Bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidən qurulur

Bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidən qurulur
Bu gün ilk dəfə Azərbaycanda Füzuli Şəhəri Günü qeyd olunur. Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyim sərəncamına uyğun olaraq bundan sonra 17 oktyabrı Füzuli şəhəri günü kimi qeyd edəcəyik. Məhz 17 oktyabr 2020-ci il tarixində cənab Prezident xalqa müraciətində xalqımızı təbrik edərək Füzuli şəhərinin erməni işğalçlarından azad edilməsi müjdəsini vermişdir. Həmin vaxt çıxışında cənab Prezident bildirmişdir ki, bu gün tarixi bir gündür, on yeddi oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Budur, biz artıq 17 oktyabr tarixini Füzuli şəhəri günü kimi qeyd edirik.
Azərbaycanın ən böyük yaşayış məskənlərindən biri olan Füzuli şəhəri və rayonunun böyük hissəsi 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Ermənistanın işğalçı ordusu ilə mərdliklə vuruşan füzulilər 63 nəfər şəhid vermiş, 400 nəfər əlil olmuş, 181 nəfər əsir və itkin düşmüşdür. 1386 kvadrat kilometr ərazisi, 144 min əhalisi olan Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə, eləcə də Araz çayı boyunca İranla həmsərhəddir. Füzulinin əsası 1827-ci ildə qoyulmuş və Qarabulaq adlandırılmışdır. 1930-cu ildə rayon təşkil olunmuş və Qaryağin, 1959-cu ildə isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli adlandırılmışdır.
5 yanvar 1994-cü ildə Prezident və Ali Baş Komandan olmuş ulu öndər Heydər Əliyevin əmrinə əsasən Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdir. Füzuli rayonunun azad olunması həm də böyük məna daşıyırdı. O vaxtdan xalqımız bilirdi ki, gec ya tez işğal altında olan bütün torpaqlarımız Füzuli rayonun azad olunan əraziləri kimi düşməndən geri qaytarılacaq.
Bəli, o inam, sabaha olan ümid 44 günlük Vətən müharibəsində gerçək oldu. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabrında başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu döyüş illər keçsə belə heç zaman unudulmayacaq. Hərb tariximizə yazılan həmin şanlı döyüş gələcək nəsillər tərəfindən hər zaman öyrəniləcəkdir. Uğurlu əməliyyat nəticəsində düşmən məhv edildi, yüzlərlə hərbi texnika, silah-sursat qənimət kimi götürüldü. Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Füzuli zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 17-də Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırması isə hər birimizi qürurlandırdı. Bu müqəddəs amal uğrunda canlarını fəda edənlər şəhidlərimiz, qazilərimiz oldu. Məhz onların sayəsində bu gün Qarabağımız azaddır, yenidən qurulur.
Beləliklə, onların qanı yerdə qalmadı və 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızda üçrəngli bayrağımız dalğalandı. Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir.
Cəmi 9 ayda Füzuli Beynəlxalq Hava Limanı inşa edilərək istifadəyə verilmişdir. Bu mühüm obyektin açılışı mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tay­yib Ərdoğan iştirak etmişlər.
Son vaxtlar rayonun ərazisində çox sayda bağça, məktəb, xəstəxana tikilmiş, bir-birindən rahat yollar, yaraşıqlı parklar salınmış, yaşayış kompleksləri ucaldılmışdır. Bu istiqamətdə layihələrin icrası davam etdirilir. Füzuli rayonu sakinlərinin bir qismi artıq doğma yurd yerlərinə qayıtmışdır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev oktyabrın 16-da Füzuli rayonuna səfər etmiş, burada bir sıra yeni sosial və infrastruktur layihələrinin təməlini qoymuşdur. Bəli, dahi şairin adını daşı­yan rayonun, bütövlükdə Qarabağın yeni növrağı başlamışdır.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva


Oxşar xəbərlər