Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib

Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib
Məlum olduğu kimi, zəngin infrastruktur və tarixi-dini abidələrə malik olan Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan əvvəl Füzuli rayonunda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud idi. Ümummilli lider Heydər Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz 5 yanvar 1994-cü ildə hücum əməliyyatına başlayaraq rayonun 22 yaşayış məntəqəsini işğaldan azad edib. Bu döyüşlərdə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb.
Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsində qədim yaşayış məskənimiz olan Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsinin işğaldan azad olunması II Qarabağ savaşının gedişatında strateji əhəmiyyət kəsb edib.
Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi.
Peşəkarlıq və mərdliyi ilə düşməni qorxuya salan Azərbaycan Ordusu Füzuli uğrunda döyüşlərdə mümkünsüzü mümkün edərək düşmənə elə bir dərs verib ki, düşmən son mərhələdə öz silahlarını yerə qoyub baş götürüb qaçmışdır. Hərbi mütəxəssislər Azərbaycan Ordusunun böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordu olduğunu açıq-aydın bildirirlər. Füzuli uğrunda gedən döyüşlər haqqında danışarkən Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində belə bir məqama da toxunub ki, vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq.
Füzuli istiqamətində yerləşən hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik...Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar da həmçinin.
Dövlət başçısı deyib ki, düşmən 30 il ərzində təmas xəttində çox möhkəm istehkam qurduğu üçün bəziləri Füzuli şəhərinin işğaldan azad edilməsini mümkünsüz sayırdı.
Azərbaycanın xüsusi iqtisadi potensiala malik olan rayonlarından olan Füzuli hələ işğaldan əvvəl bir sıra məhsulların, xüsusilə pambıq və üzümün istehsalına görə respublikada ilk yerlərdən birini tutub. Bu rayonda yalnız kənd təsərrüfatı üçün deyil, sənayenin də inkişafı üçün əlverişli imkanlar var.
Bu gün təkcə Füzulidə deyil, azad edilmiş digər ərazilərdə də yenidənqurma işləri aparılır. Yenidənqurma layihələrinin, düşmənin viran qoyduğu rayonların, şəhərlərin, kəndlərin abadlaşdırılmasının şahidi ola bildiyimiz üçün özümüzü şanslı vətəndaş saymalıyıq.
Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırması Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri gedir. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulub. Artıq Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Əminik ki, tezliklə Füzuli rayonu da ən qısa müddətdə bərpa ediləcək və öz sakinləri ilə firavan günlərinə qovuşacaq.
Artıq icra olunmuş layihələr hesab olunan Dövlətyarlı kəndində “Ağıllı kənd” layihəsi, Aşağı Köndələnçay su anbarında “Füzuli” yarımstansiyası və eləcə də cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı isə görən hər kəsi sevindirir. Tam əminliklə söuləmək olar ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və bundan sonra da görülməkdə davam edəcəkdir”.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi İlahə Abdullazadə

Oxşar xəbərlər