
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, İrəvan hökuməti bir yandan sülhlə bağlı açıqlamalar səsləndirir, digər yandan açıq, yaxud gizli şəkildə silahlanmağa davam edir. Ekspertin fikrincə, İrəvanın sülhə yönəlik bəyanatları qeyri-səmimidir:
"İrəvan Bakının şərtlərinə əməl etməkdən yayınır. Rəsmilər davamlı sülhdən dəm vursalar da, Fransadan, Yunanıstandan, Hindistandan, Koreyadan və başqa ölkələrdən hərbi texnikalar ölkəyə daşınır. Bu da açıq-aşkar İrəvanın sülhlə imitasiya etməsi deməkdir. Ermənistanın qayəsi vaxt uzatmaq, sülhü yubatmaqdır. Özlərini "sülhpərvər" göstərməyə, problemlərin Bakıdan qaynaqlandığını sübut etməyə çalışırlar".
S.Hümbətov vurğulayıb ki, Paşinyan hökumətinin addımları sülhə yönəlik deyil: "İrəvanın hazırda sərgilədiyi ritorika mövcud gərginliyi saxlamağa hesablanıb. Silahların alınması gələcəyə hesablanmış təxribatlardan xəbər verir. Regionda sülh istəməyən xarici güclərin məqsədi tərəflər arasında sülhü gecikdirmək və bu müddət ərzində bölgədə öz maraqlarının daha çox təmin olunmasını reallaşdırmaqdır. Əfsuslar ki, Ermənistan da arxasındakı güclərə güvənərək Cənubi Qafqazda sülh istəməyənlərin çaldığı havaya oynayır. Bu məqsədyönlü "rəqsin" nə qədər davam edəcəyi bəlli deyil. Ancaq istənilən halda zaman irəlilədikcə, hər məsələdə geri düşən təcrid vəziyyətindəki Ermənistandır. Sülhün olmaması ilk növbədə İrəvana zərbədir".