
Politoloq Vasif Əfəndiyev isə “Sherg.az”a açıqlamasında deyib ki, biz 44 günlük savaşı sülh savaşı adlandırmalıyıq:
“Azərbaycanın bu savaşdan sonra tərəflər arasında imzalanan aktı kapitulyasiya aktı adlandırmaq haqqı olduğunu heç kim inkar etmir. Lakin bu tərz erməni cəmiyyətini də çox narahat edir. Əslində bu savaş həm də sülhə məcburetmə savaşıdır. Ermənilər faktiki qorxu içində yaşayırlar. Qorxunu yaradan səbəb isə şübhəsiz ki, işğal dövründə etdikləri vandalizm və soyqırımıdır. Halbuki bütün olub keçənlərə baxmayaraq, ayıq başlı insanlar anlamalıdırlar ki, 1000 km uzunluqda sərhəddi olan iki qonşu dövlətin sülh və əmin-amanlıq şəraitində yaşamaqdan başqa heç bir doğru yolu yoxdur. Bu tezis daha çox Ermənistana aiddir. İnanın ki, indiki şərait və imkanlar qarşı tərəfin əlində olmuş olsaydı, bizə qarşı daha çox qəddar davranacaqdılar. Amma indi şərtlər elə dəyişib ki, bundan sonra uzun illər revanşistlərin işğalçılıq həvəsləri öləcək. İndi də yeni keşiş Baqrat oyununa başlayıblar. Bu cəhdlərin hamısı mənasız və özünü aldatmaqdır. Paşinyan da vəziyyəti anlamamış deyil, ona görə də üzərinə düşən ən ümdə vəzifə erməni cəmiyyətini Zəngəzur dəhlizinin açılışına hazırlamaqdır. Bütün maneələrə baxmayaraq, Şərqi Zəngəzuru Naxçıvana birləşdirəcək yolun inşası qarşı tərəfdə davam etdirilir. Qazaxın işğalda olan 4 kəndinin danışıqlar yolu ilə qaytarılması və təxminən 100 km-ə qədər sərhədin demarkasiya olunması ümidlərimizi artırır. Əslində bizim üçün bu, ümid deyil və gərəyi olarsa, 44 günlük müharibənin şərtlərini birtərəfli qaydada həyata keçirmək imkanımız da var. Fikrimcə, Zəngəzur dəhlizinin açılması Qafqaza böyük sülh gətirməsi ilə yanaşı daha qlobal hadisələrin gerçəkləşməsinə vəsilə olacaq”.