Türkiyə ərazisində ABŞ-a qarşı terror təhdidi – səfirlik qapadıldı

Türkiyə ərazisində ABŞ-a qarşı terror təhdidi – səfirlik qapadıldı Hasan Oktay: “Bu günlərdə Türkiyədə bu cür terror aktları ilə bağlı xəbərlərin sayı arta bilər”


ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də fəaliyyətini bir günlük dayandırıb. Qərar bir gün əvvəl elan edilib və səbəb kimi təhlükəsizlik təhdidi göstərilib. Bundan başqa, səfirliyin rəsmi saytında ABŞ vətəndaşlarına Türkiyə ərazisində izdihamlı yerlərdən və ABŞ səfirliyinin binasından uzaq durmaq tövsiyə olunub.

Sitat: “Populyar istirahət məkanları, ticarət mərkəzləri, bazarlar və idman-əyləncə mərkəzlərinə gedəcəyiniz təqdirdə şəxsi təhlükəsizlik və diqqətinizi artırın. Təhlükəsizliklə bağlı ailənizi və dostlarınızı məlumatlandırın, prosesləri yerli mediadan izləyin və diqqət çəkməməyə çalışın”.

Rəsmi açıqlamada qeyd olunub ki, bazar ertəsi günü ABŞ-ın Türkiyədəki (Ankara) səfirliyində viza müraciətləri, pasportun yenilənməsi və notariat xidmətləri verilməyəcək. Bu açıqlamadan dərhal sonra səfirlik binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, bina polis “mühasirəsinə” alınıb. Ankara Valiliyi yaydığı rəsmi açıqlamada qeyd edib ki, səfirlik ətrafında təhlükəsizlik tədbirləri yenidən gözdən keçirilib və əlavə tədbirlər görülüb.

Sitat: “Kəşfiyyat orqanlarımıza ABŞ mənbələrindən gələn və ABŞ səfirliyi və Amerika vətəndaşlarının qaldığı yerlərə terror təhlükəsi ola biləcəyi ilə bağlı məlumatlar əsasında təhlükəsizlik tədbirləri yenidən gözdən keçirilib və əlavə tədbirlər görülüb”.

Qeyd edək ki, gün ərzində ciddi qalmaqal olmasa da, bəzi məlumatlara görə, iki nəfər terror şübhəlisi yaxalanıb. Həm səfirliyin, həm Ankara Valiliyinin açıqlaması və həyata keçirilən terror əleyhinə tədbirlər onu göstərir ki, xəbərdarlıq kifayət qədər ciddi qəbul olunub və narahatlıq üçün əsas var. Məsələ ondadır ki, daha əvvəl də bir neçə dəfə baş verən terror hadisələri zamanı ABŞ səfirliyinin məlum xəbərdarlığının olması üzə çıxıb. Bu isə səfirliyin qərarı ilə bağlı narahatlığı daha da artırır. Digər tərəfdən, hər kəsə aydındır ki, Türkiyədə ABŞ-ın ciddi kəşfiyyat-informasiya şəbəkəsi var. Hələ “soyuq müharibə” illərində qurulan bu şəbəkə, necə deyərlər, dəfələrlə özünü təsdiqləyib. Bu səbəbdən də amerikalıların xəbərdarlığının ciddi əsaslarının olduğunu ekspertlər qəbul edir.

ABŞ səfirliyinin xəbərdarlığının məhz Afrin əməliyyatı ilə eyni günlərə təsadüf etməsi əsas diqqəti cəlb edən detallardan biridir. Bəlli olduğu kimi, hazırda Türkiyə və ABŞ arasında Afrin mövzusu, ümumiyyətlə, Suriyada kürdlərin fəaliyyəti ilə bağlı ciddi fikir ayrılıqları var. Amerikanın Suriya kürdlərinə dəstək verməsi Ankaranı qəzəbləndirir. Üstəlik, vaxtaşırı olaraq ABŞ-ın kürd terrorçularına silah və başqa hərbi yardımları etməsi ilə bağlı məlumatların yayılması Türkiyədə ciddi narazılıq doğurur. Bütün bunların fonunda Türkiyədəki ABŞ səfirliyinin hədəfə alınması təhlükənin ciddiliyindən xəbər verir.

Ankarada yerləşən “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay “Yeni Müsavat”a verdiyi açıqlamada son hadisələrin arxasında provokasiya ehtimalının olduğunu bildirdi: “Amerika Suriyada Türkiyə qarşısında sıxıntılı günlər yaşadığı üçün diqqətləri başqa yerə çəkməyə çalışır. Bunun bir nümunəsi də ABŞ-ın Türkiyədəki səfirliyini bir günlük bağlamasıdır. Ola biləcək terror aktının arxasında PKK və YPG kimi terror təşkilatları ola bilər. Məsələ ondadır ki, hazırda Amerikanın PKK və YPG-yə dəstəyini dayandıracağı ilə bağlı xəbərlər yayılır. Bunların fonunda PKK və YPG-nin Türkiyə ərazisində ABŞ maraqlarına qarşı terror törətməsi düşünülmüş provokasiya ola bilər”.

H.Oktay deyir ki, Türkiyədə həyata keçiriləcək terror aktları və onların arxasınca yayılan xəbərlər və analizlər diqqəti istər-istəməz Afrin əməliyyatından çəkəcək. Bununla da Afrin əməliyyatı müəyyən mənada kölgədə qalacaq. Ekspertin fikrincə, Afrin əməliyyatının uğurla nəticələnməsi öz arxasınca Menbic məsələsini gətirəcək. Ankara Afrindən sonra Türkiyə-Suriya sərhədindəki Menbic bölgəsini də kürd silahlılarından təmizləməklə bağlı mövqeyini ortaya qoyub. Bu səbəbdən də Hasan Oktay bu cür məlumatların əsas hədəfinin psixoloji şayiə effekti hesab edir: “Bu günlərdə Türkiyədə bu cür terror aktları ilə bağlı xəbərlərin sayı arta bilər. Lakin bütün bunlar tamamilə məqsədli psixoloji hərəkətlərdir. Türkiyəni terrora qarşı mübarizədən yayındırmağa xidmət edir”.

Oxşar xəbərlər