimi qələbəyə yox, idarəçiliyə cəmləyə bilər. “Belə təəssürat yaranır ki, o, Ermənistanın korrupsiyadan azad olunmasını səmimi şəkildə arzulayır. Ehtimal ki, onun özü də korrupsiyalaşmayıb. Ancaq Paşinyana özünəməxsus inqilabi stil xasdır. O, inqilabçıdan dövlət xadiminə ciddi bir keçid etməli olacaq” - de Vaal əlavə edib.

Bir şey dəqiqdir ki, ilin ilk 3 ayı Paşinyan hökuməti üçün ən kritik dönəm olacaq. Təkcə soyuq qışa görə yox, həm də seçim zərurətinə görə...

Oxşar xəbərlər