
Məlumatı New York Times (NYT) yayıb.
Qəzet yazır ki, Çin hökuməti avtomobillərin, dronların və raketlərin yığılması üçün lazım olan maqnit və ağır nadir torpaq metallarının bir çox limanlarından daşınmalarını dayandıraraq yeni ixrac qaydaları sistemi hazırlayır.
NYT-nin məlumatına görə, görülən tədbirlər bəzi şirkətlərin, o cümlədən amerikalı hərbi podratçıların istehsal fəaliyyətinə, Yaponiya və Almaniyaya tədarüklərə ciddi təsir göstərə bilər. Qəzetin qeyd etdiyi kimi, nadir torpaq metalları və maqnitlərinin ixracı Çinin ümumi ixracının kiçik bir hissəsini təşkil edir və buna görə də ölkəyə ciddi iqtisadi ziyan vurmayacaq, lakin bunun ABŞ və digər ölkələr üçün ciddi nəticələri ola bilər.
Qeyd edək ki, ixracı dayandırılan məhsulların istehsalı sahəsində Çin 90 faizə qədər paya malikdir. Onların ixracına nəzarət qərarı aprelin 2-də Donald Tramp Çinə qarşı 34 faizlik yeni tariflər tətbiq etdikdən sonra qəbul edilmişdi. Sonrakı dövrdə münasibətlərin gərginləşməsi Pekinin həmin məhsulların ixracının damamən dayandırmasına səbəb olub. Bu, yalnız ABŞ deyil, həmin məhsulların idxalından asılı olan digər ölkələr, o cümlədən Vyetnam, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və ABŞ-la danışıqlara başlayan digər ölkələrə də böyük zərər vura bilər.