Rusiyanın Samara vilayətində Ukraynadakı müharibədə həlak olan hərbçinin ailə vəziyyəti ilə bağlı qalmaqallı fakt üzə çıxıb.Həlak olan hərbçinin birlikdə yaşadığı qadın sosial müavinət almaq üçün müraciət edərkən onun qanuni həyat yoldaşının Azərbaycan vətəndaşı olduğu məlum olub.
Məlumata görə, kişi 2015-ci ildən bəri müraciət edən qadınla qeydiyyatsız nikahda yaşayıb və 2019-cu ildə onların bir qızı dünyaya gəlib.
Daha sonra hərbçinin qanuni həyat yoldaşı olan Azərbaycan vətəndaşı da müvafiq ödənişlərin alınması üçün müraciət edib. Aparılan araşdırma zamanı məlum olub ki, sözügedən nikah yalnız Rusiya Federasiyasında yaşayış icazəsi almaq məqsədilə bağlanıb. Bildirilir ki, cütlük faktiki olaraq birgə yaşamayıb və nikah münasibətləri saxlamayıb.
Məhkəmənin qərarı ilə həmin nikah etibarsız sayılaraq ləğv edilib. Samara vilayət məhkəməsi məsələ ilə bağlı qərar çıxardıqdan sonra prokurorluq varisə ödənişlərin rəsmiləşdirilməsi prosesinə cavabdeh qurum kimi müəyyən edilib.