Süni yumurta Azərbaycanda hazırlanır?

Süni yumurta Azərbaycanda hazırlanır? Çinlilər saxta düyüdən sonra saxta yumurta da istehsal etməyə başlayıb. Bir neçə gün öncə sosial şəbəkələrdə yayılan video insanların təşvişinə səbəb olub. Belə ki, bir gənc Sabunçu rayonunda yerləşən mağazalardan birindən aldığı yumurtanı sındırdıqdan sonra onun sarısının qəribə olmasının fərqinə varır. Yumurtanın sarısını əli ilə tərpətdikdə onun plastikə bənzər şəkildə olduğuna diqqət çəkir. Bəs bu görüntülərdəki yumurta haradan gəlir və nədir?

“Qafqazinfo” xəbər verir ki, “Bizim Yol” qəzetinin yazdığına görə, hələ bir neçə gün öncə Türkiyə mətbuatında Çində saxta yumurtaların hazırlanması ilə bağlı məlumatlar yer alıb. “Milliyet” qəzetində yer alan materiala əsasən, çinlilər bununla kifayətlənməyərək sirlərini paylaşmaq üçün “saxta yumurta kursları” açıblar. Belə kurslardan biri ölkənin cənubundakı Şenjen şəhərində açılıb. Məhz həmin kursa gizli yolla daxil olan honqkonqlu jurnalistin əldə etdiyi məlumat ölkə ictimaiyyətini heyrətləndirib. Parafin və jelatin kimi müxtəlif kimyəvi maddələr sayəsində istehsal edilən yumurtaları əslindən fərqləndirmək xeyli çətindir.

Saxta məhsullar uzaq Çindən hansısa yollarla gəlib bazarımıza, süfrələrimizə daxil ola bilib. Süni yumurtanın da gətirilməsi istisna deyil. İlkin baxışda adi toyuq yumurtasından heç nə ilə fərqlənməyən saxta yumurtaları adi toyuq yumurtasından seçmək üçün diqqətli olmaq lazımdır. Belə ki, bu yumurtanın rəngi daha şəffaf olur. Qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir. Əvvəlcə yumurtanın sarısı hazırlanır. Kimyəvi qarışıq piqmentlərlə sarı rəngə boyanır, xüsusi forma verilir. Sonra bu qarışıq maddə kaliuma salınır və onun ətrafında nazik qoruyucu təbəqə formalaşdırılır. Bununla da yumurta sarısının axmasının qarşısı alınır. Bu formada yumurta sarısı zülalla böyüyür.

Hazırlanmış məhlul süni qabıqla örtülür, bir neçə dəfə parafin, gips və kalium tozundan hazırlanmış məhlula salınır. Bu yumurtalar toyuq yumurtasına nisbətən daha ucuz qiymətə satılır.

Xəbərin mətbuatda yer almasından sonra insanlar bazar və marketlərdən aldıqları yumurtalara artıq şübhə ilə yanaşırlar.

Bakı Şəhər Baytarlıq İdarəsinin nümayəndəsi də videogörüntülərdə yer alan yumurtanın süni olmasını təsdiqləyib. O bildirib ki, təbii yumurta sınan kimi sarısı da, ağı da görünür: “İçərisindən su da tökülür. Bilinir ki, bu təbii yumurtadır. Videodakı görüntülərə mən də baxdım. O saat bilinir ki, sünidir. Belə yumurtadan istifadə etmək olmaz. Təbii yumurtanın özünün keyfiyyətindən, mikrobioloji əsasından, vitaminlərindən bilinir. Süni yumurta bilinmir nədən hazırlanır. İnsana ziyan verə bilər”

Dövlət Gömrük Komitəsi yaydığı açıqlamada bildirilir ki, Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır. “2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana, ümumiyyətlə yumurta idxalı qeydə alınmayıb”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda təbii yumurtanı istehsal etmək problemi yoxdur: “Sadəcə istehsalla bağlı süni problem yaradılır. Ümumiyyətlə, Çinin istehsal etdiyi kənd təsərrüfatı, geyim, sənaye məhsulları keyfiyyət baxımından fərqlənir. Bu məhsullar dünya standartına uyğun deyil. Düzdür, Çin həm də keyfiyyətli məhsul istehsal edir, ancaq bu keyfiyyətli məhsullar Avropa bazarına ixrac olunur. Ancaq yumurta süni də olsa orada təbii qatqılardan istifadə olunub. Birbaşa süni yumurta istehsal etmək düzgün deyil. Ola bilsin, həmin yumurtanın ixracı baxımından qabığının möhkəm olması, uzun müddət saxlanılması kimi amillər nəzərə alınıb. Bu kimi hallar isə məhsulun keyfiyyətinə mənfi təsir göstərir”.

Ekspert qeyd edib ki, Azərbaycanda laborotoriyalarda peşəkar kadrlar olmadığı üçün süni yumurtaları təhlil edib tərkibində hansı zərərli maddələrin olduğunu aşkar etmək mümkün deyil: “Onsuz da Azərbaycan daxili bazarı kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilmir. Belə olan halda heç olmasa nəzarəti gücləndirmək lazımdır. Ölkəyə keyfiyyəti aşağı olan mal və məhsulların gətirilməsinə icazə verilməməlidir. Həmin məhsulların sertifikatında insan orqanizmi üçün zərərli olmadığı qeyd olunur. Zərərli deyilsə, bəs faydalıdırmı? Bizim məmurlarımız isə təəssüf ki zəhər də olsa onu ölkəyə idxal etməkdə daha maraqlıdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Bakı Şəhər Baytarlıq İdarəsinin nümayəndəsi Sabunçu bazarında süni yumurta satılması xəbərini təsdiqləyib: “Mən də çox təəssüfləndim ki, Azad İstehlakçılar Birliyində bunun nümunəsi çıxmayıb. Lakin belə bir texnologiya var. Artıq 20 ilə yaxındır ki, Azərbaycanda süni kürü istehsal olunur. Ölkəmizi kürü istehsalçısı kimi tanıyan xaricilər çox da ucuz olmayan qiymətə süni kürünü alıb aparırlar. Bizim təşkilat onun üzərindən nərə balığının şəklini götürməyə nail oldu. Yəni, Azərbaycan özü də belə şeylərdə Çindən geri qalmır. Lakin dövlət orqanlarının birinin efirdə belə yumurtanın olduğunu təsdiqləməsi, digərinin isə inkar etməsi məndə süni yumurtanın birbaşa Çindən yox, digər ölkələrdən idxal olunması fikrini yaratdı. Yəni, Çində istehsal olunan məhsul başqa ölkələr vasitəsi ilə ölkəyə gətirilir”.

Ekspert bildirir ki, yerli istehsalçılar Hacıqabul broyler kimi yumurtaların üzərində şatmp vursunlar. Beləliklə yumurtanın mənşəyi bilinər. Yaxşı olar ki, buraxılma tarixi də qeyd olunsun. Onda əhali aldanmaz” -deyə E.Hüseynov bildirib.


Oxşar xəbərlər