“Bizi yan-yana uzatmışdılar, o öldü...” - Müsahibə

“Bizi yan-yana uzatmışdılar, o öldü...” - Müsahibə 2009-cı ildə avtomobil qəzasında istedadlı şair Fərhad Mete vəfat etdi. Onunla eyni maşında qəzaya düşən başqa bir talantlı şair də vardı – İlham Çərkəz. O vaxtdan İlham Çərkəz də mətbuatda görünmədi. Bu günlərdə isə onunla görüşüb mərhum şair Fərhad Mete haqqında danışdıq.

İlham üçün Fərhad Metenin ölümünü xatırlamaq çətindir, ağrılıdır, həmin hadisələr onun ürəyinin ən dərin qatını didib-dağıdır...

Xəbərsizik: min-min fikrindən, saysız-sanasız hislərindən, ürəklə dialoqlarından...

Fərhad Mete ilə İlham Çərkəz dostluğu, doğurdan da, qibtə ediləsi, yaxşı mənada həsədə layiq idi. İlham ədəbi mühitdən, simsarlardan, candanəzilərdən qaçır, çünki özünü Fərhadın ölümündə günahkar bilir. Ancaq İlhamı bir sıra söz adamları yaxşı tanıyır, ürəyinin yuxalığına, dostluğuna bələdirlər və bir quşu da incidə bilməyən birinin Fərhadın ölümə bais olmadığını bilirlər. O nəinki insanı, heç şeytanı da “incitmək” barədə düşünməyib və bu həlimliyin izlərinə şeirlərində də rast oluruq:

Kaş şeytana gül ataydıq,
Daş atıb düşmən elədik.

- Faktlar sarıdan Fərhadla bağlı olsun ki, səndən çox məlumatlıyam, amma söhbətə haradan başlayacağımı bilmirəm. Sadə bir yol tutub danışaq hər halda... Fərhadla dostluğunuz necə başlamışdı?

- Fərhadla Sumqayıtda şair, kitabçı Xan Rəsuloğlunun kitab mağazasında tanış olduq. Onda Fərhad arıq idi, həmən gün xeyli kədərli görünürdü. Mən o vaxt Xan Rəsuloğlunun kitab mağazasına tez-tez gedirdim, kitablar alırdım, oxumağa götürürdüm, saatlarla söhbətləşirdik. Vaqif Bayatlının belə misraları var:

Eyni taleli insanlar
eyni qapını döyürlər.

Mən isə o vaxt, yəni 2000-ci illərin əvvəllərində azmış-avara, həyatda öz yerini tapa bilməyən insan idim, Xan Rəsuloğlunun kitab mağazasını özümə təsəlli yeri bilirdim. Bir gün gəldim gördüm ki, Xanın kitabxanasında mən taleli bir adam da var və beləcə dost olduq. Orda bir lətifə danışdı, mən o lətifədən bir məqamı tutdum, Fərhad bildi ki, həmin məqamı az-az adam qana bilir və xeyli güldük. Ondan sonra üç aydan bir, beş aydan bir görüşürdük. Sonralar isə lap tez-tez. Görüşəndə çox vaxt içirdik və ədəbiyyatdan az danışırdıq. Ancaq danışmasaydıq da, nə düşündüyümüzü bilirdik, bilirdik ki, biz eyni vaxtda nə haqda fikirləşirik: Yəni hansı yazı bizə nə cür təsir edir, hansı əsər haqda nə düşünürük. Bu tanışlıq tale məsələsi idi, bizim yazmağımız da eyni vaxtda başladı. Əslində, biz həmişə yazırdıq, ancaq çap haqqında, tanınmaq barədə düşünmürdük. Sonra Bakı Slavyan Universitetinin “Yaradıcılıq fakültəsi”ndə oxuduq.

- Ora yolunuz necə gedib çıxdı?

- Xan Rəsuloğlu bir gün zəng elədi ki, Slavyan Universitetində belə bir fakültə açılıb adınızı vermişəm ora. Biz də sevindik, çünki həmişə ədəbiyyata uzaqdan baxmış adamlar, birdən-birə gəlib düşdük ədəbi mühitin içinə. “Yaradıcılıq fakültəsi”nə gəldik, gördük çox maraqlı mühitdi və bizim həyatımızda iki-üç il ədəbiyyatla bağlı çox maraqlı illər oldu. Bizim həyatımızda çox aktiv dövr başladı, kimlərsə bizim şeirlərimizi oxudular, bəyəndilər, təhlil elədilər. Əslində, az dövr çəkdi yazmaq istəyimiz. Fərhad uzun müddət qeydlər aparırdı, ancaq heç kimə demirdi ki, yazıram, yaradıcılıq fakültəsində məlum oldu ki, əməlli-başlı yazırmış, özü də çoxlarından yaxşı...

- Bayaq sözünü kəsmədim, ancaq indi soruşa bilərəm: Fərhadın danışdığı, sizi dostlaşdıran, gülüşünüzü bölüşdüyünüz həmin lətifə yadındadımı?

- Hə... Niyə yadımda deyil? Deyir biri narkoman möhkəm çəkibmiş, hallıymış. Gəlir bir qapını döyür, bir qadın açır, soruşur ki, xanım, mən burda yaşayıram? Qadın da deyir ki, yox, siz burda yaşamırsınız. İkinci dəfə yenə gəlib eyni qapını döyür və həmin sualı verir, qadında eyni cavabı. Üçüncü dəfə də eyni hadisə təkrarlananda qadın narkomanı söyür ki, dedim axı siz burda yaşamırsınız. Narkoman da qayıdır ki, necə olur e siz hər yerdə yaşayırsınız, mən heç yerdə yaşamıram? (gülürük)



- Belə lətifələri, baməzə söhbətləri, diri ironiyaları Fərhadı simsarlara, ədəbiyyat adamlarına şeirləri qədər sevdirirdi...

- Fərhad çox maraqlı insan idi. Elə adamlar var ki, yaxşı yazırlar, ancaq darıxdırıcı adamdılar. Ancaq Fərhad düşdüyü ortamlarda həmişə mərkəzdə olurdu. Onun insanlara verdiyi müsbət enerji hamıya xoş təsir bağışlayırdı. Hansı məclisdə olsaydı, bütün hadisələr onun ətrafında cərəyan edirdi, hamı ona müraciətlə danışırdı. Ancaq sonra məlum oldu ki, onun gülüşünün altında kədər yatırmış. Bizə təlqin edirdi ki, ölümdən yazmaq, insanlara pis şeylər haqqında danışmaq olmaz. Lazım olsa insanları aldatmaq, onlara pozitiv düşüncələrə kökləmək lazımdı. Ancaq vəfatından sonra onun qeyd dəftərini oxuyanlar dedilər ki, ölümdən çox yazırmış. O, qəribə insan idi, yuxulara çox inanırdı. O, ölümün dəqiq bilirdi. Sonrakı hadisələrlə müqayisə edəndə, bu fikrə gəldim.

- Son dediyin fikri - ölümünü dəqiq bilməsini bir az daha əhatəli necə izah edə bilərsən?

- O ölümünə yaxın belə bir şeir yazmışdı:

sonra onlar gəldilər - tanımadığım yad adamlar

boyları boyumdan uca, addımları addımlarımdan iri

hamısı canlı, hamısı diri
qapımı döydülər,
işıqları yandırdılar, bir bütöv çörəyi böldülər
su içirdilər
qorxum, təlaşım çəkildi getdi, pəncərəmi açdılar
onun adını ucadan söylə dedilər
adının hər hərfini bir quş alıb apardı
qalxdılar getmək üçün sonuncu ayaq saxladı və dedi:
"bir böyük yatağın üstündə iki nəfər -
biri ölər, biri qalar ..."
yatdım, yuxumda çatlamış toxum gördüm
içindən ağac çıxdı, altında quşlar kölgələndi
bir də o adam, yanında su və bir bütöv çörək
gülümsəyək dedi "xoş gəldin ..."

Bu şeirdə o biri dünyaya bir keçid var, şeir İsa Məsihlə bağlıdı. O dünyada İsanın onun qarşılaması məsələsi var, deyir “xoş gəldin...” Vəfatından sonra bir də oxudum, gördüm Fərhad öz ölümü yazıb.

Bir hadisə də danışım: Biz Ağsuda park tikirdik, orda işlədiyimiz dövrdə axşamçağı toranlıq idi, gördüm Fərhad uzanıb, çox pis vəziyyətdədir. İşıq da sönüb, qaranlıq otaq... Otaqdan çıxmaq istəyəndə dedi: Dayan, sənə söz deyəcəm. Çox qəribədir ki, heç vaxt mənimlə belə kədərli danışmamışdı. Həmişə gülürdü və Fərhad daha çox o gülüşü, ucadan qəhqəhəsi ilə dostlarının yadında qalıb. Dedi görmüşəm nə olacaq, bilirəm, bizi yuxuda yerin altına dəmirin içinə saldılar, ağzımızı bağladılar. Sonra başladı ağlamağa, arxasını danışmadı. Mən də sakitləşdirdim ki, yuxudur da, adam gündə yuxuda min cür yuxu görür, hamısı olmur ki... Dedi yox, sən bilmirsən, boş şey deyil. Bəlkə də, o mənim sağ qalacağımı da bilirdi. Həmin hadisədən iki ay sonra biz avtomobil qəzasına düşdük. Görünür, yuxusundakı məqamları sonra şeirinə də köçürübmüş...

" bir böyük yatağın üstündə iki nəfər -
biri ölər, biri qalar ..."

Sonra bizi xəstəxanada görən adamlar dedilər ki, sizi yan-yana uzatmışdılar. Fərhadın anası təcili yardımla gələn tibb işçilərinə demişdi ki, ona bir şey olsa sizi tutduracam. Onlar qorxub Bakıya aparmamışdılar Fərhadı. Həmin vaxt tibb işçiləri mənim anama demişdilər ki, onda sizin oğlunuzu Bakıya aparaq. Anam demişdi ki, yox, Fərhad harda, İlham da orda. O gecə biz xəstəxanada birgə qalmışdıq – şeirində dediyi kimi bizi yan-yana uzatmışdılar. Həmin gün o ağ paltarda idi, mən qara paltarda, həkimlər demişdilər ki, ağ paltarlıya ümid azdır... Ağ ilə qaranın da qəribə simvolikası var...

- Sizin dostluğunuzda gözəgirən bir azadlıq vardı, çox xoşbəxt idiniz, elə bil bu “mən ölüm, sən öləsən” bilməyən dünyanı unutmuşdunuz...

- Düz deyirsən... Biz üç il dostluq etdik, mən ondan ayrılmaq istəyirdim, çünki biz azadlığın vəhşilik həddində, ölümlə həyatın qırmızı-xəttində yaşadıq o illərdə. Sonra başa düşdüm ki, insan taleyindən qaça bilməz, Fərhadla içimdəki asiliyə də son qoyuldu. Amma o vaxt Fərhad qədər bilməsəm də, duyurdum ki, nəsə pis hadisələr olacaq...

- O vaxt sizinlə ünsiyyətdə olan adamların çoxu deyirdi ki, Fərhad da, sən də ateistsiniz, ancaq mən Fərhadın qeyd dəftərini, gündəliklərini tam oxudum, gördüm ki, əbəs söhbətlərdi, sizi istəməyən ağızlardan qopan sözlərdi. İstərdim bu barədə danışasan...



- Əsassız fikirdi. Fərhad Allaha inanırdı, mən də həmişə inanmışam. Sadəcə biz dinin Allahı tam izah edə bilməməsini düşünürdük. Dinin Allah haqqında bəsit təsəvvürlərlə təqdim etməsinə qarşı idik. Allah hər yerdə, hər şeydə varsa, onu göydəki bir kişi kimi beyinlərə yeridilməsi fikri ilə razı deyildik. Fərhad kimi hissiyatlı bir insan Allaha inanmaya bilməzdi. Sadəcə bir az asiliyimiz vardı. İnanmıram ki, Fərhad böyük günahların sahibi olsun. Fəqət ümumi qaydalardan qırağa çıxmaları ola bilərdi. Həmişə də ona “Allah rəhmət eləsin” deyirəm...

- Fərhaddan sonra şeirlərini çap etdirmədin, elə bil ondan sonra şöhrətlənməyi özünə rəva bilmədin. Hər halda mən belə düşünürəm. Doğru müşahidədi?

- Hə... Əslində, ədəbiyyatdan şöhrət və pul qazanmaq vasitəsi kimi istifadə etmək haqda heç vaxt düşünməmişəm. O hadisələrdən sonra mən başa düşdüm ki, insan necə ki, özü ilə, həyat ilə zarafat edə bilməz, eləcə ədəbiyyatla da zarafat eləmək olmaz. İnsan yazanda bəzən öz taleyini yazır. Əgər bir obraza işgəncə verirsənsə, o hadisə müəyyən məqamda sənin öz başına da gələ bilir.

Fərhadla birgə kitab buraxmaq fikrimiz də vardı. 2007-ci ildə Səlim Babullaoğlu ilə Elxan Zal “On” adlı bir kitab çap etdirmişdilər, hərəsi 10 şeirini daxil etmişdi. Biz də düşünürdük ki, hərəmiz 11 şeir daxil edib kitab nəşr edək, bir az Fərhad, bir az da mən yubatdım, o kitab çıxmadı. Sonra dedik yox, 12 şeir daxil edək, 12 rəqəminin müqəddəsliyinə görə: 12 saat, 12 ay, 12 həvari və s. məsələləri də düşünmüşdük. Sonra kitab çıxarmaq həvəsimiz öldü. Fərhad qısa zamanda şöhrətləndi, hamı onun şeirlərini sevdi, oxudu. Birdən-birə elə bil şöhrət də onun üçün adiləşdi və sanki o həyatını qısa olacağımı bildiyinə görə fikirləşirdi ki, bu az ömürdə heç nəyin mənası yoxdu.

- Onun ölüm xəbərini necə eşitdin?

- Qırx mərasiminə yaxın bilmişəm ki, o ölüb. Ona qədər deyirdilər ki, Almaniyaya müalicəyə aparıblar. Xəstəxanadan təzə çıxmışdım onda. Fərhadsızlığın 40-cı günüdə bir şeir də yazmışdım:

Başlama sən də hamı kimi

bilirəm nə deyəcəksən
ürəyimin ağrıyan yerinə
dəyəcəksən
Qismət idi, olacaqdı
yeddi qapı arxasında
bağlansan da
sandığa soxub saxlasan da
olmalıydı deyəcəksən
ölməliydi deyəcəksən
Danışma sən allah
əlli illik ömründə bircə
dostun olmayıb
dostun ölməyib
vasitəçi olmamısan dostunun
ölümündə
Bu gün sentyabrın 21-di
qırxıdı
belə ağır bir gündə
gəlib bayram təbrik edirsən
Ramazan bayramıdı deyirsən
hamı bir-birini təbrik edir,
cəhənnəmə ki, zəhləm gedir
bayramlardan da, sizdən də.
Xəcalət çəkirəm hər şeyə görə
Udduğum havaya,
əvvəlkindən gözəl görünən,
yerə, göyə görə
heç nə olmayıb elə bil
dəniz də əvvəlki kimidi
külək də əvvəlki kimi əsir
yenə kimsə harasa gecikir
kimsə harasa tələsir
günlər əvvəlki kimi qurtarıb
əvvəlki kimi başlanır.
uşaqlar böyüyür,
qocalar yaşlanır
öz lazımsız ömürləriylə
Hə bax, gör nə qədər mənasız
adam yaşayır bu həyatda.
Fərhadsa, 40 gündü
Üşüyür torpağın altda...
Danışma sən Allah
Sən də Allahın kimi qəddarsan.

Ancaq Fərhaddan sonra öz-özümə oxuduğum misralar bunlar olub:

Kim yaşayar sənsiz qalan bu ömrü,
Yarımçığa yiyə duran tapılmaz.
Ağac ömrü, insan ömrü, su ömrü,
Sənin yerin, sənin sıran tapılmaz.

Bir çox həqiqi şairlər bu dünya da öz yerini tapa bilmirlər. Mən Fərhadın o dünyasından da narahatam ki, bəlkə o dünyada da yerini tapa bilmir o adam...

- Fərhaddan sonra ailəsi ilə ünsiyyətin olmayıb...

- Anam, bacım, xalamgil gedirlər evlərinə, ancaq mən o uşaqları görə bilmərəm... Uzaqdan görmüşəm. Eşitmişdim ki, oğlu Mətin eynən Fərhada oxşayır, maraq məni bürüdü, gedib baxdım...

- Fərhaddan sonra elə bir dost axtarışında oldun?

- Dostlarım var, amma Fərhad kimi dostum yoxdu. Biz ruhən bağlıydıq, nə düşdüyümüzü, nə cür ağrıdığımızı sözsüz hiss edə bilirdik. Biz lətifə danışıb güləndə də bilirdik ki, haramız ağrıyır...



- Heç yuxuda görmüsən onu?

- İki dəfə yuxuda görmüşəm. Bir öldüyünü təzə-təzə biləndə gördüm, gördüm ki, parça-parçadı. Həmin yuxudan bir il sonra ikinci dəfə olduqca gülərüz, elə diri gördüm ki... O yuxudan sonra elə bil ağrılarım bir az azalmışdı, inandım ki, insan ölə, birdən-birə yox ola bilməz...

- Hamımızın itkilərimiz var. Ancaq o itkilərin ağrılarının eləsi var ki, bizim yaddaşımızın qapısını gündə döyür, eləsi də var ki, ancaq məqamı düşəndə. Aradan 7 il keçib Fərhad itkisi sənin yaddaşının qapılarını nə vaxtlar döyür?

- Fərhad mənim qapımı döymür, çünki o həmişə evin içindədi... Mən Qarabağ müharibəsində vuruşmuşam, çox ölümlər, yaralılar görmüşəm. Ayağı kəsəndən sonra narkotik qəbul edib gülən adamdan tutmuş, oğlunun meyitindən əl çəkməyən ataya qədər... Əslində, bilmirəm, Fərhad ölüb, ya yox? Fərhadla bağlı heç nəyi tam dərk edə bilmirəm. Bilmirəm mən onun qarşısında nə qədər günahkaram, o mənim qarşımda nə qədər günahkardır? Anlaya bilmirəm... Mənim 20 il əvvəl ölən dostlarımla aramda nə qədər məsafə var deyəmmərəm, Fərhadla da elə. Fərhadın ölümündən yeddi il keçib, kim bilir bəlkə də yeddi gün keçib. Onu da bilmirəm. Hələ heç birimiz heç nə bilmirik...

Sadəcə içimdə bir əminlik var ki, nə vaxtsa o məni qarşılayacaq... Söhbətin əvvəlində oxuduğum şeirində deyilir ki, onu İsa qarşılayacaq, məni də Fərhad qarşılayacaq başa bir dünyada...

- Bəs bu qarşılaşmanı necə təsəvvür edirsən, adi, gündəlik həyatdakı kimi şən?

- Hə, biz ən ağrılı məqamlarda da, acı günlərdə də ruhdan düşməmişdik, deyib-gülə bilirdik... Məncə, həyatdakı kimi görüşəcəyik...

- Həyatın hansı məqamları səndə Fərhadın yoxluğunu daha aydın duyursan?

- Təkliyimdə... Dərk edirsəm ki, bu dünyada daha eynən mənim kimi ağrıyan adam yoxdu... Nə qədər əzizlərim var, amma Fərhadın yeri görünür...

- O hadisədən sonra evləndin, ailə-uşaq az-çox başını qata bildi?

- Hə, evləndim, həyatımı dəyişdim tamam, yaşamağa stimul tapmaq lazım idi. Yaşamağa yeganə stimul uşaqlardı. Uşaqlar həyatda bəlkə də yeganə möhkəm yerdir ki, ən çətin anlarda belə adam ordan tuta bilirsən. Amma bəzən onlarla da ağırları ovutmaq olmur...

- Fərhadın qeyd dəftərində, gündəliyində, ayrı-ayrı adamlara yazdığı mesajlarda ümidsizliyi görünür, yaxın bir dostu kimi səninlə ürəyinin yağını yeyən fikirlərini, sözünü-sirrini bölüşürdümü?

- Hər insanın bir yaşıl adaya ümidi, tapa bilmədiyi bir sevgisi var. Fərhad o uzaq yaşıl ada haqqında çox çırpınırdı. Düşünürdü ki, vaxtında başqa cür qurula bilərdi həyatını. Ancaq sonra dərk edirdi ki, keçmiş günləri axtarmaq da boş şeydi. Bir dəfə bu barədə söhbət elədik. Dedi bilirəm, indi belə şeylər düşünmək mənasızdı. Əslində, bu hansısa qadına yox, keçmişə vurğunluq idi... İnsan uşaqlığın axtardığın kimi, yerdə qalan itkilərini də axtarır. Axtardığı isə itirdikləri idi... itirdikləri isə yox idi... Ona görə ümidsiz olurdu...

- Fərhada yazdığın şeirdən də peşmanlığın duyulur, bəxti yamanladığın günlər çox olur?

- Hə... Hərdən deyirəm kaş heç tanımayadım, heç dostlaşmayaydım. Həmin o günə lənət yağdırıram. Bilirsən, Fərhadın ölümü mənim həyatımda çox təlatüm yaratdı... Həyatda həmişə mübhəm saxladığım, getmək istəmədiyim yerlər var idi, biri də ədəbiyyat idi. Ədəbiyyata mən Fərhada qoşulub “getdim”. Ədəbiyyat məni həmişə məni özünə Ölü dəniz kimi, Qara dəlik kimi çəkirdi... Getmirdim... Amma belə məsələləri düşünəndən sonra öz-özümə sual verirəm ki, Fərhad olmasaydı nə cür olardı? 40 illik ömrümdə dostluq etdiyimiz üç il tamam fərqli illərdi... Belə düşünəndə deyirəm yaxşı ki tanımışam... İnsan belədi də... Bilmir, anlamır...

- Ən yaxın dostunun - Fərhadın ölümlə bağlı səni günahkar biləndə, ittiham edəndə hansı hisləri keçirirdin?

- Ölümündən sonra məni günahkar bilirdilər. Ailəsi də, prokuror da, bəzi başqa insanlar da... Ancaq mən heç kəsə izah edə bilmirdim ki, Fərhad hamıdan çox mənim həyatımdan gedib.
Əlbəttə, uşaqları üçün də çətindi, ata itkisidi. Mənim atam 4 yaşımda ölüb, yaddaşımda bəzi fraqmentlər var... Atam ölən gün evdə çoxlu adamlar olması yadıma gəlir, o adamların arasında oyuncaq maşınımı itirmişdim... O maşının ağrısı məni uzun illər ağrıtdı. O, əslində, itmiş uşaqlığın, böyüdükcə duyacağım ata yoxluğunun ağrısı imiş. Fərhadın da uşaqları həmən ağrını zaman-zaman yaşayırlar və yaşayacaqlar. Amma mən uzun müddət heç kəsə izah edə bilmirdim ki, bəlkə də məni bu dünyada hər şeyə görə ittiham etmək olar, ancaq Fərhadın ölümünə görə yox. O ağrını mən heç vaxt unuda bilməyəcəm. Ən azı Fərhad özü bunu bilir... O hadisədən sonra, ölümdən də, ədəbiyyatdan da, yaşamaqdan da qorxdum...

- Bu illər ərzində Fərhadın qəbrini ziyarət etmisən?

- Qəzadan sonra, təzə-təzə ayağa qalxanda Fərhadın qəbrinə getmək istədim yerini heç kəs demədi. Gedib qəbiristanlığı boy-baş gəzib tapdım, amma Fərhadın qəbri mənə çox yad gəldi.

- Niyə?

- Yəni heç cür inanmadım ki, o torpağın altındadır, mən elə gəldi ki, paralel dünya var və Fərhad hardasa yaşayır. Tokioda, Tehrandakı yaşıdlarımı tanımadığım qədər, indiki Fərhadı da tanımıram, bilmirəm necədir, hardadır, ancaq o haradasa yaşayır. Mən onu görməsəm də, hiss eləməsəm də, o yaşayır...



- Sonra nə vaxtsa qəza olan yerə getmisən, maşın çırpılan ağaca baxmısan?

- Getmişdim, özü də qəribə hissiyatla getmişdim. Ağacın yanına getməkdə məqsədim o idi ki, o qəza ilə bağlı bəlkə nəyisə hiss edə, anlaya bilərdim. Altı il əvvəl getmişdim. O ağacdan da. üzr istədim. O ağaca da, insanlara da çox ağrı verdim...

- Olur ki, heç hislərin peşmanlıqdan aşır, yaşananlara tale kimi baxırsan?

- Hə, olur. Fəqət qaçmaq mümkün deyildi... Olmalıydı... O qəzadan sonra qəbul etdim ki, hansısa xırda hadisələrin qarşısını almaq olar, ancaq böyük hadisələrin qarşısını almaq mümkün deyil. Fərhad kimi insanın doğulması da böyük hadisədi, ölümü də...

- Toydan qayıdanda qəzaya düşmüşdünüz. Getdiyiniz kimin toyu idi?

- Qardaşımın yoldaşı tərəfdən bir adamın toyu idi... Fərhadla həmin adam bir yerdə işləmişdi deyə onu toya dəvət etmişdi. O toya getməyəcəkdik. Toydan əvvəlki gün gecə 2-yə qədər yeyib-içmişdik. İkimizdə elə bilirdik ki, o toya getməyəcəyik. Fərhad gecə 5-də zəng elədi ki, dur gedək o toya. Evdə də dalaşmışdı, yuxusuz, küskün, kefsiz idi. Yolda heç nə danışmırdı, ancaq mahnıya qulaq asırdıq. Toyun səhəri günündən bir fraqment yadımdadır ki, bir nəfərin evində qonaq qalmışdıq. Səhərə yaxın Fərhad oyandı və başladı mənə lətifə danışmağa, necə ucadan güldüksə, evin yiyəsi gəlib bizi qovdu.

- Əməlli-başlı? (gülürük)

- Yəni gəlib qapını döyüb narazılıq elədi, biz də geyinib getdik maşının yanına...

Nə bilim, onun ölümü haqda çox düşünmüşəm. O hadisələri çox haqq-hesab etmişəm içimdə... Gecə 2-yə qədər yeyib-içən adamlar saat 5-də toya getməməliydilər, sonra o yorğunluqla maşına minib təzədən qayıtmamalıydılar. Ancaq gecə zəng eləyib dedi getməliyik.. Toydan sonra qalacaqdıq rayonda. Toyun səhəri günü dedi ki, qızımdan darıxıram qayıdaq... Qayıtdıq...

Fərid Hüseyn
Xüsusi olaraq “Qafqazinfo” üçün

Oxşar xəbərlər