
Nəhayət Ali Baş Komandanımızın əmri ilə 27 sentyabr tarixində igid, mərd oğullarımız birləşərək Vətənin müdafiəsinə qalxdılar. “Dəmir Yumruq” adlandırılan 44 günlük Vətən müharibəsində igidlərimiz 30 illik Vətən həsrətimizə son qoydu. 44 gün boyunca hər birimizin dilindən “Qarabağ Azərbaycandır!” cümləsi düşmədi və çox şükür bu gün artıq sevincimizi bildirmək üçün bu şüardan istifadə edirik. Artıq qaçqın, məcburi köçkün kimi vətəndaşlarımız yoxdur. Artıq məğlub deyil, qalib xalqıq.
Tezliklə işğaldan azad olunmuş ərazilərimiz tamamilə bərpa olunacaq. İşğaldan azad olunmuş ərazilərdə ümumtəhsil məktəbləri tikiləcək və ən qısa zamanda fəaliyyətə başlayacaqdır. Qalib dövlətin, qalib xalqın övladları qaçqın kimi deyil, azad vətəndaş kimi öz məktəblərinə fəxrlə gedəcəklər. Bizə bu sevinci yaşadan Ali Baş Komandanımız, sevimli prezidentimiz İlham Əliyevə, torpaqlarımızı işğal altından azad edən zaman qəhrəmancasına şəhid olan igidlərimizə, qazilərimizə və bütün Azərbaycan ordusuna öz minnətdarlığımızı bildiririk.
Qarabağ bizim olub, bizimdir və bizim olacaq da!
Qarabağ Azərbaycandır!
Bakıxanov qəsəbəsi, 213 nömrəli məktəb-liseyin direktoru Səbinə Əliyeva