Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?

Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq? Əqli Mülkiyyət Agentliyi xeyli sayda oğurlanmış mahnı və əsərlərimizlə bağlı tədbirlər görüb, amma...

Azərbaycanın Əqli Mülkiyyət Agentliyi Gürcüstanın SAKPATENTİ Əqli Mülkiyyət üzrə Milli Mərkəzinin rəhbərliyinə məktub göndərib. Məktubda bu ölkənin 1TV.GE ttp://1tv.ge/, “İMEDİ” və “Rustavi” telekanallarında Azərbaycan rəqsi “Basqalı”nın “erməni şalaxosu” kimi təqdim olunması ilə bağlı səbəblərin araşdırılması və müvafiq tədbirlərin görülməsi xahiş olunur.

Agentlik həmçinin “Bu qala, daşlı qala” Azərbaycan xalq mahnısından istifadə edilərkən onun mənsubiyyətinin göstərilməməsinə diqqət yönəldib. Məktubda görülən tədbirlər barədə Azərbaycanın Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi, gələcəkdə belə halların təkrarlanmaması üçün məsələnin nəzarətdə saxlanılması xahişi də yer alır. Hüquq pozuntularını təsdiqləyən müvafiq materiallar SAKPATENTİ-yə təqdim olunub.

Qeyd olunub ki, ötən il noyabrın 3-də Gürcüstanın 1TV.GE ttp://1tv.ge/ telekanalında yayımlanmış “Natalia & Datuna” şou proqramında Azərbaycan Respublikasının xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsi ilə müşayiət olunan mahnı “Somxuri şalaxo”- “erməni şalaxosu” kompozisiyası kimi təqdim olunub. Bu il sentyabr ayının 14-də isə Gürcüstanın digər televiziya kanalı İMEDİ-də yayımlanan “Çveni şou” proqramında da “Basqalı” Azərbaycan rəqsinə (musiqisinə) yazılmış və Dodona Namoradzenin ifa etdiyi mahnı yenə “erməni şalaxosu” adı altında təqdim olunub.

Xatırladaq ki, “Basqalı” rəqsi Azərbaycanla yanaşı Qafqaz ölkələrində və digər MDB məkanında Azərbaycana məxsus rəqs nümunəsi kimi geniş yayılıb. Rəqs Azərbaycanın məşhur qarmon ifaçısı Aftandil İsrafilov tərəfindən, “Bayatı-Şiraz” muğamı əsasında yaradılıb.

A.İsrafilov 1970-ci ildə yaratdığı “Basqalı” rəqsini Azərbaycanın İsmayıllı rayonunun Basqal kəndində yaşayan xeyriyyəçi dostunun şərəfinə yazıb və bu səbəbdən onu “Basqalı” adlandırıb. C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1984-cü ildə istehsal etdiyi “Xaş s muzikoy” (rus dilində) adlı qısametrajlı komediya filmində (filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayevdir) də bu musiqi səsləndirilir və filmin titrlərində rəqsin müəllifi kimi A.İsrafilovun adı qeyd olunub. A.İsrafilovun müəllifi olduğu orta ixtisas, uşaq musiqi və incəsənət məktəbləri üçün 2012-ci ildə nəşr olunan “Rəqslər” adlı tədris vəsaitində “Basqalı” rəqsinin musiqisinin notları verilib.

2017-ci ildə norveçli musiqiçilər Daniel Lazar (skripka) və Espen Vensaas (mandolina) duet şəklində “Basqalı”nı ifa edərək Youtube platformasında Azərbaycandan gözəl instrumental musiqi adı altında paylaşıblar. Arxiv sənədləri, musiqişünas ekspertlərin rəyləri və musiqinin xarici ifaçı tərəfindən paylaşımı da “Basqalı” rəqsinin azərbaycanlı müəllifə məxsus olduğunu təsdiq edir.

Agentlikdən bildirilib ki, bu faktlar Gürcüstanın müxtəlif televiziya kanalları vasitəsilə Azərbaycanın mədəni irs nümunələrinə, o cümlədən Azərbaycan musiqisinə münasibətdə növbəti erməni oğurluğunun nümayişi təsəvvürü yaradır və ciddi narahatlıq doğurur: “Bu ilin 24 may tarixində "Rustavi" telekanalında yayımlanan “Paatas da Nikas şou” proqramında isə “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunub. Amma mahnının Azərbaycan xalq mahnısı olduğu qeyd edilməyib. “Bayatı-Şiraz” muğamı əsasında yaradılmış bu mahnı bütün Yaxın Şərqdə məşhurdur və çox geniş yayılıb, hətta Türkiyədə əhalinin əksəriyyəti şənliklərdə bu mahnını çalıb-oxuyur və onu Azərbaycan xalq mahnısı kimi ifa edirlər".

Vurğulanıb ki, “Rustavi” telekanalında “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunarkən Azərbaycanın və Gürcüstanın üzv olduqları ÜƏMT-nin “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 15-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmayıb.

Gürcüstanın müvafiq qurumu bu məsələyə hələ də reaksiya verməyib.

Qeyd edək ki, Azərbaycan xalq, bəstəkar mahnılarının, məşhur əsərlərinin ermənilər, eləcə də digər millətlər tərəfindən oğurlanması, öz adlarına çıxması artıq adi hala çevrilib və heç də təəccüblü görünmür. Azərbaycanın Əqli Mülkiyyət Agentliyi fəaliyyətə başlayandan bu vaxta qədər xeyli sayda oğurlanmış mahnı və əsərlərimizlə bağlı tədbirlər görüb, nəticələrə nail ola bilib.

Təkcə bu il ərzində oğurlanan mahnılarımız aşağıdakılardır:

Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnısı. Bu mahnın bu ilin iyul ayında sözləri Qor Yepremyan tərəfindən dəyişdirilərək və onun ifasında “Sirun jan” adı altında “Armenian folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirməsi ilə bağlı məlumat yayılmışdı. Bununla bağlı agentlik dərhal bəyanat yaydı və görülən tədbirlər nəticəsində Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən “Youtube” rəhbərliyi tərəfindən silindi.

Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin bəstələdiyi, Xalq artisti Brilyant Dadaşovanın ifa etdiyi “Yarım gilə” mahnısı. Bu mahnın da iyul ayında sosial şəbəkələrdə erməni ifaçı Minas Ovanesyanın (Mino) ifa etdiyi “Xrovel e im yare” adı altında oxuması ilə bağlı videogörüntülər yayılmışdı. Qeyd edək ki, bu mahnı 1991-ci ildə Azərbaycan televiziyasının baş rejissoru Ramiz Həsənoğlunun qızının toyuna hədiyyə olaraq yazılıb. Və ilk dəfə də həmin toyda ifa olunub. Sonra mahnını studiya şəraitində Brilyant Dadaşova ilə yazıb, efirə veriblər: “Brilyant xanım bu mahnını oxudu, klipini də çəkdi. Daha sonra Türkiyəli Ezgi Mert adında müğənni də bu mahnını oxuyub, albomuna saldı”.

Bəstəkarın sözlərinə görə, sonra da bir gürcü müğənni “Yarım gilə”ni oğurlayaraq, oxuyub: “Mən onları axtarıb tapdım. Hüquqi işlər başlatmaq istədiyimi bildirəndən sonra həmin ifaçı məndən üzr istəyib, dedi ki, mahnının müəllifi olduğunu bilmirmiş. Onlara bir erməni deyibmiş ki, mahnı bütün Qafqazda yayılan mahnıdır. Yəni xalq mahnısıdır. Görünür, həmin erməni sakit durmayıb, mahnını öz soydaşlarına da verib”.

Azərbaycanın Əqli Mülkiyyət Agentliyi mahnının oğurlanması ilə bağlı tədbirlər görüb və tez bir zamanda, cəmi bir ay sonra, avqust ayında mahnı “Youtube” platformasında yerləşdirilmiş 5 (beş) səhifədən silinib. Bununla da “Yarımgilə” adlı mahnının musiqisinin müəllif hüquqlarının pozulması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və azərbaycanlı bəstəkarın pozulmuş hüquqları bərpa edilib.

Xalq artisti Ağadadaş Ağayevin “Dodağına gülüş qonub” mahnısı. Bu mahnın isə bu ilin mart ayında erməni müğənni Armen Aloyanın 2024-cü ilin “papurisi” sırasına daxil edib.

Qeyd edək ki, Ağadadaş Ağayev bu məşhur mahnını 80-ci illərdə ifa edib və həmin vaxtdan da repertuarındadır.

Yazını hazırladı: Xalidə GƏRAY

Oxşar xəbərlər