Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü istisna edilmir

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü istisna edilmir Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilib-keçirilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
XİN rəsmisi Azərbaycan tərəfinin hər zaman dialoqa açıq olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir: "Münaqişə sonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Biz post-münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik. Bir müddət öncə Nyu Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik".

"Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, hazırkı mərhələdə üç dövlətin liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir. Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasıyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması, bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər", - L.Abdullayeva vurğulayıb.

Oxşar xəbərlər