
"Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək:
"Məsələn, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 800 manatdır. Bu il həmin ailə üçün 1230 manat (5 nəfər X 246 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 430 manat (1230 manat- 800 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 430 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyarı gələn ildən 1350 manata yüksəlir (5 nəfər X 270 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 430 manat deyil, 550 manat (1350 manat- 800 manat) olur".
"Digər tərəfdən, 2024-cü ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğun olardı. Bu zaman ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur", - deyə millət vəkili əlavə edib.