300-1500 manat maaşı olan iş yerləri açılacaq

300-1500 manat maaşı olan iş yerləri açılacaq Mingəçevir Sənaye Parkının ərazisində 9 fabrik yaradılır

Mingəçevirdə fəaliyyətə başlayacaq Sənaye Parkında yeni müəssisələr işə düşəcək. Fins.az-ın məlumatına görə, bura ayaqqabı, corab, iplik, geyim və boya fabrikləri daxildir. Bu barədə prezident İlham Əliyevin iştirakı ilə parkın təməlqoyma mərasimində layihənin rəhbəri Mehriban Axundova bildirib. Onun sözlərinə görə, Mingəçevir Sənaye Parkının ərazisində ümumilikdə 9 fabrik - pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiş və tibbi kosmetika fabrikləri inşa edilib istifadəyə veriləcək.

Pambıq İplik Fabriki - 460 iş yeri

Mingəçevir Sənaye Parkı nəzdində açılacaq Pambıq İplik Fabrikində ilkin mərhələdə illik 10 min ton, növbəti mərhələdə isə 20 min ton pambıq iplik istehsalı nəzərdə tutulur. Hazırda Azərbaycanda ildə 17 min ton pambıq iplik istehsal olunur. Sənaye Parkı nəzdində açılacaq yeni iplik fabriki Azərbaycanda pambıq iplik üzrə istehsalı 115 faiz artırmaqla yanaşı, idxaldan asılılığı tam aradan qaldıracaq və böyük ixrac imkanları yaradacaq. İstehsal olunan 10 min tona qədər iplik ixrac edilməklə ölkəmizə ildə 25 milyon ABŞ dollarından çox xarici valyuta gətirəcək. Bu fabrikdə 460 yeni iş yeri açılacaq. Fabrik Avropa və Yaponiya ölkələrinin qabaqcıl texnologiyaları əsasında tam avtomatlaşdırılmış müasir avadanlıqlarla təchiz olunacaq.

Akril və yun iplik fabrikləri - 800 iş yeri

Sənaye Parkı nəzdində pambıq ipliklə yanaşı, Azərbaycanda böyük tələbat olan akril iplik və yun iplik fabrikləri də inşa ediləcək. Akril İplik Fabrikinin ilkin mərhələdə istehsal gücü 3 min ton olacaq və bu fabrik fəaliyyətə başladıqdan sonra akril iplik üzrə idxaldan asılılıq tam aradan qaldırılacaq. Fabrikin Avropanın qabaqcıl texnologiyaları - Fransanın NSC Schlumberger, Almaniyanın Zinser, İtaliyanın Savio şirkətlərinin ən müasir avadanlığı ilə təchiz olunması nəzərdə tutulub.
Yun İplik Fabrikinin illik istehsal gücü 3 min ton nəzərdə tutulub. Yunun ilkin emalı Azərbaycanın Aran bölgəsində, emal olunmuş yundan iplik istehsalı isə Mingəçevir Sənaye Parkının Yun İpik Fabrikində həyata keçiriləcək. Akril və yun iplik fabriklərində 800-dən çox iş yerinin açılması nəzərdə tutulur.

Corab Məhsulları Fabriki - 650 iş yeri

Mingəçevir Sənaye Parkı nəzdində inşa ediləcək Corab Məhsulları Fabriki ilkin mərhələdə Azərbaycanın corab məhsulları üzrə tələbatın 50 faizini təmin edəcək, burada ildə 35 milyon cüt corab istehsal olunacaq. 533 toxuma dəzgahı quraşdırılacaq həmin fabrikdə Avropanın ən qabaqcıl texnologiyaları tətbiq olunmaqla, dünyada yeganə tikişsiz corab hörgü avadanlığının istehsalçısı İtaliyanın Lonatti və Technopea şirkətlərinin dəzgahları quraşdırılacaq. İlkin mərhələdə 500 corab hörgü dəzgahı gətiriləcək, növbəti mərhələdə isə dəzgahların sayı ikiqat artırılaraq minə çatdırılmaqla illik 70 milyon cüt corab istehsal olunacaq. Bu sahə üzrə idxaldan asılılıq tam aradan qaldırılacaq, Corab Məhsulları Fabrikində 650 yeni iş yeri açılacaq.

Ayaqqabı Fabriki - 300 iş yeri

Park nəzdində inşa ediləcək Ayaqqabı Fabriki illik 1,5 milyon cüt dəri ayaqqabı və xüsusi təyinatlı işçi ayaqqabıları istehsal edərək, idxaldan asılılığı qismən azaldacaq. Fabrikdə ayaqqabı istehsalında ən yeni texnologiyalar tətbiq olunmaqla, Avropanın qabaqcıl şirkətlərinin avadanlığı quraşdırılacaq. Fabrikə 300 işçinin işə qəbul edilməsi nəzərdə tutulub.

Tibbi Kosmetika Fabriki - 270 iş yeri

Mingəçevir Sənaye Parkı nəzdində inşa ediləcək Tibbi Kosmetika Fabrikində iplik fabrikinin pambıq mahlıcı və iplik tullantıları təkrar emal edilərək steril pambıq, tibbi sarğı bezləri və bandajları, qulaq təmizləmə çöpləri və makiyaj bezləri istehsal olunacaq. Fabrikdə illik 55 milyon ədəd hazır məhsul buraxılacaq. Burada 270 yeni iş yerinin açılması planlaşdırılır.

Toxuma Fabriki - 450 iş yeri

Azərbaycanda növbəti 5 il ərzində xam pambıq istehsalının 700 min tona çatdırılması nəzərə alınaraq Sənaye Parkı nəzdində fəaliyyət göstərəcək İplik Fabrikində istehsal olunan pambıq ipliyin hazır məhsula çevrilib dəyərinin artırılması məqsədilə müxtəlif təyinatlı və geniş çeşidli 100 faiz pambıq toxuma məhsulları istehsal ediləcək. Fabrikin illik istehsal gücü 15 milyon metr toxuma məhsulları təşkil edəcək. Toxuma Fabrikində Avropanın aparıcı şirkətlərinin çözgü və toxuma avadanlığı quraşdırılacaq. Fabrikdə 450 yeni iş yerinin açılması nəzərdə tutulub.

Parça Boyama Fabriki - 260 iş yeri

İstehsal olunan xam parçanın boyanması məqsədilə Sənaye Parkının nəzdində, həmçinin Parça Boyama Fabriki istifadəyə veriləcək. Fabrik tam fəaliyyətə başladıqdan sonra Azərbaycanda boyalı toxuma məhsulları üzrə ümumi istehsal həcmi 100 faiz artırmaqla yanaşı, idxaldan asılılıq tam aradan qalxacaq və böyük ixracat imkanları yaranacaq. İldə 10 milyon metrə qədər toxuma məhsulları MDB ölkələri və Türkiyə Respublikasına ixrac edilməklə ölkəyə ixracatdan və satışdan xarici valyuta cəlb olunacaq. Parça Boyama Fabrikində 260 yeni iş yerinin açılması gözlənilir.

Tikiş fabriki - 2 mindən çox iş yeri

Sənaye Parkı nəzdində ölkəmizdə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan olan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng Tikiş Fabriki yaradılacaq. Fabrikdə Almaniya və Yaponiya istehsalı olan müasir tikiş avadanlıqları quraşdırılacaq və ildə 2 milyon ədəddən çox geniş çeşidli və müxtəlif təyinatlı geyim və tekstil məhsulları istehsal olunacaq. Bununla da hazır tekstil məhsulları və geyim üzrə idxaldan asılılıq ən azı 30 faiz azalacaq. Tikiş Fabrikində 2 mindən çox yeni iş yeri açılacaq.

Maaşlar 450-1500 manat arasında olacaq

M.Axundovanın sözlərinə görə, Mingəçevir Sənaye Parkı Azərbaycan Respublikasının yüngül sənaye sahəsində idxaldan asılılığın aradan qaldırılmasında və ixrac potensialının artırılmasında, milli tekstil brendlərin yaradılmasında, ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında ciddi rol oynayacaq. Mingəçevir Sənaye Parkında ilkin mərhələdə 2 min yeni iş yeri yaradılacaq. Park tam gücü ilə fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı ümumilikdə, 5,5 minə çatdırılacaq. Park üzrə orta əmək haqqı 450 manat - fəhlə heyəti üçün 350 manat, operator heyəti və ustalar üçün 450 manat, sahə rəhbərləri üçün 800 manat, istehsalat rəhbərləri üçün 1500 manat orta əmək haqları nəzərdə tutulur.

İşçilər sığortalanacaq

Professional və ixtisaslı kadrların hazırlanması məqsədilə park nəzdində müasir tədris-təlim mərkəzi açılacaq və xaricdən dəvət olunacaq təcrübəli mütəxəssislərin iştirakı ilə yeni müasir istehsal texnologiyaları və prosesləri üzrə yerli peşəkar gənc kadrların hazırlanması üçün bütün şərait yaradılacaq. Gənc kadrlarla yanaşı, vaxtilə Toxuculuq Kombinatında çalışan ixtisaslı kadrlar üçün də iş imkanları yaranacaq. Mingəçevir Sənaye Parkı işçilərini pulsuz keyfiyyətli nahar yeməyi, fərdi mühafizə vasitələri ilə təmin etməklə yanaşı, onların həyat və sağlamlığının müdafiəsi üçün yüksək səviyyədə sığorta xidmətləri də təşkil edəcək.

Oxşar xəbərlər