Türkiyə-Azərbaycan Universitetinin yaradılması birliyimizin növbəti rəmzidir

Türkiyə-Azərbaycan Universitetinin yaradılması birliyimizin növbəti rəmzidir İki qardaş ölkə arasında siyasi,iqtisadi və mədəni sahədə gəlişmələr son zamanlar region maraqları dairəsindən çıxaraq daha qlobal miqyas qazanmışdır. Bu günlərdə ölkə prezidenti İlham Əliyev cənablarının Türkiyə Cümhuriyyətinə rəsmi səfəri bu fikri bir daha təsdiq etməklə yanaşı iki qardaş ölkənin tarixi birliyinin növbəti parlaq nümayişi oldu.
Səfər zamanı müxtəlif məzmunlu işgüzar söhbətlər aparılmış, dəyərli sazişlər imzalanmışdır. Baş tutan kontraktlar içərisində təhsil və elmin inkişafı ilə bilavasitə bağlı olan “Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” xüsusi əhəmiyyət kəsb edir. Bu tarixi sənədi Azərbaycanın Təhsil və Elm naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Azvar imzalamışlar. İki ölkə arasında əməkdaşlığın inkişafında mühüm bir pillə olan bu saziş ölkəmizdə təhsil infrastrukturuna yeni bir nəfəs gətirəcəkdir.
Bəs görək, bu universitetin təsis olunması ideyası nədən qaynaqlanır və belə bir layihənin gerçəkləşməsi hansı amallara xidmət göstərə biləcək?
Öncə qeyd edək ki, təhsilin qlobal miqyas aldığı çağdaş dünyamızda öyrənmənin bir ölkə ilə məhdudlaşdırılması kamil mütəxəssis hazırlanmasını mümkünsüz edir. Bu baxımdan Türkiyə qərb dəyərlərinə, Avropa təhsil sisteminə daha yaxındır. Qardaş ölkənin təcrübəli professor-müəllim kontingenti bu günkü təhsilin tələblərinə cavab verən yüksək peşəkarlığa sahibdirlər.
Məsələnin diqqət çəkən ikinci tərəfi təhsil üçün Türkiyəyə üz tutan məzunların taleyi ilə bağlıdır. Məlumdur ki, məzunlarımızın bir çoxu ali təhsil imkanlarını xarici ölklərdə, o cümlədən,Türkiyə Cümhuriyyətində axtarır. Qardaş ölkənin nüfuzlu ali təhsil ocaqlarında yüksək əmsallı ixtisaslara yiyələnən həmvətənlərimiz kifayət qədərdir. Qeyd edək ki, hal-hazırda Türkiyədə təhsialanlarımızın sayı 27 minə çatır ki, bu da digər əcnəbi universitetlərdə oxuyan vətəndaşlarımızın sayını 5-6 dəfə üstələyir. Oxşar analogiyanı Azərbaycanda təhsil alan türk tələbələrinin sayında da müşahidə edə bilirik. Təkcə Memarlıq və İnşaat Universitetində təhsilalan əcnəbi müdavimlərin 90%-i qardaş respublikadan gələnlərdir.
Lakin təəssüf ki, bu sevindirici görünən statistikanı son zamanlar ictimai mühitdə dolaşan “attestatla xaricdə ali təhsil” sevdası yolçuları da artırmaqdadır. Bu da doğrudur ki,attestatla ali təhsil almaq imkanı başqa ölkələrdə, Ukrayna, Gürcüstan, Rusiya və digər region əlçatanlarında mövcuddur. Lakin məsələnin təəssüf doğuran başqa bir tərəfi də odur ki, bu şəxslər həmin ölklərdə müxtəlif problemlərlə-yataqxana, təhsil haqqı, kredit imkansızlıqları kimi çətinliklərlə baş-başa qalmalı olurlar. Hətta belə demək mümükünsə, bu tələbələrin valideynləri az qala həmin universitetlərin “sponsorlarına” çevrilirlər. Üstəlik elə xarici təhsil müəssisələri var ki,ölkəmizdə onların diplomları tanınmır.
Bütün bu amilləri nəzər alsaq, haqqında söhbət açdığımız anlaşma memorandumunun aktuallığının əhəmiyyətini anlamış oluruq.
Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqqında ilk təşəbbüs hər iki ölkənin qabaqcıl təhsil və elm işçilərinin cənab İlham Əliyevə müraciəti əsnasında meydana gəlmişdir. 2020-ci ilin dekabrında yayımlanmış bu müraciətnamə ölkə prezidentinin rəğbətini qazanmış,2023-cü ilin iyununda Bakıda rəsmi səfərdə olmuş cənab Rəcəb Tayyib Ərdoğanın xüsusi qeydlərini doğurmuşdur.Sonralar bu işi bir qədər sürətləndirmək istiqamətində mühüm addımlar atılmış, nəhayət ki, memorandumun imzalanması mərhələsi baş tutmuşdur.
Bu möhtəşəm layihənin əhəmiyyəti barəsində çıxış edən Cənab İlham Əliyev aşağıdakıları söyləmişdi: “Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm də Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır. Bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır. Yad təsirdən uzaq olmalıdır. Bilikli, savadlı, vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadəcə olaraq təhsil məsələsi deyil, bu bizim birliyimizin növbəti simvoludur. Əminəm ki, bu universitet yaxın gələcəkdə nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək”.


Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
direktoru Təhmasib Məmiyev


Oxşar xəbərlər