Kişi mollalara maşın verildi, bəs qadınlara?

Kişi mollalara maşın verildi, bəs qadınlara? Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları təqdim olunub.

Həmçinin, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Maraqlıdır ki, ölkədə qadın mollalar olsa da, avtomobillərin hədiyyə edilməsi prosesində onların adına rast gəlmədik.

Bu, nə ilə bağlıdır?

Gələcəkdə bu siyahıya qadın mollalar da daxil edilə bilərmi?

Həmçinin, mollalara maşın verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Niyə məhz mollalar? Məsələ ictimaiyyət arasında və sosial şəbəkələrdə “səs-küy” doğurub.

Bu və ya digər suallarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Arana müraciət etdik.

Minval.İnfo xəbər verir ki, o, modern.az-a açıqlamasında deyib ki, rəsmi qadın mollaların sayı çox azdır.

“Yəqin ki, gələcəkdə qadın mollalara da belə hallar şamil olunar. Amma deyim ki, Azərbaycanda 99,9% din adamları kişilərdir. Rəsmi qadın mollaların sayı barmaqla sayılacaq qədərdir. Kimlərsə mollalıq edə bilər. Ancaq onların rəsmi statusu yoxdur. Özbaşına gedib mollalıq edirlər”.

Komitə rəsmisi qadın mollaların rəsmi ad almamasına da aydınlıq gətirib:


“Qadın mollalar var ki, onlar məsciddə azlıq təşkil edir. Bir çox məscidlərdə isə qadın molla yoxdur. Olmayan bir şeyə necə ad qoyaq?! Bəlkə də gələcəkdə qadın mollaların sayı arta bilər. O zaman onlara uyğun ad fikirləşmək olar. Hazırda adları elə “qadın molla” olaraq gedir. Tarixdən üzü bu yana molla ancaq kişilər olub. Qadınlar azlıq təşkil edib. Məsələn, Azərbaycanda dini icma sədri olan bir, ya da iki nəfər qadının adını çəkmək olar. Üçüncüsünü isə xatırlamıram. Onlardan biri də Ağcabədidədir”.

Səyyad Aran qadınların ali dini təhsil alması məsələsindən də danışıb:

“Məclislərdə mollalıq edən qadınlar bunu özfəaliyyət səviyyəsində öyrəniblər, kurs keçməyiblər. Doğrudur, Azərbaycanda vaxtilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Bakı İslam Universitetində qızlar da təhsil alırdı. Amma onların əksəriyyəti ya ailə həyatı qurub, ya da ixtisaslarını dəyişərək molla olmaqdan imtina ediblər. Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində oranı bitirib çalışan qadınlar var. Amma onlar sırf qadın məclisi aparan molla deyillər. Onlar təhsilli din xadimləridir.

Əgər həmin təhsilli qadınlar məsciddə rəhbər vəzifədə çalışsalar, onlar da kişi din xadimlərinə verilən imtiyazlardan yararlana bilərlər. Sadəcə, sərbəst fəaliyyət göstərən molla qadınların heç bir qeydiyyatı yoxdur. Bunun üçün qadın mollalar imtahan verməlidirlər. Əgər qadın molla imtahan verib keçərsə, onu rəsmi qaydada hər hansı məscidə vəzifəyə çəkmək olar. Yoxsa ki, kənardan gəlib “mən də molla qadınam. Mənə də maşın verilsin” deyilə bilməz. Təcrübədə belə hal yoxdur. Əgər hansısa molla qadının ürəyindən məsciddə rəsmi vəzifə daşımaq keçirsə, imtahan verməlidir”.

Komitə sədrinin I müavini nə üçün mollalara maşın verildiyini də açıqlayıb:

“Maşın alan mollalar nüfuzlu din xadimləridir. Bunu Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə həyata keçirdik. Biz hər mollaya maşın vermirik. Biz xalq içində böyük nüfuzu olan din xadiminə maşın veririk”.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya “NAZ Lifan 330” markalı avtomobillər verilib.

Oxşar xəbərlər