Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir

Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir
. Noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Albaniyada rəsmi səfərdə olub. Tiranada Albaniya prezidenti və baş naziri ilə görüşən İlham Əliyev ölkələr arasındakı münasibətlər, qarşılıqlı əlaqələrin perspektivləri barədə fikirlər səsləndirib.
Prezident İ.Əliyev Albaniyalı həmkarı Bayram Beqayla görüşdən sonra mətbuata verdiyi bəyanatda qeyd edib ki, hazırda Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir: “Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayırlar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantısında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişdilər. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir. Bizim qaz ehtiyatlarımız çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Yəni bu layihə - Cənub Qaz Dəhlizi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan bu hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Yəni bu, onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük.
Cənab Prezident İlham Əliyevin bəyanatından aydın görünür ki, ölkəmiz Albaniya ilə münasibətlərə xüsusi önəm verir. Belə ki, 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 11 dəfə artaraq 4 milyon 951 min dollara çatıb. Bu ilin ilk 9 ayında isə ölkələr 1 milyon 456 min dollarlıq ticarət həyata keçiriblər. Bununla belə, ölkələr arasında ticarət potensialı daha yüksəkdir. Ölkəmizin Avropaya qaz ixracında əsas rol oynayan Albaniya ilə qarşıdakı illərdə digər sahələrdə də vacib əlaqələrin qurulması xarici siyasətimizin əsas prioritetlərindəndir. Bu baxımdan Prezident İlham Əliyevin son səfəri iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirməklə yanaşı, Azərbaycanın regional enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu daha da artıracaq.
Asiman Paşayev
Sabunçu ray., Sabunçu qəs., 68 №-li tam orta məktəbin Direktor müavini

Oxşar xəbərlər