Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilər

Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilər Cənab Netanyahunun Bakı səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı ilə üst-üstə düşür. Bu, Bakıda Azərbaycan vasitəçiliyi ilə Ərdoğan-Netanyahu görüşünün keçiriləcəyinə dair gözləntiləri dəqiqləşdirə bilər.

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov bildirib.

O əlavə edib ki, bu görüş baş tutmasa belə, hər halda, Azərbaycanın fəal və çevik diplomatiyası öz sözünü deyərək effektivliyini göstərir:

“Azərbaycanın Türkiyə-İsrail normallaşmasını həyata keçirərkən ehtimal ki başqa oyunçular bu vasitəçiliyin gecikdirilməsi taktikasına üstünlük verəcəklər. Bununla belə, bu, Azərbaycanın ən aktual böhranlarda tərəflər arasında moderatorluq etmək siyasətinə zərər vurmayacaq. Eyni zamanda, Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini müəyyənləşdirən hadisələr fonunda yaxınlaşmaqda olan eskalasiyaların qarşısını almaq planlarına malikdir. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri də Azərbaycanın mümkün qabaqlayıcı diplomatik-siyasi mexanizmlərinə müraciət etmək zərurətlərini ifadə edirdi.

Adətən böyük güc mərkəzləri münaqişələrarası proseslərdə vasitəçilik edirdi. Bu gün isə Azərbaycan qlobal güclərlə brokerlik məsələsində daha etibarlı formullar təqdim edərək geosiyasi yarış səhnəsində görünür. Azərbaycan vasitəçilik səylərinə regional qlobal təsirini artırmaq və dünya səhnəsində böyük güc kimi imicini möhkəmləndirmək vasitəsi kimi baxır.

Bu, Bakının regional razılaşmalarda rıçaqlarını artıraraq onun potensial rolunu daha yaxşı istiqamətə dəyişdirir. Bu mənada, günlərin birində, Azərbaycan vasitəsilə İran-İsrail görüşü baş tutsa (gizli və ya açıq) heç də təəccüblənmək lazım gəlməyəcək”.

Analitik qeyd edib ki, Netanyahunun səfəri ABŞ ilə İsrailin İrana mümkün hərbi hücumlarına işarə verdikləri məqama təsadüf edir: “Eyni zamanda İran ilə ABŞ-nin yeni nüvə sazişi əldə etmək üçün keçirdiyi mərhələli danışıqlar anında Netanyahunun səfəri diqqət çəkir. İsrail bu səfəri İrana xarici siyasətdə qalib gəlmək motivinin bir parçası hesab edir.

İsrailin belə düşünməsinin digər səbəbi, Rusiya, Çin kimi güclərin İranın təhlükəsizliyi üçün öhdəliklər götürməməsidir. Hərbi hücum ssenarisində Rusiya və Çinin dəstəyinin forması Tehran tərəfindən qəbul edilməsə, onun strateji variantları daralacaq, daha da təcrid olunacaq və küncə sıxılacaq. İranın ali rəbəri Seyid Əli Xamenei növbəti dəfə nüvə proqramını məhdudlaşdırmaq və ya onun rejimi üçün ekzistensial təhlükə ilə üzləşmək dilemması ilə üzləşir. Bunların fonunda isə İranın Azərbaycana dəyişən yanaşması İsrailin proqramında əsas müzakirə predmetlərindən birinə çevrilir. Azərbaycan Türkiyə ilə İsrail arasında yenidən uyğunlaşmanı diqqətlə izləyir. Bu, İranın nüvə proqramını genişləndirməsi və Vaşinqtonla Tehranın nüvə danışıqları üzərindən əldə edə biləcəyi yeni sövdələşmələrə qarşı yaxşı mexanizmlərdən biri ola bilər. Başqa yandan, Türkiyə-İsrail mümkün yaxınlaşması Yaxın Şərq geosiyasətinin kürd koalisiyaları üzərindən dəyişməsi fonunda diqqətəlayiq hadisə ola bilər. Bu akt Türkiyə ilə İsrailin kürd məsələsinə yanaşmasında potensial uyğunlaşmalara işarə edə bilər.

İsraillə Türkiyə kürd faktoru ilə bağlı əhəmiyyətli uzlaşmanı təmin etsələr, bu, Yaxın Şərqdə, o cümlədən İranda fərqli səslər çıxara bilər. Çünki həm geosiyasi, həm də ideoloji cəhətdən türk etnosu ilə kürdlər arasında birliyin vurğulanması, İsrailin prosesə dəstəyi orijinal bir yanaşma olaraq təhdidlərə qarşı yeni klişe yarada bilər...”

Oxşar xəbərlər