Qardaşlıqdan strateji müttəfiqliyə qədər...

Qardaşlıqdan strateji müttəfiqliyə qədər...
Məlum olduğu kimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Azərbaycana səfərə gəlib. Naxçıvanda Türkiyə Prezidentini qarşılayan və onunla görüşən Prezident İlham Əliyev ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri barədə bəyanat verib.
Azərbaycan Prezidenti bildirib ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. Ölkə başçısı deyib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi: “Naxçıvanda da şiddətli döyüşlər gedirdi və məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. 15 il Naxçıvan qazsız yaşamışdır. 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq”.
Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə keçiriləcək Türkiyə-Azərbaycan III Enerji Forumu barədə danışan ölkə başçısı bildirib ki, Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar mövcuddur. Burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.
Prezident İlham Əliyev bəyan edib ki, əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19 isə suverenliyimizi tam bərpa etdik.
“24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Artıq Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməsinə başlanmışdır. Yanacaq - neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardım edilir və bu, bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir. Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcək” – deyə İlham Əliyev bildirib.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verilməsini Azərbaycan rəhbəri “Türkiyənin növbəti qardaşlıq addımı” adlandırıb.
Prezident İlham Əliyev xatırladıb ki, İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” kimi bəyanatın verilməsi bir çoxları üçün ciddi mesaj idi.
Dövlət başçısı əlavə edib ki, Şuşa şəhərində imzalanmış müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq.
Sonra İlham Əliyev strateji əhəmiyyət kəsb edən layihələr barədə söz açıb: “TANAP layihəsi, İğdır-Naxçıvan qaz xətti və Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu tarixi hadisələrdir. Bu layihələr Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialı 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır”.
Ölkə başçısının çıxışından o da aydın olub ki, bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Bizim ticarət dövriyyəmiz keçən il 6 milyard dollardan çox olub. Ancaq bu ilin yeddi ayında 40 faiz daha artmışdır və daha da artacaq. Preferensial ticarət anlaşması da imzalanmışdır və o siyahıda olan məhsulların sayı da artır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad etdiyini bildirib.
“Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk” – Ərdoğan bildirib.
Sonra qardaş ölkənin Prezidenti Şuşa Bəyannaməsini “əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsi” adlandırıb və əlavə edib ki, azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər: “Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik”.

Kürdəxanı qəsəbəsi,113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova

Oxşar xəbərlər