
“Görüşdə iki ölkə arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın gücləndirilməsi və yeni imkanların dəyərləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər uçuşların intensivləşdirilməsinin Azərbaycan və İtaliya arasında iqtisadi, turizm və mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
S. Rzayev bildirib ki, AZAL 1 apreldən etibarən Bakı-Milan-Bakı marşrutu üzrə reyslərinin sayını artıraraq həftədə 6 dəfəyə çatdırıb, 13 may tarixindən isə uçuşları hər gün həyata keçirəcək.
Səfir Di Canfrançesko 2026-cı ildə İtaliyada təşkil olunacaq Qış Olimpiya Oyunlarını qeyd edərək Azərbaycan və İtaliya arasındakı uçuşlarının əhəmiyyətini xüsusilə vurğulayıb.
Qeyd edək ki, hazırda AZAL tərəfindən Bakı-Milan-Bakı marşrutu üzrə müntəzəm reyslər həyata keçirilir. 2024-cü ildə sözügedən istiqamətdə 252 reys (gediş-dönüş) yerinə yetirilib və ümumilikdə 67 708 sərnişin daşınıb. Təkcə 2025-ci ilin yanvar-mart aylarında AZAL tərəfindən bu istiqamət üzrə 67 reys yerinə yetirilib və 15 236 sərnişin daşınıb.
Görüş zamanı tərəflər yeni istiqamətlərin açılması, ortaq təşəbbüslərin irəli sürülməsi və regional inteqrasiya imkanlarının nəzərdən keçirilməsi barədə də fikir mübadiləsi aparıb.