Hövsanda silahlı basqın

Hövsanda silahlı basqın Ölkədə kriminal vəziyyət kəskinləşib

Ötən bazar günü maska taxmış, iki vinçestr və “Makarov” tipli tapança ilə silahlanmış naməlum şəxslər Bakının Hövsan qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əhmədov Zaur Mustafa oğlunun evinə soxulublar.

Bu barədə Sputnik-ə Bakının Suraxanı rayon Polis İdarəsindən bildiriblər.

Cinayətkarlar Əhmədovun evinə açıq qapıdan saat 20:10 radələrində giriblər. Bu zaman ailə üzvləri evdə olub. Zərərçəkənlərin sözlərinə görə, cinayətkarlar dörd nəfər olub, onlardan üçü maska geyinmişdi. Odlu silahdan başqa quldurlarda bıçaq da olub.

Cinayətkarlar Əhmədovun evində iki dəfə tavana güllə atıblar. Daha sonra onlardan biri evin sahibinin 1993-cü il təvəllüdlü qardaşı Kamal Əhmədovu döyüb. Ailəni nişan alaraq qarətçilər pul tələb ediblər. Bu yolla cinayətkarlar 8 min manat əldə ediblər.

Törətdikləri əməldən sonra cinayətkarlar naməlum istiqamətdə qaçıblar. Hazırda əməliyyatçılar şübhəlilərin kimliyinin müəyyənləşdirilməsi ilə məşğuldurlar. Zaur Əhmədovun pulunun olması barədə cinayətkarların bildiyinə dair versiya var.

Bununla yanaşı qeyd edək ki, son aylarda paytaxtda və regionlarda bir neçə silahlı basqın hadisəsi baş verib. Bu tendensiya ölkədə kriminogen vəziyyətin kəskinləşməsinə işarə edir, belə ki, mütəşəkkil cinayət qruplarının sayının artmasını göstərir.

Hüquq-mühafizə orqanı əməkdaşlarının sözlərinə görə, hazırda respublikanın DİN rəhbərliyi cinayətkarlıqla ciddi mübarizə aparır.

Bu məqsədlə Azərbaycan Prezidenti “Vətəndaşların asayişin qorunmasında iştirakının təmin edilməsinə dair” Fərman imzalayıb. Daxili İşlər Naziriliyinə vətəndaşların ictimai asayişin qorunması, vətəndaşların cəlb edilməsi üçün lazımi tədbirləri görmək tapşırılıb.

Oxşar xəbərlər