ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp Ermənistana planlaşdırdığı səfərini ləğv edib.Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Ermənistanda həbsdə olan iş adamı Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın məşhur amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədən sonra, Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə hücumu barədə xəbərlər ABŞ-nin mühafizəkar dairələrində səs-küyə səbəb olub”, - nəşr öz mənbələrinə istinadən yazıb.
Belə ki, “Tashir Capital” şirkətinin baş direktoru N.Karapetyan müsahibəsi zamanı Ermənistan rəhbərliyinin kilsəyə qarşı hücumları barədə danışıb.
“Hraparak”ın yazdığına görə, kiçik Tramp məhz bu məlumatlardan sonra Ermənistan rəhbərliyi ilə görüşməkdən və ümumilikdə səfərdən imtina edib.
Xatırladaq ki, kiçik Donald Trampın Ermənistana səfəri noyabrın 12-sinə planlaşdırılmışdı. Səfərin əsas məqsədinin biznes maraqları və hakimiyyət dairələrinin müxtəlif nümayəndələri ilə görüşlər olduğu bildirilirdi.