Azərbaycanla Belarus və Pakistan arasındakı sənədlər təsdiqləndi - Yenilənib

Azərbaycanla Belarus və Pakistan arasındakı sənədlər təsdiqləndi - Yenilənib Azərbaycanla Belarus arasında yeni sənədlərin təsdiq edilməsi məsələsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İclasda “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Saziş çərçivəsində Azərbaycan və Belarus baytarlıq orqanları arasında əlaqələrin gücləndirilməsi, heyvan xəstəliklərinin qarşısının alınması və yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi, o cümlədən epizootiya vəziyyətinə nəzarət və qarşılıqlı məlumatlandırma sistemlərinin inkişafı nəzərdə tutulur.

Sənədlər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

***

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi də müzakirəyə çıxarılıb.

Sazişlərin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi müzakirə zamanı diqqətə çatdırılıb.

Sənədlər səsverməyə qoyularaq qəbul edilib.

Oxşar xəbərlər