Rəsmi İrəvanın növbəti təxribatı uğursuz oldu

Rəsmi İrəvanın növbəti təxribatı uğursuz oldu
Hazırda günümüzün əsas müzakirə mövzusu avqustun 16-da BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması, Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasının müzakirəsi və ölkəmizin növbəti diplomatik uğurudur. Avqustun 16-da keçirilən iclasda Ermənistan və Azərbaycan nümayəndələrindən başqa ABŞ, Rusiya, Türkiyə və digər ölkələrin səfirləri də çıxış ediblər.
Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib.
İclasda Ermənistan Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir.
Rəsmi İrəvanın növbəti təxribatı uğursuz oldu. Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalını sıfıra endirdi. Beləliklə, TŞ-dəki müzakirələr “Dağlıq Qarabağda”kı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin vacibliyini göstərdi, Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi.
Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Belə ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını almaq məqsədilə yaradılıb. Məntəqə həmçinin, ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması kimi fəaliyyətin qarşısını alır.
Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan hökuməti Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir və bunu bütün beynəlxalq tribunalardan dəfələrlə ən yüksək səviyyədə dilə gətirib. Ermənistanın son təxribatlarından sonra belə Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidinə, sözügedən humanitar təşkilat vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb.
BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlət, eləcə də qardaş Türkiyə Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolunu dəstəkləyir. İclas zamanı Azərbaycanı dəstəkləyən Albaniya, Braziliya və digərlər ölkələrin nümayəndələri beynəlxalq hüquqa söykənən ədalətli mövqe sərgiləmişdilər.

69 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi
Aynurə Yusifli


Oxşar xəbərlər