“Biz sadəcə Ukraynanı məhv etdik”: Taker Karlsondan qalmaqallı açıqlama

“Biz sadəcə Ukraynanı məhv etdik”: Taker Karlsondan qalmaqallı açıqlama Amerikalı qalmaqallı bloger və Rusiyapərəst təbliğatçı Taker Karlson bildirib ki, ABŞ "Rusiya ilə müharibəni uduzub” və Ukraynanın guya Vaşinqtonu "heç vaxt maraqlandırmadığını” deyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Karlson amerikalı konspiroloq Aleks Consonla söhbətində bildirib.

"Zənnimcə, Vaşinqton hələ də başa düşmür ki, biz indicə Rusiya ilə müharibəni uduzduq. Bu müharibəni ABŞ aparırdı – Pentaqon, Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi. Bu heç vaxt Ukraynaya aid olmayıb”, – o deyib.

O iddia edir ki, ABŞ-ı guya nə Ukrayna, nə də bu müharibədə həlak olan "yüz minlərlə” insan maraqlandırır. Karlsona görə, bu, Rusiya və ABŞ arasında müharibədir və guya Vaşinqton onu uduzub.

"Biz sadəcə Ukraynanı məhv etdik. Heç kimin vecinə deyil. Bu, Rusiyaya qarşı müharibə idi, amma biz uduzduq. Və bu məni narahat edir, çünki heç kim bunu açıq demir – biz öz gücümüzü həddindən artıq qiymətləndirdik”, – deyə təbliğatçı vurğulayıb. O əlavə edib ki, "təkəbbürlü” ABŞ "adi bir müharibədə Rusiyaya uduzduğunu etiraf edə bilmir”.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko isə Karlsonun açıqlamalarına istehzayla cavab verib. O qeyd edib: "Taker Karlsonu oxuyanda və ya görəndə həmişə onun Mərkəzi Kəşfiyyat İdarəsinə düşmək istəyib, lakin IQ-sü yetərli olmadığından seçilmədiyini xatırlayıram”.

Xatırladaq ki, ötən ilin fevralında Karlson Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq müsahibə almışdı. Müsahibə zamanı Kreml rəhbəri özünün başlatdığı təcavüzkar müharibədə Rusiyadan başqa hər kəsi günahlandırmış və tanış təbliğat ritorikasını təkrarlamışdı.

İlin sonunda isə Karlson yenidən Moskvaya gedərək Rusiya xarici işlər naziri Sergey Lavrovla geniş müsahibə aparmışdı.

Yaxın vaxtlarda jurnalist Ukrayna prezidenti Vladimir Zelenskini "diktator” adlandıraraq, onun guya "xristianlara qarşı çıxması” və ölkədə dili və kitabları qadağan etməsi kimi əsassız iddialar irəli sürmüşdü.


Oxşar xəbərlər