Azərbaycanın rəhbərliyi dövründə Qoşulmama Hərəkatı yeni inkişaf mərhələsi yaşadı

Azərbaycanın rəhbərliyi dövründə Qoşulmama Hərəkatı yeni inkişaf mərhələsi yaşadı Bir beynəlxalq təşkilat kimi Qoşulmama Hərəkatı ötən əsrin ortalarında dünya qütbləşməsi fonunda təzahür edən “soyuq müharibə” gerçəkliyində bir sıra dövlətlərin bu siyasi burulğandan xilas yolu kimi təsis olunmuşdur. Ümdə məqsədi beynəlxalq hüquqa hörmət əsasında sülhü və əməkdaşlığı quruyub saxlamaq və inkişaf etdirmək olan bu təşkilatın yaranması tarixi 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfransdan başlayır.
Bu tarixi hadisədən 6 il sonra keçmiş Yuqoslaviyanın paytaxtı Belqrad şəhərində Asiya və Afrikanın 25 ölkəsinin dövlət və hökumət başçılarının Zirvə görüşündə təşkilatın institusional strukturu formalaşmışdır. Bu mötəbər toplantıda qəbul edilmiş “Bandunq prinsipləri” BMT Nizamnaməsinin prinsiplərinə sadiqliyi, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, insan və vətəndaş hüquqlarının müdafiaəsi kimi humanist ideallar daxil idi. Bu da aydındır ki, o zaman sovetlər birliyinə daxil olan ölkələr bu təşkilatla ilgili ola bilməzdilər.
Hər hansı koalisiya və alyansa tərəfdaş dövlət kimi qoşulmayan Azərbaycan Respublikası 2011-ci ilin mayında Bali adasında keçirilən növbəti konfransda Qoşulmama Hərəkatına yekdilliklə üzv qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, bu təşkilata üzvlük yazılmaq istəyən dövlətin başçısının təşkilatın sədrinə müraciəti vasitəsilə həyata keçirilir.Üzvlüklə bağlı qərar isə konsensus yolu ilə tamamlanır.
Ölkəmizin bu təşkilata üzv olması onun fəaliyyət istiqamətində yeni bir mərhələ demək oldu. Qısa müddət ərzində Azərbaycan nümayəndəliyi burada özünün avanqard rolunu göstərə bildi və təşkilatın fəaliyyət istiqamətində yeni canlanmaya səbəb olan addımlar atdı. 09-10 may 2012-ci il tarixlərində Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində növbəti iclasında Yekun Sənədin qəbulu zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də daxil edilmiş və QH üzv dövlətləri Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə etmişdir.
Göründüyü kimi, bizim nümunəmiz Cənubi Qafqazda sülhün və sabitliyin qorunub saxlanılması istiqamətində fəaliyyəti ehtiva edirdi.
Vətən Müharibəsini apardığımız o təlatümlü günlərdə Hərəkat bizim zəfər yürüşümüzü dayandırmaq istəyən qüvvələrə qarşı öz sözünü deməyi bacardı. Belə ki, 19 oktyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətin müzakirə edilməsi məqsədilə BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələri keçirilmiş, TŞ sədrinin məsələ ilə bağlı bəyanatının layihəsi müzakirəyə çıxarılmış, lakin Azərbaycan tərəfinin TŞ-də qeyri-daimi üzv olan QH dövlətləri ilə öncədən apardığı işin və danışıqların nəticəsi olaraq, ölkəmizin mövqeyinə zidd olan və münaqişə barədə TŞ qətnamələrinə istinadı əks etdirməyən həmin bəyanat layihəsinin qəbulunun qarşısı alınmışdır.
Bu tarixi hadisə Cənab Prezident İlham Əliyevin dəqiq və uzaqgörən diplomatik fəaliyyətinin məntiqi nəticəsi idi. Həm də haqqın, ədalətin təntənəsi idi.

Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
direktoru Təhmasib Məmiyev


Oxşar xəbərlər