Müharibədən sonrakı dövrün birinci ilinin nəticələri deməyə əsas verir ki, ölkəmizdə qarşıda duran bütün ən mühim vəzifələr icra edilmişdir və edilməyə də davam edir

Müharibədən sonrakı dövrün birinci ilinin nəticələri deməyə əsas verir ki, ölkəmizdə qarşıda duran bütün  ən mühim vəzifələr icra edilmişdir və edilməyə də davam edir Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il oldu. 30 ilin həsrətinə son qoyulan il! 30 ilə yaxın kağız üzərində qalmış BMT-nin qərarları hərb yolu ilə icra olundu. Sülhsevər Azərbaycan xalqının sülhə çağıran səsi boğulduğu üçün torpaqlarımızı hərb gücü ilə almağa məcbur olduq. Bütün dünyaya sübut etdik ki, biz buna qadir idik, Lakin, 30 ildir susmağımızın səbəbi qan tökülməyini istəməməyimiz idi.
Dünya yeni bir Azərbaycan tanıdı. Azad, bütöv, güclü Azərbaycan! Liderinin ətrafında sıx birləşmiş müstəqil və qalib Azərbaycan xalqının zəfər çalmış Azərbaycanı!
Torpaqlarımız işğaldan azad edildi. İndi solmuş, uzun bir istiladan azad olmuş yorğun Qarabağımızın əvəlki əzəmətini, şöhrətini qaytarmaq dövlətin, xalqın ən prioritet məsələsidir.Bizim əsas məqsədimiz indi azad edilmiş torpaqlarda bərpa işlərinə başlamaq, həm də beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirməkdir.
Müharibədən sonrakı dövrün birinci ilinin nəticələri deməyə əsas verir ki, ölkəmizdə qarşıda duran bütün ən mühim vəzifələr icra edilmişdir və edilməyə də davam edir. Beynəlxalq miqyasda da xeylli işlər görülüb. Dünyada BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama hərəkatına hal-hazırda Azərbaycan rəhbərlik edir və bütün üzv dövlətlərin razılığı ilə bu sədrlik bir il daha uzadıldı. Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır.mİmzalanmış yekun kommunikedə Dağlıq Qarabağ adı yoxdur.30 ildə birinci dəfə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbəti də olmuşdur.
Belə ki, hal-hazırda beynəlxalq təşkilatlarla təmaslıq və fəal əməkdaşlıq davam etdirilir, Dünyanın beynəlxalq qurumları Azərbaycanın yeni xəritəsini və Qarabağ haqqında yeni reallıqları qəbul edirlər.
BMT-nin xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Bu çox əlamətdar hadisə idi. Bu mədəniyyət mərkəzimiz olan Şuşada ilk beynəlxalq miqyaslı görüş idi.
Ölkə başçısının apardığı siyasəti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, qlobal siyasi fəaliyyəti, böyük dövlətlərlə diplomatik münasibətləri bir sıra real uğurlu nəticələrə gətirib çıxarır. Biz eyni zamanda qonşu ölkələrlə də sıx iqtisadi siyasi münasibətlər qurmuşuq.
Biz xalq olaraq haqqın, ədalətin, reallığın qəbul olunmasının tərəfdarıyıq və gələcəkdə bölgənin inkişafı ilə bağlı bütün lazımı işləri, bir vətəndaş kimi, ziyalı kimi üzərimizə düşən öhdəlikləri, vəzifələri əlbəttə ki, icra edəcəyik. Lakin, biz heç vaxt 30 illik bu istilanı da, erməni vəhşiliyini də, xalqımızın məruz qaldığı zülmü də unutmamalıyıq. Eyni zamanda onu da unutmamalıyıq ki, Azərbaycan güclü dövlətdir, Ermənistan dövləti isə bizimlə müqayisədə hər mənada çox zəif qalır. 1990-cı ilin əvvəlindən Ermənistan tərəfindən bizə qarşı aparılan etnik təmizləmə siyasəti, Xocalı soyqrımı və ümumiyyətlə bu təcavüzkar siyasət onların məhz bu zəifliyi, acizliyi örtmək, istilalar hesabına güclənmək cəhdlərinin nəticəsi idi.
Ölkəmizdə az bir zamanda aparılan minalardan təmizləmə, quruculuq və abadlıq işləri yüksək ruhun, qələbənin verdiyi motivasiyanın məhsuludur. Əlbəttə, bu işlərin icrası bizim öz daxili imkanlarımız,potensialımız və gücümüzün də göstəricisidir.
Ağdam və Fizuli şəhərlərinin baş Planları əsasında quruculuq işlərinə start verilmişdir. İşğaldan azad edilmiş bu torpaqlarda minalardan təmizləmə işləri həyata keçirilmişdir. Yaşayış evlərinin, iaşə obyektlərinin, məktəb və bağçaların tikintisinə, avtomobil, dəmir yollarının çəkilişinə, inşasına başlanılmışdır..
Artıq bu ərazilərdə dörd Su Elektrik Stansiyası inşa edilmişdir. Bunlardan İkisi Suqovuşanda, biri Laçında, biri isə Kəlbəcərdə inşa edilib. Unutmayaq ki, mənfur düşmən torpaqlarımızı işğal edərkən 30 dan çox stansiyanı dağıdıb yandırmışdır.
Prezidentimiz İlham Əliyev Zəngəzur üzərindən həm dəniz yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparmışdır.
Bəli biz onsuzda öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Bütün bu quruculuq işləri daha geniş vüsət alacaq. Qarabağ da, Zəngəzur da bu səylər nəticəsində nümunəvi bir bölgəyə çevriləcək. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Bu dünya miqyasında bizim güclü, yenilməz, əzmkar bir dövlət olduğumuzun bariz nümunəsi olacaq.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Təranə Nəcəfova

Oxşar xəbərlər