İraqın ölkəmizdəki səfiri: “Bərzaninin yeritdiyi siyasət diktatorluq siyasətidir” — MÜSAHİBƏ

İraqın ölkəmizdəki səfiri: “Bərzaninin yeritdiyi siyasət diktatorluq siyasətidir” — MÜSAHİBƏ
“Ölkə.Az” saytının əməkdaşı İraq Dövlətinin Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Cənab Fədil Əbəd Əl-Şüveyl ilə müsahibə edib.

Həmin müsahibəni təqdim edirik:


“Sizi İraq Respublikasının Azərbaycandakı səfirliyində salamlayıram. Söhbətimizi onunla başlamaq istəyirəm ki, İraq televiziyasının “Xəbərlər” proqramında “Azərbaycan İraq Dostluq Cəmiyyəti”-nin Bakıda keçirilmiş İraqla həmrəylik yürüşü barədə xəbərlər nümayiş etdirilir. Bu yürüş Şimali İraq Kürdistanında Məsud Bərzaninin keçirdiyi referenduma etiraz əlamətidir. Bu, Azərbaycan xalqının İraqın bütövlüyünə verdiyi dəstəyin bariz nümunəsidir. Azərbaycan Respublikası da bu referendumun nəticələrini tanımadı. Bütün dünya dövlətləri bu qanunsuzluğa etiraz etdilər”.

- Cənab səfir, Azərbaycan Respublikası ilə İraq Respublikası arasında rəsmi münasibətlər nə vaxtdan başlamışdır və indiki vəziyyət necədir?

- İraqla Azərbaycan arasındakı tarixi əlaqələr yüzilliklərlə ölçülür. Hal-hazırda İraq-Azərbaycan siyasi əlaqələri daha da sıxdır. İraq Azərbaycanın haqlı mövqeyini həmişə dəstəkləmişdir, Azərbaycan da həmişə İraqa dəstək olmuşdur. Buna da ən gözəl nümunə kimi keçirilmiş Kürdistan referendumunu tanımamasıdır. Azərbaycan İraqın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

- Münaqişələrdən zərər çəkmiş Respublika olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə rəsmi Bağdadın münasibəti necədir və bu problemin həllini hansı prinsiplər əsasında görür?

- Bildiyimiz kimi, Azərbaycan-Ermənistan arasındakı münaqişəyə İraqın münasibəti sabitdir və davamlıdır. Biz Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik. Bütövlüyünü və suverenliyini tanıyırıq. İraq BMT-nin Təhlükəsizlik Şurasının və Minsk Qrupunun qəbul etdiyi Qətnamələr çərçivəsində bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.

- Demokratiyanın bərpası adı ilə hərbi müdaxiləyə səbəb olan sünni-şiə məsələsi bugün müsəlman ölkələrinin qarşılaşdığı ən böyük problemdir. Cənab səfir, bugün İraq həmin problemlərin öhdəsindən necə gəlir?

- Bilirsiniz ki, İraq əsirlər boyu çoxmillətli, çoxkonfessiyalı bir dövlət olmuşdur. Bu ərazidə bir çox millətlər, bütün dinlərin və təriqətlərin tərəfdarları yaşayıblar və yaşayırlar. Dünyaya böyük Mesopotamiya sivilizasiyası bəxş etmiş İraq bu gün də bütün millətlərə və dinlərə bərabərlik təmin edir. İraq Konstitusiyası bütün vətəndaşlara bərabər hüquqlar və azadlıqlara təminat verir. Bugün İraq hökuməti və parlamentində bütün millətlər və təriqətlərin nümayəndələri təmsil olunurlar. Biz hamımız birlikdə İraqın çiçəklənməsinə çalışırıq.

- Cənab Səfir, Şimali İraqda və Mosul ətrafında nələr baş verir?

- Bilirsiniz ki, Şimali İraqda Bərzani öz qanuni hakimiyyətini bitirib. İndi isə neft sərvətlərinə sahib olmaq üçün belə bir fitnəyə əl atır. Bütöv İraq naminə biz hamımız birlikdə yaşayırıq və bunun üçün fəaliyyət göstəririk. Bərzaninin yeritdiyi siyasət diktatorluq siyasətidir. Onun istədiyi budur ki, bütöv İraqda öz siyasətini yeritsin. Bildiyiniz kimi, bütün dünya ölkələri bu referenduma öz etirazlarını bildirmişlər və nəticələrini tanımamışlar, bunu təfriqə kimi qiymətləndirmişlər.

İraqda ərəblər, türkmənlər və kürdlər birlikdə yaşamışlar. Kərkük İraqın ayrılmaz hissəsidir və Kürdistan viləyətinin Kərkükə heç bir hüququ çatmır. İraq mərkəzi hakimiyyəti Kərkükdə yerləşən aeroportlara, neft və qaz yataqlarına öz qanuni hakimiyyətini bərpa etmişdir. Kürdistanın bu varidata heç bir aidiyyatı yoxdur. Mərkəzi İraq hakimiyyəti Kərkükdə yaşayan bütün millətləri və təriqətlərin tərəfdarlarını İraq vətəndaşı kimi tanıyaraq hüquqlarını qoruyur. Bildiyiniz kimi, baş verən referendumu İraqın kürd vətəndaşları da qəbul etməmişlər. Mərkəzi kökumətdə, parlamentdə kürdlər də təmsil olunublar və İraqın bütövlüyünü dəstəkləyirlər. Kürd millətindən olan nazirlər, deputatlar, səfirlər və baş idarə rəisləri vardır. İraq hakimiyyəti millətlər arasındakı nisbət nəzərə alınmaqla formalaşmışdır. Dünyada qəbul edilmiş qaydalara əsasən, bir millət üstündə, bir təriqət üstündə qurulan hakimiyyət qanuni sayılmır. İraq mətbuatına baxsanız görərsiniz ki, kürdlər arasında neft sərvətlərinə sahib olmaq üçün qanlı mübarizə gedir. Biz mərkəzi İraq hakimiyyəti kimi gözləyirdik ki, Kürdistan hakimiyyəti bu müxalif fikirdən əl çəkəcək, referendumdan imtina ediləcək. Bir çox dünya dövlətləri bizə dəstək oldular, Azərbaycan hökuməti də öz mövqeyini bildirdi, referendumu qəbul etmədi. Bu günlərdə keçirilən İraqa həmrəylik yürüşü də buna bir sübutdur.

- Daha çox neft ölkəsi kimi tanınan İraqın büdcəsinin neçə faizini neftdən gələn gəlir təşkil edir?

- İraq büdcəsinin gəlirlərinin 80%-ni neft və qaz ixracatından alınan mənfəət təşkil edir. Gündəlik neft ixracatı beş milyon barrel təşkil edir. Büdcənin qalan 20%-ni gömrükdən daxil olan rüsumlar və başqa sahələrdən gələn gəlirlər təşkil edir. Buraya kənd təsərrüfatı da daxildir ki, İraq bu sahəni də inkişaf etdirir. Kənd təsərrüfatından daxil olan gəlirlər ilbəil artır. Bununla belə neft ixracatı bizim iqtisadiyyatın əsasını təşkil edir.

- Suriya münaqişəsinə və Qətər ətrafında baş verənlərə rəsmi Bağdadın münasibəti necədir?
- Bu sahədə bizim mövqeyimiz bəllidir, biz xalqın istəyini dəstəkləyirik. Hər bir xalq istədiyi dövlət quruluşunu müdafiə edə bilər. O ki qaldı terrora və terrorizmə, deyim ki, bu gün Suriyada baş verənlər həmin terrorizmin təzahürüdür. İraq həmin terrorizmlə, İŞİD-lə təkbaşına mübarizə aparırdı. Ona görə də dünya dövlətləri bizə dəstək oldular. İndiki zaman üçün biz terrorizmi parçalamışıq və terrorizmə qalib gələcəyik. Mən hesab edirəm ki, İraq xalqı, ordusu, polisi böyük qələbəyə nail olmuşlar. Bu bizim xalqın bütün bəşəriyyətə böyük hədiyyəsidir. Çünki İŞİD İslamın sülhsevər sifətini təhrif etmişdir. İraq silahlı qüvvələri isə İslamın sülhsevər olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu döyüşlər zamanı bir çox hadisələrdə bir insanın həyatını xilas etmək üçün onlarla əsgər öz həyatlarını qurban vermişlər. Budur bizim mövqeyimiz, bunu da dünyaya göstərdik.

- Cənab səfir, İraq Respublikasında baş verən münaqişələrin həlli üçün hansı şərtlər lazımdır?

- Bizim bir problemimiz var, bu da terrordur. Şimali İraqda baş verənlər bu terrorun təzahürüdür. Bizim hər bir qələbəmiz onun əksinə olan qüvvələri hərəkətə gətirir. Biz İŞİD-ə qarşı mübarizədə qələbə çaldıq. Buna cavab kimi əks qüvvələr Kürdistan referendumunu gündəmə gətirdilər. Bərzani ancaq özünü təmsil edir. Kürd xalqı vahid İraq tərəfdarıdır.

- İraq Respublikası rəsmi olaraq daha çox hansı ölkələrdən dəstək alır?

- Bütün dövlətlər bizi tanıyır. İraqın suverenliyini bütün dövlətlər, beynəlxalq təşkilatlar tanıyırlar. Bizim bir düşmənimiz var, o da süni surətdə yaradılmış sionist qurumu olan İsraildir.

- Cənab səfir, hərbi münaqişələr İraq Respublikasının zəifləməsinə təsir etdimi?

- İraq zəngin ölkədir. İraqın malik olduğu neft yataqları dünyada böyük nisbət təşkil edir. İraq mühüm strateji mövqeyə malikdir. İraq qədim sivilizasiya ölkəsidir. Yüksək mədəniyyətə malik xalqı vardır.

- İki ölkə arasında tələbə mübadiləsi Sizi qane edirmi, ümumiyyətlə Azərbaycan və İraq ali məktəbləri arasında əlaqələrdən danışardınız.

- Azərbaycanla tələbə mübadiləsi sahəsində çox istəyimiz var. Biz İslam ölkəsi kimi, bir mədəniyyətin daşıyıcısı kimi, istərdik ki, azərbaycanlı tələbələrin sayı İraqda artsın. İraqda azərbaycanlı tələbələr var, lakin onların sayı azdır. Azərbaycanda iraqlı tələbələr çoxdur, bu gün üçün 650 nəfərdir. Ancaq bizim istəyimiz odur ki, tələbələrimizin sayı daha da çox olsun. Lakin bunun qarşısını alan bəzi maneələr var. Son illər Azərbaycanda təhsil haqları artmışdır. Bu da tələbələrin sayının azalmasına səbəb oldu. İraq Ali Təhsil Nazirliyi Azərbaycanın beş universitetinin diplomunu tanıyır. Onların arasında Tibb Universiteti xüsusi yer tutur. Lakin Tibb Universitetində də illik təhsil haqqı artıb 4000 ABŞ dolları olub. Bu da tələbələrin sayının azalmasına ilkin səbəbdir. Mən Tibb Universitetinin rektoru Cənab Gəraybəyli ilə görüşmüşəm, çox xoş təəssüratlarımız var. Lakin təhsil haqqının artırılması Tibb Universitetinin özünü maliyyələşdirmə mexanizminə keçdiyi üçün məcburi tədbir olduğunu bildirmişdir. İraqlı tələbələrimiz Azərbaycanda təhsil almaqlarından razıdırlar, onlara qarşı göstərilən davranış bizi də qane edir. Bir məsələni də qeyd edim ki, bu il İraqdan Azərbaycana gələn turistlərin sayı 80 000 nəfərdən çox olub. Azərbaycandan İraqa ziyarətə gedən turistlərin də sayı 18 000 nəfərdir və bu rəqəm hər il artır. Bir xəbəri də qeyd edim ki, bu gün Mərkəzi İraq Hakimiyyəti azərbaycanlı zəvvarlar üçün qrup halında viza verir. Bu da azərbaycanlı zəvvarlara şamil olunur. Bütün başqa ölkələrin vətəndaşları üçün şəxsi viza verilir.

- Cənab Səfir, diplomatik missiyanızı həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?

- Bizim Azərbaycanla bütün sahələrdə sıx əməkdaşlığımız var. Lakin bəzi sahələrdə çətinliklərimiz hələ də qalıb. Belə ki, bu problemlər Azərbaycan mərkəzi hökuməti ilə yox, özəl sahələrdədir. Misal olaraq deyim ki, ötən il İraqdan 27 tələbə Tibb Universitetinə daxil olmaq üçün müraciət etmişlər. Məlum səbəblərə görə onlar gecikmişdilər. Bu səbəbdən də Tibb Universitetinin hazırlıq kursuna qəbul olunmamış, məcburiyyət qarşısında Neft və Sənaye Universitetinin hazırlıq kursunda oxumuşlar. Bunu səbəb göstərərək bu il onları Tibb Universitetinə qəbul etməmişlər. Bu da yeni tələbələrin Azərbaycana təhsil almağa gəlmələrinə ciddi əngəl olur.

Bizim bir çox tələbələrimiz ADA Universitetində, Neft və Sənaye Universitetində, Xəzər Universitetində oxuyurlar. Mənim bu mövzunu sizə açmaqda məqsədim budur ki, sizin informasiya vasitəsi ilə bu problemi hakimiyyətə çatdırasınız və həmin 27 tələbəmizin probleminin həllində köməklik göstərsinlər. Hər bir xarici tələbə, xüsusən iraqlı, Azərbaycanda oxuyub vətənə dönəndə Azərbaycanın səfiri kimi fəaliyyət göstərir.

Digər həllinin tapılmasını istədiyim məsələ də, İraq Mədəniyyət Mərkəzinin Azərbaycanda açılmasıdır ki, bunun üçün də səfirlik olaraq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə dörd ay əvvəl müraciət etmişik. Təəssüflər olsun ki, hələ də bir cavab gəlməyib.

Bu mərkəzin açılması vətəndaşlar arasında, işgüzar insanlar arasında İraq həqiqətlərinin çatdırılmasına xidmət edərdi. Bu gün Mərkəzi İraq Hakimiyyətinin mənə verdiyi səlahiyyətlər daxilində hər bir azərbaycanlını İraqa dəvət edirəm, hər bir işgüzar azərbaycanlını İraqda görməyə şad olardım. Bu gün İraqda geniş investisiya yatırmağa bir çox sahələr vardır ki, həmin sahələrdə azərbaycanlıları görməyə məmnun olarıq.

Söhbətləşdi: Xəyalə Süleymanqızıİraqın ölkəmizdəki səfiri: “Bərzaninin yeritdiyi siyasət diktatorluq siyasətidir” — MÜSAHİBƏ

Oxşar xəbərlər