
Həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq aktorlara bir dəqiqə ərzində düyməyə basıb bu əməliyyatı keçirəcəyini, onların heç nə də edə bilməyəcəklərini açıq şəkildə dediyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”.
Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, dövlətimiz davamlı olaraq təhlükəsizlik tədbirləri görür, öz hərbi və iqtisadi gücünü artırır. Bütün bunlar müstəqil dövlətimizi beynəlxalq təhdidlərdən qorumaq üçün vacib amildir. Eyni zamanda, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb.
Müsahibədə dövlətimizin başçısı Böyük Qayıdışla bağlı xoş müjdələr də verdi. Belə ki, bu il ərzində beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri doğma sakinlərini qəbul edəcək. Bununla paralel olaraq bir neçə kəndə də keçmiş köçkünlərin qayıdışı təmin olunacaq. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına start verilir. Cənab Prezident müsahibdə bildirib: “Kəndlər tamamilə dağılmış vəziyyətdədir. Mən Qarabağa son səfərim zamanı oraya baş çəkmişəm. Tamamilə dağılmış vəziyyətdədir, Malıbəyli məscidi də dağılmış və vandallar ondan da peyin anbarı kimi istifadə etmişlər. Yəni, sadaladığım bu, ən azı şəhər və kəndlərə keçmiş köçkünlər qayıdacaq və 2026-cı ilin sonuna qədər o artıq bəyan edildi, hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır”. İnanırıq ki, dövlətimiz bu prosesi ən yüksək səviyyədə həyata keçirəcək.
Beləliklə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə müasir tariximizin yeni, şanlı mərhələsi başlayıb. Cənab Prezident də müsahibəsində növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsas səbəbini də bu amillə əlaqələndirib. Yeni mərhələdə yeni hədəflərə doğru Azərbaycan dövləti və xalqı qətiyyətlə addımlayacaq. Azərbaycan yeni mərhələdə gücünü və qüdrətini daha da artıracaq.