
Müharibədən və Cəbrayılın azad olunmasından sonra mühüm hadisələri təhlil edərkən, Cəbrayılın azad edilməsinin müharibənin taleyindəki əhəmiyyəti daha aydın sezilməyə başlayır. Zəngilanın, Qubadlı və Laçın rayonunun işğalçılardan azad olunması məhz Cəbrayılın azad olunmasından sonra mümkün olmuşdur. Azərbaycan ordusunun böyük şücayəti nəticəsində böyük istehkamlar dağıdıldı, beləliklə ordumuz Laçın dəhlizini tam nəzarətə götürə bildi. İlham Əliyev Cəbrayıl əməliyyatının əhəmiyyətinə toxunaraq bildirir : - “Eyni zamanda, Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta yolumuz açıldı. Oktyabrın 9-da Hadrut qəsəbəsi azad edildi və Şuşaya yolumuz açıldı. Həm də Cəbrayıl əməliyyatının çox böyük əhəmiyyəti var idi və deyə bilərəm ki, həlledici əhəmiyyəti var idi. Çünki biz düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik”.
Böyük Qayıdış Cəbrayıldan başladı. Cəbrayılın azad olunması beş il bundan əvvəl başlamışdır. 2017-ci ildə Azərbaycan ordusu geniş miqyaslı hərbi əməliyyatlara başladı. Mühüm əhəmiyyətli bir sıra məntəqə və Ağdərə istiqamətində önəmli strateji yüksəkliklər məhz həmin dövrdə azad olundu. Strateji yüksəkliklərin azad olunması ilə Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Erməni mətbuatı hər vəchlə Azərbaycanın uğurlarını kiçiltməyə, daxili auditoriyanı müxtəlif yalan məlumatlarla aldatmağa çalışdı. Lakin, Azərbaycan əsgərinin sənət əsəri göz önündə idi. Ordumuz tərəfindən şülküt edilmiş, miskin erməni əsgərinin simasından dünyada ləyaqətsiz nə ola bilər axı?! Aprel döyüşləri əslində miskin erməni ordusuna xəbərdarlıq idi, lakin onlar bu xəbərdarlıqdan nəticə çıxarmadılar. Xarici havadarlarının havası ilə oynayan Ermənistan Dəmir yumruğun əzəmətini öz başında hiss etdi.
“Yenilməz Ermənistan ordusu”-nun qalıqları Hərbi Qənimətlər Muzeyində açıq havada sərgilənir. Azərbaycan ordusu neofaşist erməni ideologiyasını və “məğlubedilməz erməni əsgəri” mifini dəfn etdi. Cənab Ali Baş Komandan İlham Əliyev Cəbrayıl ziyalıları ilə görüşündə Ermənistanın Böyük Ermənistan, dənizdən-dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməyə, qonşuları Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa dəvət etdi.
Hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzda sabitliyin təminatçısıdır. Azərbaycan son dövrlər Türkiyə-Ermənistan arasındakı siyasi ab-havanın normallaşması ilə bağlı verilən ifadələri dəstəkləyir. Regionda sülhün bərqərar olması region dövlətlərinin inkişafı baxımından əhəmiyyətlidir. Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan formatı regionun tarixində yeni səhifələr açacaq. Lakin, əsas məsələni unutmaq olmaz, “bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir”.
Azərbaycanın 44 günlük müharibədəki qələbəsi çoxlarının əsl simasını göstərdi, dostumuz kim, düşmənimiz kim məlum oldu. İstər müharibə dönəmində, istər müharibədən sonra Ermənistana qahmar çıxan çox oldu. Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq göstərən bu qüvvələr regionun gələcək inkişafını düşünmür, Azərbaycana qarşı iftira xarakterli çıxışlardan çəkinmirlər. Bu gün Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edirlər. Azərbaycan hər hansı bir dövlətin sərhədlərini pozmayıb, 1920-ci ilə aid, Çar dövrünə aid xəritələrə əsasən öz ərazi bütövlüyünü təmin edir. Ermənistan bunu etiraf etdiyi bir vaxtda, ona qahmar çıxanlar Azərbaycanın Gorus-Qafan yolunu nəzarətə götürməsini sərhədləri pozmaq kimi qələmə verirlər. Bu gülünc fikirlərin qarşısında Azərbaycan öz maraqlarından imtina etmək fikrində deyil.
“Cəbrayıllılar Cəbrayılda yaşayacaqlar”- cənab İlham Əliyev görülən tədbirlərlə bağlı media nümayəndələrini və ictimaiyyəti məlumatlandırdı. Cəbrayıl rayonunun elektrik təchizatı ilə bağlı artıq demək olar ki, bütün işlər görülüb. Cəbrayıl yarımstansiyası fəaliyyətə başladı. Cəbrayıla 4-6 zolaqlı geniş yol çəkilməkdədir. Təhlükəsizliklə bağlı mühüm addımlar atılıb, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı oldu. Bu gün iqtisadi fəallıq üçün önəmli addımlar atıldı. 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası”nın təməli qoyuldu. Rusiya və Türkiyə şirkətləri bölgəyə investisiya qoymağa başladılar.
Doğma yurddan gözəl nə ola bilər?! Bu sevinci bizlərə bəxş edən başda Ali Baş Komandan olmaqla rəşadətli, müzəffər Azərbaycan ordusuna borcluyuq. Qayıdışımız mübarək!
Bakıxanov qəsəbəsi, 80 saylı tam orta məktəbin
müəllimi Aytən Sərdarlı