Ərdoğanın şərti Putinin son şansıdır: Rusiya ya Ukraynadan çıxacaq, ya da dağılacaq

Ərdoğanın şərti Putinin son şansıdır: Rusiya ya Ukraynadan çıxacaq, ya da dağılacaq ABŞ və Qərb Rusiyaya xilas şansı tanımaq istəmir, Ukrayna savaşı Rusiyanın tam məğlubiyyəti və çöküşünə qədər davam etdirmək niyyətindədir, Kreml cəmisi iki taleyüklü seçim qarşısında qalmış kimi görünür... Yəni, Kreml ya rus qoşunlarını Ukraynadan çıxarıb, bu ölkəyə vurduğu fantastik məbləğli ziyanı ödəməli olacaq, ya da savaşı davam etdirib, Rusiyanın çökərək, dağılmasını sürətləndirəcək...

Ukrayna savaşı Rusiyanı artıq tamamilə taqətdən salıb. Kreml bu savaşın ağırlığına tab gətirməkdə çətinlik çəkir. Zaman keçdikcə isə Rusiya “savaş bataqlığı”nın daha dərin qatlarına doğru çökməkdə davam edir. Və belə vəziyyət Rusiya üçün müasir tarixin ən faciəvi dövrü kimi də dəyərləndirilə bilər.

Məsələ ondadır ki, Rusiya dünyadan təcrid olunmuş durumdadır. Hazırda Kremlin dünya siyasətində və iqtisadiyyatında iştirakı minimuma endirilib. Rusiyaya qarşı olduqca geniş beynəlxalq koalisiya mövcuddur və rəqiblər tədricən təzyiqləri artırmaqla, Kremli “ağ bayraq qaldırmağa” məcbur etməyə çalışırlar.

Rusiya ağır maliyyə-iqtisadi sanksiyalar ucbatından böyük sürətlə sosial-iqtisadi böhrana sürüklənir. Kreml indi hətta öz enerji resurslarını belə, dünya bazarlarına çıxartmaq şanslarını itirməyə başlayıb. Eyni zamanda, Rusiyaya digər sahələr üzrə də iqtisadi-ticari fəaliyyət imkanı tanınmır. Və Rusiyanın ehtiyac duyduğu bir çox malların bu ölkəyə satışı bloklanıb.

Digər tərəfdən, Rusiya Ukrayna ilə işğalçı müharibə aparsa da, əslində, dünyanın çox önəmli hərbi-siyasi güc mərkəzlərinə qarşı eyni vaxtda savaşmaq məcburiyyətində qalıb. Çünki Rusiyaya qarşı beynəlxalq koalisiyanın üzvləri savaşa rəsmən qatılmasalar da, onların hər halda müharibədə iştirak etdikləri inkaredilməz reallıqdır. Belə ki, ABŞ başda olmaqla, əksər NATO ölkələri Ukraynaya silah-sursat və hərbi texnika edirlər. Bu baxımdan, Rusiya əslində, Ukrayna ordusu ilə yanaşı, NATO hərbi texnologiyası ilə vuruşmağa da məcbur qalıb.

Göründüyü kimi, Kremlin Ukrayna savaşına başlayaraq, buraxdığı yolverilməz səhv Rusiyanı əsl fəlakətlə üzləşdirib. Qərb hərbi ekspertləri əmindirlər ki, Rusiyanın hərbi resursları artıq tükənmək üzrədir. Ukrayna savaşı bir neçə ay da davam etsə, Rusiya hərbi potensialından tamamilə məhrum ola bilər. Kreml ona dəstək verə biləcək Çin, İran, Şimali Koreya və s. kimi azsaylı ölkələrdən silah tədarükünü təmin edə bilməzsə, Rusiyanın hərbi məğlubiyyətinin etiraf edib, təslim olmaqdan başqa yolu qalmayacaq.

Kreml son vaxtlar Ukrayna savaşına tab gətirmək üçün son variantlara da əl atmağa başlayıb. Belə ki, Rusiya ordusuna əlavə canlı qüvvənin cəlb edilməsinə hazırlıq aparılır. Bəzi məlumatlara görə, yanvarın sonlarına qədər Rusiyada ümumi səfərbərlik elan edilə bilər. Və bu prosesdə ən azı bir milyon hərbçinin orduya çağırılması nəzərdə tutulub.

Ancaq Kremlə yaxın siyasi dairələr ümumi səfərbərliyin də Rusiyanı bu durumdan çıxara biləcəyinə ciddi şübhələr mövcuddur. Hər halda, bir müddət öncə reallaşdırılmış qismən səfərliyin Rusiyanın savaş meydanında vəziyyətini qətiyyən dəyişmədiyi inkaredilməz reallıqdır. Halbuki, bu prosesdə Kreml 300 min hərbçini ordu sıralarına qata bilmişdi. Bu baxımdan, silah-sursat və hərbi texnika təchizatı olmayan hərbi geyimli şəxslərin Rusiyanı məğlubiyyətdən xilas edə biləcəyi qətiyyən inandırıcı deyil.

Ona görə də, indiki situasiyada Ukrayna savaşının mövcud hərbi nailiyyətlərin qorunması şərti ilə dayandırılması Rusiya üçün ən sərfəli variant hesab olunur. Yəni, Kremlə savaşdan mümkün qədər tez bir zamanda çıxmaq və yaxud da heç olmasa, müharibənin müvəqqəti dondirulması çox vacibdir. Hər halda, Rusiya hərbi potensialının yenidən cəmləşdirməyə imkan tapmazsa, bu nəhəng ölkənin növbəti mərhələdə çöküşü qaçılmaz ola bilər.

Maraqlıdır ki, bəzi məlumatlara görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin ilə telefon danışığında təxminən bu mövqedən çıxış edib. Türkiyə lideri Kreml sahibinə bildirib ki, əgər, heç olmasa, müvəqqəti atəşkəs elan edərsə, rəsmi Ankara Ukrayna savaşının dayandırılması üçün hər iki tərəflə danışıqlar apara bilər. Yəni, Türkiyə prezidenti Rusiyanın birtərəfli atəşkəsə razılaşmasının qarşılığında Kreml üçün hava-su kimi vacib olan sülh vasitəçiliyi təklif edib.

Onu da qeyd edək ki, bu barədə ilk məlumatlar yayıldıqdan dərhal sonra Kremlə yaxın əksər siyasi dairələr Türkiyə prezidentini mövcud situasiyadan öz siyasi maraqları çərçivəsində yararlanmaqda qınayıblar. Halbuki, hazırda atəşkəs rejimi hamıdan daha çox Rusiyanın maraqlarına cavab verir. Və Kreml müxtəlif siyasi-diplomatik kanallarla Qərb ölkələri ilə uğursuz sülh danışıqları aparır.

Məsələ ondadır ki, hazırda ABŞ və Qərb Rusiyanın “savaş bataqlığı”ndan çıxmasını istəmir. Əksinə, bu “savaş bataqlığı”nın Rusiyanı tamamilə öz dibinə çəkməsi üçün əlindən gələn hər şeyi edir. Türkiyə prezidentinin sülh vasitəçiliyi isə Rusiya üçün bir şans ola bilər.

Nə qədər qəribə də olsa, Kreml prezident R.T.Ərdoğanın müvəqqəti atəşkəs elan etmək təklifini reallaşdırmaq qərarına gəlib. Belə ki, Rusiya prezidenti V.Putinin tapşırığı ilə savaş bölgəsində 1,5 sutkalıq birtərəfli atəşkəs qərarı qəbul olunub. Ancaq Kreml nədənsə, bu qərarı Türkiyə liderinin təklifi ilə deyil, Milad bayramıyla əlaqələndirməyə üstünlük verib.

İstənilən halda, Rusiyanın uzun müddətdən sonra hansı səbəblə olursa-olsun, atəşkəsə razılaşması müsbət tendensiyadır. Sadəcə, Kremlin bu addımına Ukrayna rəsmi dairələri və Qərb siyasi iradə mərkəzləri kəskin reaksiya ilə cavab verib. Belə ki, ABŞ və Qərb Rusiyanın atəşkəs niyyətinə ehtibar etmədiyini bildirib. Bunu Kremlin hərbi qüvvələri qruplaşdırmaq üçün vaxt qazanmaq istəyi ilə əlaqələndirib.

Rəsmi Kiyevsə, Donbas və Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyü təmin edilməyənə qədər hər hansı atəşkəs cəhdinə qarşı olduğunu bəyanlayıb. Zelenski hakimiyyəti hesab edir ki, atəşkəs və sülh sazişi barədə yalnız Rusiya qoşunları Ukrayna ərazisindən çıxarıldıqdan sonra düşünmək olar. Ona qədərsə, Ukrayna ordusu savaşmaqda davaş edəcək, hətta Rusiya ərazisinin dərinliklərində olan hərbi obyektlərə belə, zərbə endirəcək.

Göründüyü kimi, həm ABŞ və Qərbin, həm də Ukrayna siyasi dairələrinin mövqeyi qətidir. Çünki vaxtilə rəsmi Kiyev, xüsusilə də, prezident Volodimir Zelenski Kreml sahibi V.Putindən savaşı ən qısa zamanda dayandırmağı təklif edirdi. İndisə, Rusiyanın atəşkəs qərarı Ukrayna tərəfindən qəbul edilmir, geri çevrilir. Və bununla da məğlub olmaq təhlükəsi ilə üzləşən Rusiyaya zaman qazanmaq şansı tanınmır.

Belə anlaşılır ki, Ukraynanı qələbəyə yaxınlaşdıran Qərb siyasi dairələri Rusiyaya xilas olmaq imkanı vermək niyyətində deyillər. Əksinə, savaşı Rusiyanın tam məğlubiyyəti və çöküşünə qədər davam etdirməkdə israrlı davranırlar. Mövcud situasiyadasa, Rusiyanın qarşısında cəmisi iki taleyüklü seçim qalmış kimi görünür.

Yəni, Kreml ya Rusiya qoşunlarının Ukraynadan çıxarılması ilə məğlubiyyətini etiraf edəcək. Eyni zamanda, Ukraynaya vurduğu fantastik məbləğli ziyanı kompensasiya ilə ödəməklə razılaşmalı olacaq. Ya da savaşı davam etdirib, Rusiyanın çökərək, dağılmasını sürətləndirəcək. Kremlin seçim etmək üçünsə, o qədər də çox vaxtı yoxdur.(Yeni Müsavat)

Oxşar xəbərlər