Hicran Hüseynovann yarıtmaz komitəsi Qubadakı qətli araşdıracaqmı? - Video

Hicran Hüseynovann yarıtmaz komitəsi Qubadakı qətli araşdıracaqmı? - Video Daxili İşlər Nazirliyi Qubada əmisi oğlunun arvadını qaçıran kişinin döyülərək öldürülməsi hadisəsi barədə rəsmi məlumat yayıb

Cahan.info DİN-in mətbuat xidmətinə istinadən yazır ki, oktyabrın 19-da Quba Rayon Polis Şöbəsinə rayon sakini olan 25 yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalarla qadının həmin gün ərinin qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib.

Oktyabrın 22-də həmin şəxs bu əməli törətdiyinə görə qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülüb və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Hadisə Quba rayonunun Tülər kəndində baş verib. Kənd sakinləri bildiriblər ki, 26 yaşlı Elşad Əsədov həyat yoldaşından boşanıb. Bir müddət imiş ki, əmisi gəlinini - Aynurə Əsədovanı sevirmiş.

Ötən həftə bir-birinə qoşulub qaçan sevgililər az müddət sonra yaxalanaraq kəndə geri qaytarılıblar. E.Əsədov qaçırılan gəlinin yaxınları tərəfindən vəhşicəsinə döyülüb.

Bu hadisə ötən gün medianın trendinə çevrildi. Lakin nə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi sədri Hicran Hüseynova, nə də parlametin deputat və eyni komitənin sədri Aqiyə Naxçıvanlı rəylərini bildiriblər.

Xüsusilə də H.Hüseynovanın komitəsi məsələni araşdırmalıdır, şimal bölgəsində maarifləndirici təlimləri artırmalıdır.

Ancaq kabinetindən çıxmayan məmurlar ailə, qadın, uşaq problemləri, şiddət, zorakılıq faktları ilə bağlı bundan əvvəlki hadisələrə də susqunluq nümayiş etdiriblər.

Qubadakı qətl məhz ailədəki problemlərdən qaynaqlanıb. Son illərdə bu cür hadisələr artıb. Lakin H.Hüseynovanın rəhbəri olduğu komitə fəaliyyətsizliyi, yarıtmazlığı ilə diqqət çəkir. Son illərdə komitə uşaq oğurluğu, rüşvət skandalı ilə gündəmə gəlib.

Ümumiyyətlə, bu tip olaylar Azərbaycanda kifayət qədərdir. Sadəcə olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi buna bənzər hadisələrin mövcudluğundan xəbərsizliyini nümayiş etdirməmək üçün belə olayların Azərbaycanda yaşanmamasını bəyan edir.

Dəfələrlə uşaq zorakılıqlarına, qadın qətllərinə, ailə münaqişələrində zərər çəkənlərin problemlərinin həll olunmamasına biganəlik göstərirlər.Bir sözlə, fəaliyyətsizliklərini fəaliyyətlərində büruzə verirlər.

Cahan.info qeyd edir ki, qadın zorakılığı, yetkinlik yaşına çatmayan uşaqların intiharları, ailə münaqişəsi və boşanmalar zamanı uşaqlara dəyən mənəvi ziyanlar, azyaşlıların təcavüzə məruz qalmaları və bu kimi olaylar Azərbaycanda rekord həddə çıxıb.

Sadalanan problemlərdə birbaşa məsuliyyət daşıyan, fəaliyyətini bu istiqamətdə qurmalı olan, daim müəyyən problemləri olan qadınlar və uşaqlarla işləməli olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yarıtmaz siyasətindən ağızdolusu danışsaq, yazsaq da bu qurum fəaliyyətsizliyi ilə yenə də gündəmdədir.

Qurumun adından da görünür ki, komitə birbaşa olaraq qadın, ailə və uşaq problemlərini araşdırmaq və həll etmək səlahiyyətindədir.Amma komitənin fəaliyyət mexanizmi tamamilə bu problemlərdən uzaqdır.

Qurum bu tip problemlərin kökünə nəinki biganə qalır, hətta məsələdən yayınmaq məqsədilə belə müraciətləri üzərindən atır. Özü həll etməli olduğu məsələləri qeyri-hökumət təşkilatlarının boynuna qoyur və müraciət edənləri də həmin qurumlara yollayır.

Beləliklə də bu qurum bütün fəaliyyətini il ərzində susqunluq üzərində qurur. Dövlət büdcəsindən kifayət qədər maliyyə yeyən komitənin yarıtmazlığı özünü bütün aidiyyatı məsələlərdə büruzə verməkdədir.

Nə ilin sonunda görmüş olduqları işlərlə bağlı hesabatları təqdim edirlər, nə də onlardan bu hesabatları tələb edənlər var. Ölkədə isə problemli uşaqların, qadınların və ailələrin sayı bitib-tükənmək bilmir.

Əgər Azərbaycanda on ayda 10 min boşanma olursa, 9 ay ərzində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanırsa və bu ay ərzində zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı isə 27 nəfərə çatırsa, bir ay ərzində 25-ə yaxın uşaq intihar edə bilirsə, demək həyəcan təbili çalmağın vaxtı çoxdan bitib. Həmin problemlərin baş verməməsi və qarşısının alınmasından ötrü Komitə konkret olaraq ciddi iş ortaya qoya bilmir.

Əksinə, bu tip olaylar baş verən zaman komitə sərsəm açıqlamalarla gündəmə gəlir.Bir- iki cümləlik özünə sərfedici formada izahatmı deyək, açıqlamamı ifadə edək, bəyan edir və gözdən itir.

Görəsən, mediada zaman-zaman uşaqların hüquqlarının pozulması, zorakılığa və təcavüzə uğramaları, qadınların qətlə yetirilməsi ilə bağlı hadisələrə biganəlik nümayiş etdirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsl vəzifəsi, məqsəd və məramı nədən ibarətdir? Uzun illərdən sonra komitə yuxusuzluğuna son verib, oyanacaqmı?


Oxşar xəbərlər