Qədim tarixi və zəngin mədəniyyəti olan bir ölkədə, insanlıq tarixinin bir çox əlamətdar hadisələrinin baş verdiyi, sivilizasiyaların beşiyi olmuş bir coğrafiyada yaşayırıq.
Bütün dünyaya qədim mədəniyyətimizdən, musiqimizdən, incəsənətimizdən və zəngin milli mətbəximizdən danışırıq. Ümumiyyətlə, bütün qədim mədəniyyətlərin nümayəndəsi olan xalqlar kimi biz azərbaycanlılar da sahib olduğumuz dəyərlərlə fəxr edir, hətta öyünürük. Öyünməyi çox sevirik. Ölkəmizin qədimliyi ilə və dünya mədəniyyətinə, ədəbiyyatına, xüsusən də musiqisi və mətbəxinə verdiyimiz töhfələrə görə bəzən təkəbbürlücəsinə qürrələnirik də...
Uzun illərdən, onilliklərdən sonra müstəqilliyinə çox böyük çətinliklərlə qovuşmuş ölkəmizin dünyada tanıdılması, daha doğrusu müstəmləkə illərində dünyanın yaddaşından silinmiş Azərbaycanı yenidən dünyaya təqdim etmək, dünya xalqlarının qarşısına öz mədəni irsimizlə çıxmalıyıq. Xalçaçılıqdan əl sənətinə, nəqqaşlıqdan dülgərliyə, misgərliyə və papaqçılığa qədər yaşadığımız ölkənin heç olmasa ən görməli guşələrində də olsa belə qədim mədəniyyətimizi müasir dövrümüzdə də yaşatmalı, ölkəmizə gələn qonaqlarda mədəni irsimiz haqqında təsəvvür formalaşdırmalıyıq.
Tarixən ipəkçiliyin, xalçaçılığın mərkəzi hesab olunan Azərbaycanda bu gün hər iki sahə ölmüş vəziyyətdədir. Dünyaya bahalı xalça və ən kefiyyətli ipək satan Azərbaycana bu gün xalça və ipək xaricdən gətirilir. Şəhərimizin ən mərkəzi hissələrində xarici geyim brendlərinin mağazaları, mobil telefon dükanları və dönərxanalardan başqa milli mədəniyyətimizi özündə əks etdirən heç bir ticarət nöqtəsi, ticarət köşkü yoxdur. Bir vaxtlar bütün şəhərdə bir neçə papaq ustasından biri olan papaqçı Mustafa dünyasını dəyişəndən, onun Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev küçələrinin kəsişməsindəki emalatxanasının yerləşdiyi binanın və bütövlükdə o məhəllənin sökülməsindən sonra artıq şəhərin mərkəzi hissəsində papaq dükanı belə yoxdur. Hər tərəf türk və Avropa geyimlərinin işıqlı reklamı, içərisində isə Çin sintetik tekstilinin satıldığı, şəhərimizin milli görünüşünü kobudcasına pozan mağazalarla doludur.
Son illər ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli mötəbər idman yarışları, beynəlxalq siyasi-iqtisadi forumlar, konfranslar və digər tədbirlərdən sonra əcnəbilərin diqqəti Azərbaycana yönəlib. Əsas hissəsi İran və ərəb ölkələrindən olan minlərlə turist ölkəmizə axın etməyə başlayıb. Bakı başda olmaqla Azərbaycanın Gəncə, Şəki, Qəbələ, Zaqatala, Şamaxı kimi şəhərləri turistlərin görünməmiş axınına məruz qalıb. İndi gəlin görək biz bu qədər əcnəbi qonağa Azərbaycan mədəniyyətini necə tanıtdırırıq. Yuxarıda qeyd etdiyim kimi hər tərəf "çin geydirməsi" türk və Avropa adı altında satılan geyim əşyaları, üstündə əti qaralmış dönər aparatları, gigiyena qaydalarına diqqət yetirilməyərək cızhacızla qızardılan kartof peraşkiləri və qarın qutabları...
Mətbəx bu günümüzdə ən mühüm mədəniyyət təbliğatı vasitəsidir. Ağıllı və vətənpərvər iş adamları sərmayə qoyduqları ölkələrdə öz millətlərinin mətbəxini xaricilərə təqdim edən restoran və yeməkxanalar açırlar. Bu gün dünyanın inkişaf etmiş qitələri olan Avropa və Amerikada qədim Asiyadan bu qitələrə axın edən asiyalıların mədəniyyətinin izlərini görürük. Çin, Hindistan, Yaponiya, Türkiyə və digər Asiya ölkələrinin xalqlarının milli mətbəxini, özlərinə xas olan memarlıq üslubunda tikilmiş minlərlə yeməkxana, suşi-bar, kababxana və digər yerləri görmək olar. Qədim ölkəmizin milli mətbəxinin ləziz təamlarını isə biz öz ölkəmizin paytaxtında əcnəbi qonaqlara, turistlərə təqdim edə bilmirik. Təqdim etmək istəmirik sadəcə. Niyəsini deyə bilməyəcəm, amma şəhərimizin küçələrini gəzərkən ətrafda heç nəyin Azərbaycana məxsus olmadığının şahidi olursan və gözünün önündə bu səhnə canlanır:
Türk dönəri, gürcü xəngəli, qamburqer, lahmacun, "Çudo Peçka", çizburqer və son zamanlar dəbə minmiş ALMAN SOSİSLƏRİ. Hər gün yolumun üstündəki qədim binanın qarşısındakı bu köşkü görəndə daxilən utanc hissləri keçirirəm. 1926-cı ildə tikilmiş, yerli əhəmiyyətli memarlıq abidəsi olan Bakı Dəmir Yol vağzalının möhtəşəm binasının qarşısındakı donuz ətindən hazırlanmış ƏSL ALMAN SOSİSLƏRİNİN satıldığı köşkü görəndə yadıma "dağılan" "əhalisi acından ölən" Almaniya düşür. Bakı vağzalının qədim binasının içərisində isə məşhur amerikan "fast-food"u KFC-nin toyuq qamburqerlərinin satıldığı restoran yerləşir. Binanın tikildiyi tarixi göstərən lövhənin üzərində də əvvəllər 500 metr uzaqdan belə oxunan iri hərflərlə yazılmış KFC yazısını görmək olardı. Sonradan o yazını oradan sökdülər. Yəqin vicdan əzabı çəkiblər. Neynək, bu özü də böyük irəliləyişdir...
P.S. Doğrudanmı qədim mədəniyyətimiz, incəsənətimiz, zəngin mətbəximiz elə bundan, bunlardan ibarətdir? Bəs haradadır Azərbaycan?!
Məsul redaktordan