Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...

Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr... Həkim dietoloq: “Yalnız istehsalçıya güvənərək paket çayları verə bilərik və...”

Paket çaylar kimyəvi tərkibə, keyfiyyətsiz yarpaqlara və saxlama şəraitinə görə sağlamlıq riski daşıya bilər. Ona görə də ehtiyatla içmək tövsiyə olunur. Bu barədə Medicina.az yazıb.

Çay paketlər, ümumiyyətlə, daha ucuz istehsal üsulları ilə hazırlanır. O deməkdir ki, plastik və ya sintetik materiallarla örtülmüş ola bilər. Çay isti su ilə təmasda olduqda kimyəvi maddələr suya keçir və bu da sağlamlığa zərər verə bilər. Bundan əlavə, bəzi çay paketlərində pestisid qalıqları və ya konservantlar ola bilər.

Çaylar daha təzə, yüksək keyfiyyətli yarpaqlardan hazırlanır, torbalı çaylar isə ümumiyyətlə köhnə, emal olunmuş yarpaqlardan hazırlanır. Bu, çay paketinin tərkibindəki antioksidantların miqdarını azaldır. Antioksidantlar bədəni sərbəst radikallardan qoruyaraq xəstəliklərlə mübarizə aparır, ona görə də daha az antioksidant olan çaylar sağlamlıq üçün daha az faydalıdır.

Bildirilir ki, çay paketləri rütubətli mühitlərdə saxlanılırsa, uzun müddət saxlandıqda onların içində bakteriya və ya kif əmələ gəlmə riski var. Bu bakteriyalar çay içməklə orqanizmə keçə və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Sirr deyil ki, xüsusən də iş yerlərində həm də rahatlıq səbəbilə paket çaylardan geniş istifadə olunur. Bəs onlar nə dərəcədə təhlükəlidir? Uşaqlara paket çay məsləhətdirmi?

Tanınmış həkim-diyetoloq, diyetlə bağlı kitabların müəllifi, uzun ömürlülük üzrə ekspert Leyla Zülfüqarlı mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Biz çayı nəyə görə içməliyik, birinci bu sualı verməliyik. Tərkibindəki vacib maddələrə görə həmişə təzə çay, yəni ilk 5-10 dəqiqə ərzində keyfiyyətini itirmədən içildikdə faydalıdır. Niyə ilk dəqiqələrdə? Antioksidant ağırlığına görə. Təbii ki, tövsiyəmiz odur ki, daha çox bitki çayları içilsin. Çünki bu çaylar ayrılıqda fərqli maddələr ötürürlər ki, onlar orqanizmi bəzi xəstəliklərdən müalicə edə bilir.

O ki qaldı gündəlik rutində istifadə etdiyimiz qara çay və yaşıl çaya, burada da o çayın dəmləmə xüsusiyyətinə əsasən biz tərkibindəki vacib maddələri almaq üçün içirik. Məsələn, qara çay günün birinci yarısında içilir, tərkibindəki antioksidantların zənginliyinə görə orqanizmi toksin maddələrdən (sərbəst radikallardan) qoruyur. Sərbəst radikallar infeksiyalara və viruslara qarşı qoruya bilir, yaşlanmanın qarşısına ala bilir. Paket çaylarla dəmləmə çayları arasında da fərqlər var. Orada istehsal markasına, şirkətə asılı olaraq fikir bildirə bilərik. Paket çaylarının saxlandığı material güvənilən olmaya bilər və təbii çayın tərkibini dəyişə bilər. Yəni paketdə olan çayların paket materiallarının nə qədər keyfiyyətli olması önəmlidir. Bu, daha çox ipək parça materiallarından olmalıdır, sintetik material olmamalıdır ki, tərkibindəki vacib maddələri itirməsin".

Diyetoloq uşaqlar üçün hazırlanan paket çayların da nə dərəcədə təhlükəsiz olmasına fikir bildirib: “Uşaqlar üçün özəl çaylar var. Şüyüd, raziyana, köp qovucu və sairə çaylar var. Misal üçün, Almaniya kimi inkişaf etmiş bir ölkədən nümunə versək, orada paket formada olan çaylar uşaqlar üçün özəl hazırlanır. Hər yaş qrupuna uyğun verilir, yəni xəstəliklərdə ən çox o çaylardan istifadə edilir. Əsasən də qrip və digər respirator infeksiyalarla, viruslarla mübarizədə ilk tibbi yardım kimi istifadə edilir. Bizim praktikada əsasən ağrıkəsicilər, antibiotiklərdən istifadə edirik. Amma bildirmək istəyirəm ki, bu cür infeksion xəstəliklərdə belə ilk yardım, yəni dəstəkləyici terapiya çox vacibdir. İki nümunə təqdim etdim. Almaniyanın çay təcrübəsi çox sınaqlardan keçib. Yəni istehsalçıya güvənsək, paket çayları verə bilərik”.

Oxşar xəbərlər