Yasamal sakinləri şikayətçi düşüb - Prezidentə müraciət

Yasamal sakinləri şikayətçi düşüb - Prezidentə müraciət “Pravdainfo.org”a zəng edən sakinlər başlarına gətirilmiş bir müsibət barədə danışdılar. Onların sözlərindən belə məlum olurdu ki, neçə illərdir super təmir edərək yaşadıqları mənzillərindən indi məhrum edilmək təhlükəsi ilə üz-üzə qalıblar: “Yaşadığımız bina hazırda “Sovetski”nin söküntü və köçürülmə aparılmış ərazisində-Çingiz Mustafayev-43 ünvanında yerləşir. İndi 50-dən çox mənzili olan binanı hansısa məmur min bir bəhanə ilə ələ keçirmək istəyir…”.
Deyilənləri öz gözlərimizlə görmək üçün şikayətçilərin xahişi ilə əarazidə olduq…

“Yasamal Rayon İcra Hakimiyyətindən təcili köçməyimiz barədə hədə dolu bildiriş də almışıq…”

Biz “Sovetski”də, böyük söküntü və köçürülmə aparılan əraziyə çatanda binanın həyətində xeyli şikayətçi toplaşmışdı. Sakinlər-Sürahi Şükürova, Əfşan Mehdiyeva, Elsevər Babayev, Elşad Mehdiyev, Natiq Əliyev, Aslan Dəmirov və başqaları ilə söhbət etdik. Onlarla apardığımız söhbəti təqdim edirik:
-Bizi dəvət etmisiniz, buyurun, probleminiz nədir?
-Problem ondadır ki, hər birimiz külli miqdarda, mənzil sahələrinin baha, 1 dolların 78 qəpik olduğu vaxtlarda mənzil almışıq. Çoxumuz bankdan götürdüyümüz kreditləri hələ də ödəməklə məşğuluq. İndi Yasamal RİH-dən bizə bildiriş gətirilib ki, binanı tərk edib çıxın…
-Bildirişdə nə yazılıb? Yəni çıxarılmağınızın səbəbi kimi nəyi göstərirlər? Bina qəzalıdır, yoxsa nə…
-Yazıblar ki, bina dövlət ehtiyacları üçün alınır… Amma biz buna inanmırıq. Bilirik ki, bizə yalan məlumat verirlər, tələbləri əsassızdır… Bizə hər kvm.-ə 1500 manat verirlər. Məsələn, burada bütün mənzillər demək olar tam təmirlidir. Əvvəlki xərclərimizi və mənzil sahəsi qiymətlərini nəzərə alsaq, bu binada hər kvm. sahə bizə 2500-3000 manata başa gəlib. İndi 1500 manata Bakının harasında mənzil almaq olar? Nə qədər deyirik, başa düşmürlər… Binanın vəziyyətinə gəlincə isə, FHN rəy verib, yüksək texniki şərtlərlə istismara qəbul edilib…
***
Sakinlər Prezident İlham Əliyevə və Azərbaycanın 1-ci xanımı Mehriban xanım Əliyevaya, Baş nazirin müavini Abid Şərifova ünvanlı müraciətlərini də bizə təqdim etdilər. Bu barədə az sonra ətraflı bəhs ediləcək.
Qeyd edək ki, 15 mərtəbəli bina “Fuad” MMC tərəfindən yüksək keyfiyyətlə inşa olunub və FHN-nin müsbət rəyi ilə istismara qəbul olunub. Amma sakinləri buradan köçürmək istəyənlər onlara rəsmi hansısa sənəd təqdim etmirlər. Hətta onları hədələyirlər ki, mənzillərinizdə əlavə təmir aparmayın, onsuz da xərciniz batacaq.
***

Hüquqşünas –ekspert Azər Səmədov məsələ ilə bağlı bunları dedi:
-Əgər 15 mərtəbəli, əhalinin yaşadığı bina dövlət ehtiyacları üçün alınırsa, bu barədə Bakı şəhər İH-nin, yaxud Nazirlər Kabinetinin, ən nahayət, zəruri hallarda Prezidentin sərəncamı ilə ərazinin təyinatı bilinir. Dövlət bu binanı nə üçün alır? Alırsa, binadakı mənzillər real bazara uyğun qiymətləndirilməlidir, əhali narazı salınmamalıdır… Mən də hiss edirəm ki, bu bina dövlət ehtiyacları üçün deyil, hansısa məmur tərəfindən şəxsi maraqlar çərçivəsində alınır…
Daha ətraflı bir azdan bəhs ediləcək. Və hələki Yasamal RİH rəsmilərinin mövqeyini öyrənə bilmirik… Amma şikayətçilərdən bir təhlükəni eşitdik: bildirilirdi ki, bu binanı Maliyyə Nazirliyinin nəzarət-təftiş idarəsinin rəisi Cavanşir Məmmədov alır… Bax bu əsil təhlükəli məsələdir…

Oxşar xəbərlər