
Xalqımız taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuzillik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.
“Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcək”.
Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
ALLAH tutduğunuz orucu, dua və niyyətlərinizi qəbul etsin!
Ramazan bayramınız mübarək olsun!