Oliqarxların on minlərlə hektarlıq süni balıq göllərinin ləğvi başladı

Oliqarxların on minlərlə hektarlıq süni balıq göllərinin ləğvi başladı Balıq yetişdirmək üçün yaradılan süni göllərin əksəriyyəti bağlanacaq. Xəbər verildiyi kimi, məsələ bu günlərdə, kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin başqa məqsədlərlə istifadəsinin dayandırılması və yenidən əkin fonduna qaytarılması siyasəti çərçivəsində gündəmə gəlib. Gözlənilir ki, ləğv edilmiş balıqçılıq təsərrüfatların tutduğu ərazilər əkin fonduna veriləcək. Buna səbəb kimi süni yaradılan balıqçılıq göllərinin torpağın münbit qatına ziyan verməsi göstərilir.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, araşdırmalar nəticəsində indiyədək respublika üzrə bu qaydada 304 balıq gölünün yaradıldığı müəyyən edilib. Belə süni balıq göllərinə ən çox Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Saatlı, Sabirabad, İmişli və Yevlax rayonlarında rast gəlinir.

Belə süni göllər bəzən min hektarlarla əraziləri tutur və nəticədə, kəndlərdəki münbit torpaq sahələri sürətlə göllərdən sızan suların hesabına şoranlaşaraq məhv olur. Ona görə də, faktiki olaraq torpağını əkib becərə bilməyən ailələrin dolanışığı pisləşir.

Ekoloqların sözlərinə görə, süni balıq təsərrüfatlarının əksəriyyəti torpağın təyinatı dəyişdirilmədən yaradılıb və bu göllər torpağın münbitləşməsinə mənfi təsir göstərir. Çünki əksər hallarda həmin göllərin dibi, ətrafı kifayət qədər yaxşı betonlaşdırılmadığından, torpaqın şoranlaşmasına, məhsuldarlığın azalmasına səbəb olur.

Balıqçılıq, yoxsa əkinçilik? – Sual qarşısında

Göllərin ləğvində qərarlı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla torpağın məhsuldarlığının artacağını düşünsə də, sahibkarlar əksini - göllərin ləğvinin balıq istehsalını azaldacağını iddia edirlər.

Bəs, əslində göllərin ləğvi iqtisadiyyata nə verəcək? Süni göllərin ləğvindən sonra əkin sahələrinin artması məhsuldarlığa təsir edəcəkmi? Nəzərə alaq ki, süni balıq göllərində yetişdirilən balıqların keyfiyyəti də mübahisəlidir.

Virtualaz.org saytı əsasən oliqarxlar tərəfindən yaradılmış bu göllərin ləğvi ilə bağlı ortaya çıxan suallara cavab axtarıb. Məlum olub ki, göllərin ləğvi ilə bağlı proseslərə atrıq başlanılıb.

Ekspertlər isə bütün süni göllərin ləğv olunaraq torpaqların əkin fonduna verilməsini peşəkar yanaşma saymırlar. İqtisadçı-ekspert Qadir İbrahimli hesab edir ki, süni göllərdə balıq yetişdirmə də iqtisadiyyatın bir hissəsidir və həmin gölləri ləğv etmək olmaz. Q.İbrahimlinin virtualaz.org-a bildirdiyinə görə, burada qiymətləndirmə aparımalı, göllərin nə dərəcədə faydalı olub-olmaması müəyyənləşdirilməli və mülkiyyət hüququna hörmət olunmalıdır:

“Belə göllərin bir hissəsi qanunsuz salınan göllərdir. Sadəcə, həmin göllərin fəaliyyətini leqallaşdırmaq, vergiyə cəlb etmək lazımdır ki, biznesin bu növü də inkişaf etsin. Çünki əhalini balıq və balıq məhsulları ilə təchizatında bu göllərin əhəmiyyətli rolu var. Mən hesab etmirəm ki, həmin gölləri alıb təzədən əkinçilik sahəsinə qatmaqla dövlət qazanacaq. Bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Ola bilər ki, həmin göllərdə balıqların yetişdirilməsi dövlətə, cəmiyyətə, iqtisadiyyata daha çox xeyir versin, nəinki həmin torpaqlarda əkinçiliklə məşğul olmaq. Mən bu məsələyə kütləvi yanaşmanın tərəfdarı deyiləm. Yəni “bütün torpaqlar əkin fonduna verilməlidir” demək peşəkar yanaşma deyil. Sırf balıq təsəürrüfatı üzrə ixtisaslaşmış ekspertlərin iştirakı ilə məsləhətləşmələr aparılmalıdır ki, süni balıq göllərinin iqtisadiyyat üçün faydalı olub-olmadığı öyrənilsin. Yalnız bundan sonra qərar vermək olar”, - deyə ekspert bildirib.

Oliqarxların on minlərlə hektarlıq süni balıq göllərinin ləğvi başladı





Yalnız xüsusi texnologiyalardan istifadə olunmalıdır - nazirlik

Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyində hesab edirlər ki, həmin göllər vətəndaşların mülkiyyətinə pay torpağı kimi verilmiş əkin sahələrində, dövlət mülkiyyətinə aid qış otlaqlarında, dövlət ehtiyat fondu torpaqlarında və bələdiyyə mülkiyyətinə aid örüş-otlaq sahələrində yaradılıb. Buna görə də, torpaqların bərpası üçün süni balıq göllərinin ləğvi vacib amildir.

Bir müddət öncə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da bildirmişdi ki, vaxtilə pambıq və üzümçülük sahələri indi süni göllərə çevrilib ki, bu da hər ötən gün torpağı bir az daha əkinə yararsız hala salır. Yalnız xüsusi texnologiyalardan istifadə edildiyi halda süni göllərin yaradılmasına icazə veriləcək. Bu isə sahibkara baha başa gəldiyindən, çoxunun bu sahədən uzaqlaşacağı ehtimal edilir.

Nazirlik süni balıq təsərrüfatlarının ləğvində qərarlıdır. Artıq bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayon İcra Hakimiyyətləri ilə birgə, torpağın yararlılıq qabiliyyətini aşağı salan bütün göllərin aşkarlanması üçün araşdırmalara başlayıb. Bu ilin sonuna kimi Salyan, Neftçala, Saatlı, Sabirabad və digər rayonların ərazisində yaradılan süni balıq göllərinin əksəriyyəti ləğv olunacaq.

Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevin sözlərinə görə, Azərbaycan ərazisində yüzlərlə qanunsuz yaradılmış süni balıq gölü ləğv olunacaq:

Oliqarxların on minlərlə hektarlıq süni balıq göllərinin ləğvi başladı








“Ekologiya nazirliyi müntəzəm araşdırma aparıb, icra hakimiyyətlərinə müvafiq məktublar göndərib. Belə göllər əsasən Salyan, Neftçala, Saatlı, Sabirabad rayonları ərazisindədir. Aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb. Çünki torpaq təyinatına uyğun istifadə olunmalıdır. Əvvəllər biçənək sahələrində suvarma gölləri sonradan süni balıq gölü kimi istifadə olunub. Bütün qanunsuz yaradılmış, standartlara cavab verməyən, beton örtüklə örtülməyən təsərrqflar ləğv olunacaq”, - deyə nazirlik rəsmisi bildirib.

Artıq süni göllərin ləğvinə başlanıb

Saatlı rayon kənd təsərrüfati idarəsinin rəisi Ağa Əsədovun virtualaz.org-a bildirdiyinə görə, müvafiq qurumlarla birlikdə ərazilərə baxış keçirilir və yaxın vaxtlarda rayondakı bütün süni balıq gölləri ləğv olunacaq.

“Hazırda süni balıq göllərinin ləğv edilməsi ilə bağlı işlər aparılır. Rayonda olan bütün süni göllərin ləğv olunması ilə bağlı məsələ qaldırmışıq. Əslində, bizim rayonda belə göllər o qədər də çox deyil, cəmi 5-6 nəfər sahibkara məxsus bu cür göl var. Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə həmin ərazilərə baxış keçirib və süni balıq göllərinin sahiblərinə məktub ünvanlanacaq”.

İcra Hakimiyyəti rəsmisinin sözlərinə görə, Saatlı rayonunda olan bütün süni göllər qanunsuz salınıb:

“Bəziləri öz sahəsinin kənarında olan çökək yeri süni balıq gölü kimi istifadə edir, eləsi var çöl-qışlaq torpağında süni balıqçılıqla məşğul olur. Bunlar hamısı qanunsuz salınıb və həmin ərazilər torpaq fonduna veriləcək. Belə torpaqlar hazırda əkinə yararlı deyil. Onların əkin torpağı kimi istifadə olunması üçün minlərlə maşın torpaq tökülməlidir”, - deyə A.Əsədov bildirib.

Neftçala İcra Hakimiyyətindən isə bildirdilər ki, rayon ərazisində qanun çərçivəsində fəaliyyət göstərən süni göllərlə bağlı heç bir problem olmayacaq. Onlara dövlət tərəfindən lazımi dəstək verilir. Lakin qanunsuz şəkildə salınan süni göllər ləğv olunacaq:

“Neftçalada balıqçılıq təsərrüfatları əvvəllər də olub və onlar özəlləşməyə gedib. Hazırda bu təsərrüfatlar nəzarətdədir və orada bizim camaat işləyir. Amma bunlarla yanaşı, qanunsuz fəaliyyət göstərən təsərrüfatlar da var. Onlara qarşı səlahiyyətlərimiz çərçivəsində mübarizə aparırıq. Amma hələ həmin torpaqların alınaraq əkin fonduna verilməsi dəqiq məlum deyil. Çünki əkin fonduna verilməsi üçün gərək torpağın təyinatı dəyişdirilsin. Bu məsələ isə Nazirlər Kabinetinin səlahiyyətləri çərçivəsindədir. Ola bilər ki, əkin üçün deyil, xırda buynuzlu mal-qaranın otlaq sahəsi kimi də istifadə oluna bilər. Bununla bağlı araşdırma aparılır”, - deyə İcra hakimiyyətindən bildirilib.

Süni göllərdə yetişdirilən balıqlara heç kim nəzarət etmir

Süni yaradılan göllərdən tutulan balıqların orqanik olub-olmaması ilə bağlı heç bir dövlət orqanından məlumat ala bilmədik. Amma onu öyrəndik ki, belə göllərin suyu vaxtlı-vaxtında dəyişdirilmədiyindən, buradakı balıqlar o qədər də keyfiyyətli olmur. Hətta bu cür təsərrüfatlarda çalışan işçilər öz evlərinə öz bəslədikləri balıqları aparmırlar.

Belə balıqlar necə yetişdirilir, necə qidalandırılır, onu da bilən tapılmadı. Müraciət etdiyimiz icra hakimiyyətləri və nazirliklər belə göllərdə yetişdirilən balıqların keyfiyyəti ilə bağlı rəy verə bilmədiklərini dedilər:

“Biz öz səlahiyyətimiz çərçivəsində torpağı təyinatına uyğun istifadəyə verəcəyik. Balıqların keyfiyyətinə isə müxtəlif dövlət orqanları rəy verirlər. Bunu onlardan soruşun”, - deyə müraciətə cavab olaraq bildirilib.

Müxtəlif dövlət orqanları - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, o cümlədən, müvafiq icra hakimiyyətləri belə balıqların keyfiyyətinə nəzarət etmədiklərini bildirdilər. Belə məlum oldu ki, bu balıqların hansı keyfiyyətdə olmasından heç kəsin xəbəri yoxmuş...

Oxşar xəbərlər