
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatının əsas məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Xüsusilə 2016-cı ilin mart ayından etibarən erməni qüvvələri cəbhəboyu əraziləri daha intensiv şəkildə atəşə tutmağa başlamışdı. Düşmən aprelin 2-nə keçən gecə mülki əhalini və Azərbaycan Ordusunun mövqelərini atəşə tutduqdan sonra, Azərbaycan dərhal adekvat tədbirlər görərək qətiyyətli cavab zərbələri endirdi. Düşmən ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilərək geri çəkilməyə məcbur edildi.
Aprel döyüşlərində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli rayonları oldu. Azərbaycan Ordusunun bölmələri düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyən edərək qəti zərbələrlə onları sıradan çıxardı. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər azad edildi. Bundan əlavə, Horadiz şəhərinin təhlükəsizliyini təmin etmək üçün strateji əhəmiyyətə malik olan Lələtəpə yüksəkliyi düşməndən təmizləndi.
Döyüşlər zamanı Ermənistan ordusuna ciddi itkilər verdirildi: düşmənin 30-a yaxın tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi. Eyni zamanda, Ermənistan 320-dən çox hərbçisini itirdi, 500-dən artıq döyüşçüsü isə yaralandı. Azərbaycan Ordusunun bu qətiyyətli zərbələri Ermənistan cəmiyyətində işğalçılıq siyasətinin iflasa uğradığını anlamağa səbəb oldu. Beləliklə, illərlə formalaşdırılan "məğlubedilməz erməni ordusu" mifi darmadağın edildi.
Aprel döyüşlərinin siyasi və hərbi əhəmiyyəti təkcə işğal altındakı torpaqların bir hissəsinin azad edilməsi ilə məhdudlaşmırdı. Bu qələbə Azərbaycan xalqına böyük ruh yüksəkliyi bəxş etdi və dövlətin gücünü bir daha nümayiş etdirdi. Döyüşlər zamanı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan hərbçiləri Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif edildi. Onların arasında "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına, "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" ordenlərinə, "Vətən uğrunda", "İgidliyə görə" və "Hərbi xidmətlərə görə" medallarına layiq görülənlər var.
Aprel döyüşlərindən 44 günlük Vətən müharibəsinə aparan yol
Aprel döyüşlərinin məntiqi davamı olaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Aprel döyüşləri bu böyük Qələbənin başlanğıcı kimi yadda qaldı. Həmin döyüşlərdə əldə edilən uğurlar, eləcə də ordu-xalq birliyi 44 günlük müharibədə Azərbaycanın tam qələbəsini təmin edən əsas amillərdən biri oldu.
İlham Əliyevin siyasi gücü və qətiyyəti
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi Aprel döyüşlərinin və Vətən müharibəsinin uğurla nəticələnməsində mühüm rol oynadı. Onun beynəlxalq arenada həyata keçirdiyi diplomatik fəaliyyət, Azərbaycanın iqtisadi və hərbi gücünün artırılması istiqamətində atdığı addımlar ölkənin hərbi qüdrətinin möhkəmlənməsinə gətirib çıxardı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu modern silahlarla təchiz olundu, beynəlxalq əlaqələr gücləndirildi və strateji müttəfiqliklər quruldu.
Bundan əlavə, Prezident İlham Əliyevin informasiya savaşında da qətiyyətli və prinsipial mövqeyi Azərbaycanın haqlı mübarizəsini dünyaya çatdırdı. O, beynəlxalq mediada Ermənistanın işğalçılıq siyasətini ifşa edərək Azərbaycanın haqq işini müdafiə etdi. Xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı dünya liderləri ilə apardığı danışıqlar, informasiya blokadasını yarmaq üçün verdiyi müsahibələr və Azərbaycanın hüquqlarını müdafiə edən bəyanatları ölkəmizin diplomatik mübarizəsində tarixi rol oynadı.
Aprel döyüşləri və 44 günlük müharibə Azərbaycanın hərbi, diplomatik və siyasi sahədə gücləndiyini sübut etdi. Bu gün Azərbaycan regionun lider dövlətlərindən biri kimi çıxış edir və qələbəsinin nəticələrini möhkəmləndirərək yeni dövrə qədəm qoyur.