Aynur Camalqızı
Dünən feysbukda mərhum millət vəkili Astan Şahverdiyevin vəfatı xəbəri ilə bağlı bir status paylaşdım. Üzüntümü ifadə etməyə çalışdım. Deputat haqqında bildiklərimi, eşitdiklərimi yazdım. Azərbaycan ictimaiyyətinin onu yanlış tərəfdən tanıdığını izah etmək istədim. Ki, Astan müəllim əslində bu xalqa, onun dəyərlərinə nifrət edən, xalqa yuxarıdan aşağı baxan bir insan deyildi. Xalq adamıydı, sadə, hətta sadəlövh adamıydı. O qədər sadəlövh ki, auditoriya qarşısında deməli olduğunu deyil, deməməli olduğunu dilə gətirdi və həm də siyasət meydanı sayılan parlamentdə nə qədər piyada olduğunu ortaya qoydu.
O məlum çıxışdan sonra klassik və onlayn media da daxil, sosial şəbəkələr xüsusi qəddarlıqla deputatın haqsız olduğunu özünə sübut etdilər. Üzr istətdilər. O da həqiqətən peşman olduğunu etiraf etdi, çünki dilə gətirdiyi o məlum ifadələr onu ifadə eləmirdi...
Astan müəllim yaxşı ziyalı, elmdə uğurları olan alim, şəxsi həyatında isə bədbəxt bir adam idi: oğlu gənc yaşında faciəvi şəkildə dünyasını dəyişib, qızının ailəsi dağılıb, yoldaşı onkoloji xəstədir, Allah uzaq eləsin, bəlkə o qadının da ömründən sayılı günlər qalıb...
Əslində, o paylaşımım insanlara Astan müəllimin hələ torpağa qoyulmayan nəşindən yenicə ayrılmış ruhunu narahat etməmək üçün bir çağırış idi. Amma…
O statusa hansı şərhlər yazıldı, ölünün ünvanına nələr deyildi, normal əxlaq və mənəviyyatdan, mental dəyərlərdən, dini inanclardan uzaq hansı sözlər işlədildi, təkrar etmək deyil, xatırlamaq belə istəmirəm.
Məni narahat edən bilirsiz nədir? Adamın işlətdiyi məlum ifadəni qeyri-etik, qeyri-sağlam təfəkkür məhsulu sayıb da özləri söyüş söyənlər... Bu ölkədə nə zamandan söyüş söymək, təhqir etmək, insanları aşağılamaq, dəyərləri baltalamaq "dəyər"ə çevrildi?
Astan müəllim səhv eləmişdi, cavabını da artıqlamasıyla almışdı. Bir insana səhvini etiraf etdirmək və üzr istətdirmək - toplum üçün böyük nailiyyətdir. Sevindirici nəticədir. Demək ki, bu ölkədə İctimai Rəy böyük bir Gücdür, Avtoritetdir, Nüfuzdur. Hətta Milli Məclisin deputatı da onunla hesablaşır, ona məğlub olur, ağ bayraq qaldırır, bağışlanmaq, əfv olunmaq üçün təvəqqe edir...
Amma bəziləri neylədi? O Gücü, o Enerjini darmadağın etdi. Göstərdi ki, İctimai Rəyi vecinizə də almayın, nə edirsiz, əcəb edirsiz, biz söyülməyə, təhqir edilməyə, aşağılanmağa layiqik. Çünki özümüz də söyüş söyənik, təhqir edənik, aşağıdan da aşağıdayıq. Söyün və heç əziyyət çəkib üzr də istəməyin.
Çox təəssüflər olsun ki, günün reallığı, gündən görünən budur. Böyüklük göstərməyən, bağışlamağı bacarmayan toplum uzaq hədəflərə yön ala bilməz. İnamsız, ideyasız, işıqsız, bivec cəmiyyət dəyərləri uğrunda mövqe ortaya qoya bilməz!
Müşahidə edirəm, həqiqətən üzülürəm - Astan müəllimin tərcümeyi-halını oxuyub təəccüblə sual yağdıranlara...
Bəli, deputat Astan Şahverdiyevin zəngin tərcümeyi-halı var. Dediyim kimi, yaxşı alim olub. Böyük elmi araşdırmaların, ixtiraların müəllifidir. Professordur. Elmi titulları həddən ziyadədir. Amma bu, o demək deyil ki, siyasətdə də “nömrə 1” olmalıydı. Olmaya da bilər. Onlarla belə nümunələr var, həm dünyada, həm ölkəmizdə. "Siyasətçi deyildisə, parlamentdə nə işi vardı" deyənlər, parlament, adından da göründüyü kimi, "danışmaq yeri"di, siyasət meydanıdı, amma həm də orada siyasətdən uzaq olanlar, məsələn, iqtisadçılar, idmançılar, müğənnilər, alimlər də təmsil oluna bilər. Çünki qanunda "siyasətçi olmayanın parlamentdə yeri yoxdu" deyə müddəa yoxdur.
Elm və Təhsil Komitəsində əminəm ki, Astan müəllim lazımlı, təcrübəli, hətta əvəzsiz üzv idi...
Həm də üstündən xeyli zaman keçmişdi qəbul etmədiyimiz sözün. Söz yiyəsi o sözü çoxdan geri götürmüşdü. Onun ölümü niyə məhz o sözü yada salmalı idi?
Axtarış verin, haqqında çıxanları oxuyun: açıqlamaları var, Qarabağla, ölkənin taleyüklü məsələləri ilə bağlı hamımızın düşündüyü, narahat olduğu məsələlərə bir xalq adamı, ziyalı kimi yanaşmaları var… Bir seçicisinin ondan narazı olduğu haqda xəbər çıxmadı qarşıma; bir seçicisinin, doğmasının malını-mülkünü əlindən aldığını görmədik; deputat səlahiyyətindən istifadə edib, imarətləri, villaları yanaşı qoyduğu haqda da heç nə yoxdur…
Astan Şahverdiyevin üzünə, geyiminə, həyat tərzinə baxın: axı, bu adam doğrudan da bizim birimizdir, nəinki özü, hətta xanımına da istənilən vaxt zəng edib, danışdırmaq, söz almaq, söz demək imkanınız olandır.
Görünür, cəmiyyət “əl çatanını” söyməyə, döyməyə, onun bütün elədiklərini bir anda unutmağa, bir sözündən yapışıb, qiyamətə qədər deyinməyə meyillidir. Bəlkə, elə ona görə içimizdən çıxanlar az keçmədən əlçatmaz olur?
Bir düşünün: bəlkə, onları biz məcbur edirik, biz təhrik edirik ki, rahat olmaları üçün bizimkimilərdən uzaqlaşsınlar?
Biz bu cəmiyyəti hara daşımaq istəyirik, nəyə nail olmağı hədəfləmişik?
Nifrət edə-edə Yol gedilməz, söyə-söyə Ömür yaşanmaz!
Yolunuzu düzgün seçin, Ömrünüzü cəhənnəmə döndərməyin…