Ağaya qarşı de-marş, Ağ Evə reverans - İrəvan odla oynayır

Ağaya qarşı de-marş, Ağ Evə reverans - İrəvan odla oynayır Kreml separatçı Bako Saakyanın Amerika səfərindən məmnun deyil - mühüm gəlişmə; türkiyəli analitik: “Rusiyanın reaksiyası özünü çox gözlətməyəcək”; Saakyanın Amerikada peyda olmasının daha bir ilginc motivi: “Ermənilər müharibədən qorxur, ABŞ-dan himayə umurlar...”
Ötən ilin sonlarından etibarən Ermənistanın “iki stulda” oturmaq siyasəti daha qabarıq şəkildə özünü büruzə verməkdədir. Bu siyasətin qayəsində isə Rusiyanın satellit-müttəfiqi ola-ola, İrəvanın Qərbin timsalında özünə alternativ müttəfiq tapmaq məramı durur. Şübhə yox ki, Kremldə baş verənləri görür və qiymətləndirirlər.
Ermənilər xüsusilə də ötən ilin sonlarından hamıya xəfif mesajlar ötürürlər ki, günün birində indiki ağası Rusiyanı başqasına dəyişə bilərlər. 2017-ci ildə NATO təlimlərində intensiv iştirak, İrəvanın mərkəzində faşist əlaltısı Qaregin Njdeyə qoyulan abidə, keçən ilin noyabrında Avropa Birliyi ilə imzalanan tərəfdaşlıq sazişi, Serj Sərkisyanın bilavasitə dəstəyi ilə bu ilin martında qərbyönlü Armen Sərkisyanın Ermənistanın yeni prezidenti seçilməsi, nəhayət, Qarabağ separatçıların lideri, Azərbaycan türməsinin darıxdığı terrorçubaşı Bako Saakyanın ABŞ-Rusiya münasibətlərinin kəskinləşdiyi dönəmdə ABŞ-a getməsi - bütün bunlar sözsüz ki, ikiüzlü xarici siyasətin parlaq təzahürləridir.

İrəvanın Kremlə qarşı bu de-marşlarına artıq Moskvadan rəsmi (XİN nümayəndəsi Mariya Zaxarova timsalında) və ekspertlər səviyyəsində neqativ reaksiyalar və təpkilər gəlib. Ermənilərin ünvanına xəbərdarlıqlar səslənib, işğalçı ölkə Moskvaya qarşı nankorluqda ittiham olunub, hətta Ermənistan “ərinə gizli xəyanət edən vəfasız arvad”a bənzədilib. Qalır indi Sərksiyanın əlaltısı və cinayət ortağı Bako Saakyanın ABŞ-da vurnuxmasına Kremlin reaksiyası.

Yeri gəlmişkən, Mariya Zaxarova ilkin açıqlamasında Saakyanın Amerikaya gedişinə reaksiya verməsə də, diplomatik tərzdə bundan məmnun qalmadığını da gizlətməyib. Eyni zamanda o, ermənilərin iddiasına rəğmən, Rusiyada separatçı rejimin nümayəndəliyinin mövcud olmadığını söyləməklə erməniləri məyus edib.

Şübhəsiz ki, işğalçı ölkə Azərbaycan vətəndaşı sayılan B.Saakyanın Ermənistan vizası əsasında ABŞ-a səfəri ilə hər şeydən öncə ikinci saxta erməni “dövləti”nə legitimlik qazandırmaq, onu beynəlxalq münasibətlərin subyekti kimi tanıdıb danışıqlar prosesinə tərəf qismində qoşmaq niyyəti güdür. Digər hədəf haqda isə az yuxarıda yazdıq - Qərbə, ABŞ-a reverans, istənilən an Amerikaya, Avropaya satılmağa hazır olmaq haqda mesaj.

*****

“Yeni Müsavat”ın məlumatına görə, bu xüsusda türkiyəli tanınmış analitik, “Ankara-Moskva” Strateji Tədqiqatlar Mərkəzinin eksperti Engin Özerin separatçı liderin qanunsuz Amerika səfəri ilə bağlı rusdilli Vesti.az nəşrinə şərhi maraq doğurur.

Türkiyəli politoloq öncə qeyd edib ki, nə bütövlükdə Bako Saakyanın ABŞ səfəri, nə də onun Konqresdə keçirdiyi görüşlər heç bir önəm daşımır: “Ayrı cür olsaydı, Bako Saakyanın görüşdüyü şəxslər reklam olunardı. İndi bütün erməni KİV-ləri hay-küylü bəyanatlarla bərq vururdu. Ancaq göründüyü kimi, ümumi sözlərdən başqa ortada heç nə yoxdur”.

Politoloqa görə, separatçıların liderinin ABŞ-a gəlişi çıxılmazlığın təzahürüdür: “Onlar mənəvi dəstəyə ehtiyac duyurlar. Bu üzdən də ciddi erməni lobbisinin olduğu ABŞ-a gedirlər. Lakin bütün bunlar, keçirilən görüşlər izafi vaxt itkisindən savayı bir şey deyil”.

bako sahakyan ile ilgili görsel sonucu

Bununla yanaşı, türkiyəli ekspert Saakyanın ABŞ-da peyda olmasının daha bir ilginc səbəblə bağlı olduğunu düşünür. “İstisna deyil ki, tezliklə Dağlıq Qarabağda situasiya kəskinləşəcək. Separatçılar da buna görə narahatdırlar və ABŞ-a müdafiə olunmaqda kömək üçün gəlirlər. Təbii ki, heç kimlə münasibətləri korlamaq istəməyən amerikanlar bəyan elədilər ki, onlar sülhün tərəfdarıdır və regionda sabitlik üçün mümkün köməyi göstərəcəklər. Amerikanlar sözdə, vəd verməkdə ürəyigenişdirlər. Ancaq nə olur-olsun, separatçı rejimin nümayəndələri nə bəyan edir- eləsinlər, həqiqət başqadır. Əksinə, onlar bununla bir növ özlərinin önəmini artırır və özlərinə təsəlli verirlər. Bütün bu səfərlər, görüşlər, separatçıların boğazdan yuxarı bəyanatları yalnız bir məqsədə xidmət edir - özünə diqqət çəkmək”, - deyə analitik qeyd edib.

“Onların özlərini təbliğ eləməsinə ehtiyacları var. Onlara lazımdır desinlər ki, ”qorxmayın, biz sizinləyik, sizi incitməyə imkan vermərik". Ancaq ABŞ ayrı hədəf güdür. Vaşinqton Rusiyanın təsirini azaltmaq üçün Ermənistanı öz toruna salmaq istəyir. Bunu artıq Gürcüstanla edib. İndi də erməni-rus əlaqələrinə ziyan vurmaq, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsini minimuma endirməyə çalışır. Ancaq Moskva baş verənləri kənardan seyr eləməklə kifayətlənməyəcək və onun reaksiyası özünü çox gözlətməyəcək" - sonda ekspert əlavə edib.

*****

Söylənilənlərdən belə qənaət hasil olur ki, Ermənistan indi odla oynayır. Çünki bundan sonra Rusiya onun rəqib-düşmənləri ilə dost olanların davranışına xüsusi diqqət yetirəcək. Ermənistan isə Rusiya üçün müttəfiq olmaqdan çox, ondan asılı bir ölkədir, faktiki, vassaldır.

Başqa sözlə, bir var Azərbaycan kimi müstəqil xarici siyasət kursu aparan, Moskvadan iqtisadi, energetik, kommunikasiya asılılığında olmayan Azərbaycan ABŞ-a, Qərbə reverans eləsin, bir də var Kremlin asanca cəzalandıra biləcəyi, hər mənada Rusiyadan, onun təbii qazından, parasından, kreditindən, silahından asılı olan işğalçı və cırtdan Ermənistan. Bu üzdən separatçı rejimin başçısının ABŞ-a səfəri ermənilərə ciddi siyasi dividentlər yox, əlavə başağrısı gətirə bilər. Səfəri fiasko da saymaq mümkündür...

Oxşar xəbərlər