
Azərbaycan Ordusunun hər bir üzvü hərbçi olmaqdan ziyadə vicdanlı bir insandır. Azərbaycan əsgəri öz mənəviyyatı ilə fərqlənir. Bizim igidlərimiz torpaqlarımızı ədalətli bir şəkildə döyüş meydanında almışdır. Mülki əhaliyə qarşı müharibə aparmamışlar. Buna görə də həmişə alnı açıq, başı dikdir. Buna görə də biz müharibə yox, ədalət tələb edirik. İllərlə tarixi abidələrimiz məhv edilmişdir, müqəddəs ocaqlarımız təhqir edilmişdir. Dünya birliyi xalqımıza qarşı olan ədalətsizliklərə illərlə susmuşdur. Bu gün tək istəyimiz odur ki, bizim daxili siyasətimizə heç kim müdaxilə etməsin. Azərbaycanın başqa ölkələrin torpağında gözü yoxdur, ərazi bütövlüyümüzün tanınmağı kifayətdir.
Prezident çıxışında qeyd etmişdir ki, 2020-ci il 10 noyabr tarixində imzalanmış kapitulyasiya aktında Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyi öz üzərinə götürmüşdür. Lakin bu günə qədər həmin öhdəlik yerinə yetirilməmişdir. Həmçinin, aktın ən vacib şərtlərindən biri də Ermənistan ordusunun silahlı birləşmələrinin Qarabağ torpaqlarından tamamilə çıxarılması idi. Bu şərtə də əməl olunmur.
İstənilən halda azad edilmiş torpaqlarımızda quruculuq işləri aparılır. Keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar. İnsanlar o torpaqlarda hüzurla yaşayacaqlar. Çünki xalq güclü ordusuna arxayındır. Nə qədər ki iradəli bir lider, cəsur əsgərlərimiz var, bizim kürəyimiz yerə gəlməz.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva